HƏYAT YOLUNDA ƏN GÜCLÜ ƏYLƏC

HƏYAT YOLUNDA ƏN GÜCLÜ ƏYLƏC

Şübhəsiz, nəqliyyat vasitələrində əyləc sistemi mühüm rol oynayır və onsuz nəqliyyat vasitələrinin idarəsi olduqca təhlükəlidir. Əgər insan özünə doğru-düzgün baxıb öz həyat yolu haqda düşünsə, həyatının sürücülüyə bənzərliyini müşahidə edəcəkdir. Odur ki, qoruyucu mexanizmlərdən istifadə etməyən insanın həyatı təhlükəli yollarda əyləcsiz maşının idarəsi kimidir.

HƏYAT YOLUNDA QORUYUCU MEXANİZMLƏR

1. Düzgün və sağlam təfəkkür: Dini mətnlər insanı təfəkkür və düşüncəyə çağırır. Düşüncə insanlığın açarıdır və düşünməyən insan əsla öz şəxsiyyətini tanıya bilməz. İnsani şəxsiyyətdən xəbərsiz insan isə kamala çatmaqda, yaranış məqsədini anlamaqda acizdir. İslamda düşüncəyə necə üstün qiymət verildiyini anlamaq üçün bir rəvayətə nəzər salaq: “Bir saat təfəkkür etmək bir ilin ibadətindən üstündür.” Əlbəttə ki, söhbət hər hansı şeytani və batil bir məsələ ətrafında yox, tövhid, məad, yaradılış sirləri, ilahi nemətlər, insani şəxsiyyət, gündəlik görüləcək işlərin sonu haqqında düşünməkdən gedir. İnsan təfəkkür və düşüncə mərhələsində bu nəticəyə gəlir ki, dünyanın yaranışı əbəs deyil. İnsanın yaranışında son məqsəd Allaha bəndəçilik, Onun razılığını qazanmaq və təkamül yolunu seçməkdir.

İmam Sadiq (ə) buyurur ki, bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ey Allahın Peyğəmbəri! Sizdən bir tövsiyə istəyirəm, mənə bir tövsiyə edin!” Həzrət ondan üç dəfə “Əgər tövsiyə etsəm, əməl edəcəksənmi?” – deyə soruşduqda, hər dəfə cavab verdi ki, bəli, ey Allahın Peyğəmbəri! Həzrət buyurdu:

فَإِنِّي أُوصِيكَ إِذَا أَنْتَ هَمَمْتَ بِأَمْرٍ فَتَدَبَّرْ عَاقِبَتَهُ فَإِنْ يَكُ رُشْداً فَامْضِهِ وَ إِنْ يَكُ غَيّاً فَانْتَهِ عَنْهُ

“Sənə tövsiyə edirəm ki, bir iş görmək istədikdə, onun sonu haqda düşünəsən. Əgər həmin iş sənin hidayət və tərəqqinə səbəb olacaqsa, yerinə yetir, əgər səni azğınlığa atacaqsa, ondan uzaqlaş.”[1]

Cəhənnəmlə bağlı ayələr üzərində düşünən insan həyat yolunda heç vaxt zəlalət və bədbəxtlik uçurumuna yuvarlanmaz. Allah-Taala Qurani-Kərimdə cəhənnəm əhlinin əzabını təkrar-təkrar bəyan etməklə insanı təfəkkür və düşüncəyə dəvət edir, peyğəmbərlərin vəzifələrinə diqqətsizlik edənlərin cəhənnəmə sürüklənəcəklərini vurğulayır və buyurur:

وَ سيقَ الَّذينَ كَفَرُوا إِلى‏ جَهَنَّمَ زُمَراً حَتَّى إِذا جاؤُها فُتِحَتْ أَبْوابُها وَ قالَ لَهُمْ خَزَنَتُها أَ لَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَتْلُونَ عَلَيْكُمْ آياتِ رَبِّكُمْ وَ يُنْذِرُونَكُمْ لِقاءَ يَوْمِكُمْ هذا قالُوا بَلى‏ وَ لكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذابِ عَلَى الْكافِرينَ

“Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” – deyə cavab verəcəklər.”

