HƏZRƏT MUHƏMMƏD PEYĞƏMBƏRİN (S) GƏLİŞİ HAQQINDA HƏZRƏT İSA-MƏSİHİN (Ə) MÜJDƏSİ

HƏZRƏT MUHƏMMƏD PEYĞƏMBƏRİN (S) GƏLİŞİ HAQQINDA HƏZRƏT İSA-MƏSİHİN (Ə) MÜJDƏSİ

-- Uyğun məlumat bugünkü “İncil”də mövcuddurmu?

SUAL: Qurani-Kərimdə oxuyuruq ki, həzrət İsa-Məsih özündən sonra Əhməd adlı bir peyğəmbərin gələcəyini xəbər vermişdir. Uyğun məlumat bugünkü “İncil”də mövcuddurmu?

CAVAB: Qurani-Kərimin “Səff” surəsinin 6-cı ayəsində həzrət İsadan sonra gələcək peyğəmbər haqqında oxuyuruq:

...وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ فَلَمَّا جَاءهُم بِالْبَيِّنَاتِ قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ

“(Həzrət İsa buyurur:) Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm. Onlara aşkar möcüzə gəldikdə deyəcəklər ki, bu açıq-aydın bir sehrdir.”

İslam alimləri bildirirlər ki, həzrət Məsihdən danışan bu ayə Yuhanna İncilinin 14,15,16-cı fəsillərində bəyan olunmuşdur. Yuhanna İncilində İsadan sonra gələcək peyğəmbərin adı “Farqlit” kimi ifadə olunmuşdur. Çoxsaylı dəlillərə əsasən, İncilin bu ifadələrində Peyğəmbər (s) nəzərdə tutulur. Məsələni bir qədər də aydınlaşdırmaq üçün İncildəki buyruqları olduğu kimi diqqətinizə çatdırırıq: “Əgər məni sevsəniz və əhkamımı qorusanız, atamdan sizə digər bir Farqlit göndərməsini istəyəcəyəm. O, əbədilik sizinlə qalacaq. O, bəşəriyyətin qəbul edə bilmədiyi haqq və doğru bir ruhdur. Çünki onu görmür və tanımırlar. Amma o, sizi tanıyır. Çünki sizinlə qalır və sizinlə qalacaq.” (Londonda çap olunmuş nüsxədə.)

“Mən sizinlə olduğum vaxt bu sözləri sizə demişəm. Amma atamın mənim adımla göndərəcəyi Farqlit sizə hər şeyi öyrədəcək və mənim sizə öyrətdiyimi xatırladacaq.” (14/25-26))

“Bu iş olmamış sizə xəbər verdim ki, olanadək iman gətirəsiniz.” (14/29)

“Atam tərəfindən sizə göndərəcəyim Farqlit, atam tərəfindən gələcək doğru ruh mənim haqqımda şəhadət verəcək.”(14/26)

“Mən düz deyirəm ki, mənim getməyim sizin üçün faydalıdır. Əgər mən getməsəm, Farqlit gəlməyəcək. Amma getsəm, onu göndərəcəyəm. O gələndən sonrа bəşəriyyəti günaha, sədaqətə, insafa vadar edəcək. Mənə inanmadıqları üçün günaha, atamın yanına getdiyim üçün sədaqətə və siz məni bir daha görməyəcəksiniz. Aləmin rəisi üçün hökm verilmişdir. Sizə deyiləsi çox söz var. Amma indi deyə bilmirəm. O gəldikdən sonra sizi doğru yola yönəldəcək. O özündən heç bir söz deməyəcək. Yalnız eşitdiklərini deyəcək. O, sizi gələcəkdən xəbərdar edəcək, məni möhtərəm tutacaq. Çünki o, məndə olanları tapacaq və sizə xəbər verəcək. Atamın olanları mənimdir, ona görə də deyirəm ki, məndə olanları alacaq və sizə xəbər verəcək.” (16/7-5)

