HƏZRƏT ADƏMİN (Ə) XƏTASI VƏ NƏSLİNİN BEHİŞTDƏN MƏHRUM EDİLMƏSİ

HƏZRƏT ADƏMİN (Ə) XƏTASI VƏ NƏSLİNİN BEHİŞTDƏN MƏHRUM EDİLMƏSİ

SUAL: Nə üçün həzrət Adəmin (ə) xətası ilə nəsli də behiştdən məhrum edildi?

İzah: Mütəal Allah həzrət Adəmə (ə) buyurdu: “Ey Adəm, sən və zövcən (Həvva) behiştdə məskunlaşın və hər ikiniz onun ləzzətli meyvələrindən istədiyiniz qədər, bol-bol yeyin. (Amma) bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız.”[1]

“(Lakin) Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm, sənə (behiştdə) həmişə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?”[2] “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız üçün qadağan etmişdir.”[3]

Şeytanın sözləri Adəmi (ə) fikrə apardı. Şeytan fürsətdən istifadə edib, möhkəm andlarla ona xeyirxah olduğunu bildirdi. Bu zaman “Adəmlə (ə) Həvva həmin ağacın meyvəsindən yedilər... Beləliklə, Adəm Rəbbinə itaətsizlik göstərdi və yoldan çıxdı!”[4] Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı. Allah-Taala buyurdu: “Hər ikiniz bu mühitdən enin.”[5]

Adəmin (ə) aldanmasına səbəb Şeytanı yetərincə tanımaması idi.[6] İmam Sadiq (ə) buyurmuşdur: “Cəbrail, Adəmdən (Şeytana) aldanmasının səbəbini soruşduqda, Adəm dedi: “Şeytan mənə xeyirxah olduğunu bildirdi və bunun üçün də Allaha an içdi. Mən də elə güman etdim ki, məxluqat heç vaxt Allaha yalandan and içməz.”[7]

Burada belə bir sual yaranır: “Görəsən, həzrət Adəmin (ə) gördüyü iş günah sayılırmı?”

CAVAB:

1. Allahın əmr və qadağaları “vəzifə” və “tövsiyə” (yolgöstərmə) adlı iki xarakter daşıyır. “Vəzifə”yə səbəb olan əmr və qadağalara itaət vacibdir və Allah-Taala onlara savab və cəza verir. “Tövsiyə” (yolgöstərmə) xarakterli göstərişlərə isə itaət vacib deyil; başqa sözlə, belə göstərişlərin verilməsində insanın gələcəkdə çətinliklərə, ağrı-acılara düşməyəcəyi nəzərdə tutulur.

Qeyd etdiyimiz ayədə göstərilən üsyankarlıq mənasını daşıyan “isyan” sözü lüğətdə itaət sözünün antonimidir. Ərəblər anasından ayrılan və artıq onun ardınca düşməyən heyvan balasına “asi” deyirlər. Məsələn, “Bəndə Rəbbinə üsyan etdi!” – ibarəsində “üsyan” sözü itaətsizlik, Allahın əmrindən çıxmaq mənasındadır.[8] İslamda “üsyan” “vəzifə”yə səbəb olan göstərişlərlə müxalifət mənasını daşıdığı təqdirdə, günah sayılır. Tövsiyə və yolgöstərmə xarakterli göstərişlərlə müxalifət isə günah deyildir.[9]

“Zənb” (günah) sözü isə əslində heyvanın quyruğunu tutmaq mənasını verir və axır-aqibəti acınacaqlı olan hər bir işə aid edilir. Günah axirət aləmində əzabla sonuclandığı üçün “zənb” adlanır. Demək, çətinliklə, ağrı-acı ilə qurtaran hər bir işə “zənb” sözünü aid etmək olar.[10] Qurani-Kərimdə bu haqda buyurulur:

فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى

“Biz belə dedik: Ey Adəm, bu (İblis) sənin də, zövcənin də düşmənidir. (Ehtiyatlı olun ki,) sizi cənnətdən çıxarmasın, yoxsa əzab-əziyyətə düşəcəksən![11]

Demək, Allahın qadağası tövsiyə və yolgöstərmə xarakterli əməlin təkvini aqibətini bildirdiyindən, həzrət Adəmin (ə) gördüyü iş günah sayılmır. Qurani-Kərimdə buna işarə olunur. “Taha” surəsinin 117-ci ayəsi də buyurulduğu kimi, Adəmə (ə) deyilmişdi ki, həmin ağacın meyvəsindən yediyi təqdirdə, behiştdən çıxıb yer üzünə enəcək.