“Əraf” surəsinin 179-cu ayəsində də buyurur:

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ الْجِنِّ وَالإِنسِ لَهُمْ قُلُوبٌ لاَّ يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لاَّ يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لاَّ يَسْمَعُونَ بِهَا أُوْلَـئِكَ كَالأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُوْلَـئِكَ هُمُ الْغَافِلُونَ

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın nişanələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”

2. Ölümü və qiyaməti yad etmək: Həyatda ötəri maddi ləzzətlər və nəfsani istəklər insana bu həqiqəti unutdurur. İnsan qəflətə dalmaqla gözü tutulur, həqiqətdən yayınır, öz dəyərsiz meyil və istəklərinə çatmaq üçün günahlara qurşanır. Görəsən, ölüm mələyinin pusquda əyləşdiyini müşahidə edən insan nalayiq rəftarlara əl atarmı? İmam Əli (ə) “Nəhcül-bəlağə”də ölümü xatırlayanları tərifləyir və buyurur:

طُوبى لِمَنْ ذَكَرَ الْمَعادَ وَ عَمِلَ لِلْحِسابِ وَ قَنِعَ بِالْكِفافِ وَ رَضِىَ عَنِ اللّهِ

“Xoş olsun o kəsin halına ki, ölümü yada salır, hesab günü üçün çalışır, əlindəkinə qanedir və Allahdan razıdır.”[2]

Demək, mahir sürücü üçün yuxusuzluq təhlükəli olduğu kimi, həyat yolunda da qəflət yuxusu ölümü və qiyaməti unutduran ən təhlükəli amildir. İmam Sadiq (ə) diqqətsizlik və qəflət yuxusundan qurtulmaq üçün ölümü yad etməyi tövsiyə edir və buyurur:

ذِكـْرُ الْمـَوْتِ يـُمـيـتُ الشَّهـَواتِ فِى النَّفْسِ وَ يَقْلَعُ مَنابِتَ الْغَفْلَةِ وَ يُقَوِّى الْقَلْبَ بِمَواعِدِ اللّهِ

“Ölümü yada salmaq nəfsi istəkləri öldürür, qəflətin kökünü kəsir və qəlbdə Allahın vədlərini möhkəmləndirir...”[3]

3. Allahı yad etmək: Çoxları kiçik bir uşağın gözü önündə belə, qeyri-əxlaqi və iffətə zidd bir əməl yerinə yetirməkdən çəkinir. Çünki özünü onun yanında qiymətdən salmaq istəmir. Amma çox vaxt bu qanuna əks çıxaraq Xaliqin hüzurunda ən təhlükəli və çirkin günahlara əl atır. Bir halda ki, Allah-Taala hər zaman hazır və nazirdir, bəndələrinin əməllərinə şahiddir:

أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرى

“Məgər (insan) bilmir ki, Allah (onun bütün əməllərini) görür?!”[4]

Dini mətnlərimizdə Allahın zikrinə, Onu yad etməyə hədsiz təkid edilməsi bu məsələnin insanı əxlaqi rəzilətlərdən çəkindirməsində oynadığı roluna görədir. Çünki insan həmişə Allahı yad etmiş olsa, özünü hər zaman Allah dərgahında hazır görsə Allahın razı olmadığı işlərə toxunmaz və nəfsini tüğyan etməyə qoymaz. Şeytan və “nəfsi-əmmarə” tərəfindən baş verən bütün xətaların əsas səbəbi insanın Allahı yad etməkdə qəflətə dalması və Onun verəcəyi əzabı yaddan çıxarmasıdır.

Bir sözlə, həyat yolunda təqva əyləcinə sahib olmaq ən zəruri məsələdir, onsuz həyatın mənası günah vadisində çapalamaqdan başqa bir şey deyildir.

Doğrusu, heç sürücü yol polisinin kənarından keçərkən, qayda pozuntusunu qeydə alan radarla üzləşərkən yol hərəkət qaydalarını pozurmu? Sözsüz, belə hallarda qanun pozuntusuna yol verənlərin sayı olduqca azdır. Bu zaman belə sual irəli sürülür: “Bəs nə üçün biz insanlar hər zaman hazır və nazir olan uca Allahın dərgahında diqqətsiz oluruq?”

Rza Şükürlü (Maide.az)



[1] “Əl-kafi”, İslamiyyə çapı, 8-ci cild, səh.149.

[2] “Nəhcül-bəlağə”, Sübhi Saleh, səh.476.

[3] “Biharul-ənvar”, 6-cı cild, səh.133.

[4] “Ələq” surəsi, ayə 14.

 

Google+ WhatsApp ok.ru