İncildəki “Farqlit” kəlməsinin Peyğəmbərə (s) aid olması haqqında yetərli dəlillərimiz var. Həmin söz heç də məsihilərin dediyi kimi Ruhul-Qüdsə aid deyil. Məsələni araşdıraq:

1. Əvvəlcə, diqqət yetirməliyik ki, İslamdan qabaq İncil alimləri və təfsirçiləri arasında vəd edilmiş son peyğəmbər olduğu yekdilliklə qəbul olunurdu. Hətta bu fikirdən sui-istifadə edən bəzi adamlar özünü Farqlit elan edirdi. Məsələn, bir abid 187-ci ildə (kiçik Asiyada) özünü peyğəmbər elan edib dedi: “Mən həmin Farqlitəm ki, İsa onun haqqında xəbər vermişdir.” O özünə bir qrup ardıcıl da toplaya bilmişdi. (Ənisul-əlam”, 2-ci cild, səh.179.)

2. İslami mənbələrdə bildirilir ki, xristian dünyasının siyasi və dini rəhbərləri Həzrət Peyğəmbəri (s) məbus edildiyi günlərdə İncilin vəd etdiyi peyğəmbərin intizarında idilər. Həzrət Peyğəmbərin səfiri Həbəşə hakiminə Peyğəmbərin məktubunu təqdim etdikdə o, məktubu oxuyub səfirə dedi: “Mən şəhadət verirəm ki, o, kitab əhlinin gözlədiyi peyğəmbərdir. Həzrət İsanın peyğəmbərliyini xəbər verdiyi kimi, o da son peyğəmbərin gəlişini müjdə vermiş, onun nişanələrini bildirmişdir.”(Təbəqatul-kubra”,  1-ci cild, səh.259; “Sireyi-Hələbi”, 3-cü cild, səh.279.)

Həzrət Muhəmməd Peyğəmbərin (s) gətirdiyi məktub Rum qeysərinə çatdığı vaxt o, bu məktubu oxuyub Peyğəmbər haqqında araşdırmalara başladı. Qeysər cavab məktubunda yazdı: “Sizin məktubunuzu oxudum, dəvətinizdən agah oldum və bilirdim ki, peyğəmbər gələcək. Amma güman edirdim ki, həmin peyğəmbər Şamdan çıxacaq...” (“Tarixi-kamil”, 2-ci cild, səh.44.)

Bu tarixi sənədlərdən bəlli olur ki, məsihilər vəd olunmuş peyğəmbərin yolunu gözləyirdilər və bu intizar İncilə əsaslanırdı.

3. Həzrət İsa-Məsihin (ə) Farqlit üçün sadaladığı imtiyazlar, onun zühur şəraiti və bu gəlişin nəticələri haqqında bildirdikləri açıq-aşkar göstərir ki, Farqlit vəd edilmiş peyğəmbərdir və göstərilən əlamətlər onun Ruhul-qüds olması ehtimalını aradan qaldırır.

Məsələni araşdıraq:

a) Həzrət İsa-Məsih (ə) sözə belə başladı: “Əgər siz məni sevərsinizsə, əhkamımı qoruyarsınızsa, mən atamdan digər bir Farqlitin göndərilməsini istəyəcəm.”

1. Həzrət İsa-Məsihin onlara öz məhəbbətini xatırlatması, ümmətinin vəd olunmuş şəxsə tabe olmayacağını ehtimal etməsi, onları həmin kəsə tabe olmağa vadar etməsi göstərir ki, vəd olunmuş şəxs İncil təfsirçilərinin bildirdiyi kimi Ruhul-qüds yox, son peyğəmbərdir. Əgər Farqlit “Ruhul-qüds”ə işarə olsaydı, onun qəbulu üçün şərait yaratmağa dəyməzdi.