2. “Əsa Adəmu Rəbbəhu fə-ğəva” (Adəm Rəbbinə itaətsizlik göstərdi və yoldan çıxdı!)[12] ibarəsi ilə bağlı müxtəlif ehtimallar var:

a) Adəm günaha yol vermədi, sadəcə “tərki-övla” etdi. Başqa sözlə, yaxşı bir işdən uzaq düşdü. Ayədə qeyd olunan “ğəva” sözü isə “yolunu azdı” yox, “inkişaf etmədi” mənasını bildirir.

b) Ağaca yaxınlaşmamaq əmri tərbiyəvi xarakter daşıyırdı.[13]

c) “Üsyan” dedikdə həm vacib, həm də müstəhəb işin tərk olunması nəzərdə tutulur.[14]

Amma bu ehtimalların heç biri qəbul olunası deyil. Əvvəla, bu və başqa oxşar ayələrdə Adəmin üsyanı aşkar şəkildə bəyan olunur. İkincisi, uyğun qadağanın tərbiyəvi xarakter daşıması ilə bağlı dəlil yoxdur. Üçüncüsü, həmin vaxt kimsə üçün vacib vəzifə olmaması fikri düzgün deyil. Məsələyə uyğun baxışla yanaşsaq, Şeytanı da günahkar saymamalıyıq. Dördüncüsü, məgər tərbiyəvi xarakterli qadağanı pozarkən tövbəyə ehtiyac qalırmı?! Beşincisi, üsyan sözü Quranda yalnız günah mənasında işlədilmişdir.

Yaxşı olar ki, bu məsələ ilə bağlı məsum imama müraciət edək. Xəlifə Məmun imam Rzadan (ə) soruşdu: “Əgər peyğəmbərlər məsumdurlarsa, nə üçün ayədə “Adəm Rəbbinə itaətsizlik etdi və yoldan çıxdı” deyilir?” İmam buyurdu: “O vaxta qədər heç kim Allaha yalandan and içməmişdi. Buna görə də, Adəm və Həvva Şeytanın andına inanıb həmin ağacın meyvəsindən yedilər. Həmçinin Adəmin itaətsizliyi onun peyğəmbərliyə seçilməsindən əvvələ təsadüf edir. Onun gördüyü iş peyğəmbərlik məqamına uyğun deyildi. Bu da kiçik xətalardan hesab olunur ki, peyğəmbərlərə vəhy nazil olmazdan qabaq güzəştə gedilir və peyğəmbərlik məqamına çatandan sonra ilahi peyğəmbərlərə belə işlər caiz deyildir.”[15]

NƏTİCƏ

Beləliklə, həzrət Adəm (ə) günah etməmiş və ayədə qeyd olunan “üsyan” günah mənasında deyildir. Əksinə, onun xətası tövsiyə xarakterli qadağa ilə müxalifətdən ibarətdir. Bu isə heç zaman günahla bərabər deyildir. Ayətullah Cəfər Sübhani bu haqda yazır: “Məsləhətçinin sözünə qulaq asmayan insanın həyatında çətinliklərlə üzləşməsinə “xəta” aid edilmir.”[16] Demək, həzrət Adəm (ə) tövsiyə ünvanlı xətaya düşmüş və nəticədə, həm özü, həm də nəsli dünya həyatının çətinliklərinə düçar ollmuşdur.



[1]. “Bəqərə” surəsi, ayə 35.

[2]. “Taha” surəsi, ayə 120.

[3]. “Əraf” surəsi, ayə 20.

[4]. “Taha” surəsi, ayə 121.

[5]. “Taha” surəsi, ayə 123.

[6]. “Təfsiri-nümunə”, 13-cü cild, səh.323.

[7]. “Nurus-səqəleyn”, Əl-Hüveyzi, “İsmailyan” nəşriyyatı, 2-ci cild, səh.13-14.

[8]. “Lisanul-ərəb”, Beyrut, “Daru ehyait-türas” nəşriyyati, 9-cu cild, səh.251.

[9]. “Mənşuri-cavid”, Ayətullah Cəfər Sübhani, 5-ci cild, səh.82.

[10]. “Əl-müfrədat”, Beyrut, “Darüş-Şamiyyə” nəşriyyatı, 1-ci çap, səh.331.

[11]. “Taha” surəsi, ayə 117.

[12]. “Taha” surəsi, ayə 121.

[13]. “Əl-mizan”, həmin ayənin təfsiri.

[14]. “Təfsiri-nümunə”, həmin ayənin təfsiri.

[15]. “Peyğəmbərlərin sərgüzəştləri”, Yusif Əzizi, Tehran, 1-ci çap, “Hadi” nəşriyyatı, 1380-cı h.ş. ili, səh.38; “Biharul-ənvar”, 11-ci cild, səh.164; “Üyunu əxbarir-Rza (ə)”, 1-ci cild, səh.195.

[16]. “Mənşuri-cavid”, Ayətullah Cəfər Sübhani, Qum, “İslam” nəşriyyatı, 5-ci cild, səh.75.

 

Google+ WhatsApp ok.ru