Çünki Ruhul-qüds qəlb və ruhlar üzərində elə böyük təsirə malikdir ki, onun şübhə ilə qarşılanması ehtimalı yoxdur. Yalnız vəd olunmuş peyğəmbərin gəlişinə şərait yaratmaq lazım gələ bilər. Çünki peyğəmbərin yeganə təsir vasitəsi onun bəyanı və təbliğidir. Təbliğ isə kiminə təsir edə bilər, kiminə isə yox. Həzrət İsa əvvəlki xatırlamaları ilə kifayətlənməyib buyurur: “İndi həmin iş olmamış sizə deyirəm ki, olanda iman gətirəsiniz.” Ruhul-qüdsə iman gətirmək üçün isə tövsiyyə və məcburiyyətə ehtiyac yoxdur.

2. Həzrət İsa-Məsih buyurur: “Sizə digər bir Farqlit veriləcək.” Əgər həzrət İsa Ruhul-qüdsü nəzərdə tutmuş olsaydı, “başqa bir” kəlməsini işlətməzdi. Çünki Ruhul-qüds yeganədir və onun haqqında “başqa bir” sözünü işlətməyə ehtiyac yoxdur.

b) Həzrət İsa buyurur: “Sizə dediklərimi sizə xatırladacaq.” (14/26) “Atam tərəfindən gələn doğru ruh mənim haqqımda şəhadət verəcək.” (15/26)

Bildirirlər ki, həzrət İsa dara çəkiləndən 50 gün sonra Ruhul-qüds həvarilərə nazil oldu. Sual olunur ki, həvarilər 50 gün ərzində həzrət İsanın buyurduqlarını unutmuşdularmı ki, Ruhul-qüds onları öyrətməyə gəldi? Məgər həzrət Məsihin şagirdlərinin Ruhul-qüdsün şəhadətinə ehtiyacı vardımı?! Amma Farqlit kəlməsini vəd olunmuş peyğəmbərə aid etsək, bütün deyilənlər tərəddüdsüz qəbul oluna bilər. Çünki Məsih ümməti ondan sonrakı uzun müddət ərzində İncilin bir çox göstərişlərini unutmuş, hətta İncildə öz nəfsi istəklərinə uyğun dəyişikliklər aparanlar da olmuşdu. Həzrət Muhəmməd (s) unudulmuşları xatırlatdı və İsanın peyğəmbərliyinə şəhadət verərək dedi: “O da mənim kimi peyğəmbər olub.” Həzrət Muhəmməd (s) həzrət İsa-Məsihin anası haqqında deyilən yersiz sözlərə qarşı çıxdı və həzrət İsa-Məsihin Allahın oğlu olması iddiasını rədd etdi.

v) Həzrət İsa-Məsi dedi: “Əgər mən getməsəm, Farqlit yanınıza gəlməz.” (15/7)

O, Farqlitin gəlişi üçün öz gedişini şərt bilir. Əgər Farqlit, Ruhul-qüds olsaydı, onun gəlişi üçün İsa-Məsihin gedişi zəruri olmazdı. Məsihilərin əqidəsinə görə, Ruhul-qüds həzrət İsa-Məsihin təbliğ üçün ətrafa göndərdiyi həvarilərə nazil olurdu. Ona görə d, Ruhul-qüdsün nazil olması üçün həzrət İsa-Məsihin gedişinə ehtiyac yoxdur. Amma Farqlit kəlməsi vəd olunmuş peyğəmbər kimi qəbul edilərsə, bu halda həzrət İsanın gedişi onun gəlişi üçün şərt sayıla bilər.

d) Üç şey Farqlitin nazil olması әlаmәti kimi təqdim olunur: Dünyanı günaha, sədaqətə və insafa vadar edər; Günaha, çünki mənə iman gətirməzlər (16/8); bilirik ki, məsihilərin əqidəsinə görə, Ruhul-qüds İsa dara çəkiləndən sonra həvarilərə nazil oldu. O, heç kimi günaha, sədaqətə və insafa vadar etmədi. Ayədən məlum olur ki, vəd olunmuş şəxs həvarilərə yox, günahkarlara zahir oldu. Qeyd etdik ki, günaha vadar dedikdə, insanların inkar edəcəyi bir haqqın ortaya qoyulması nəzərdə tutulur. Əgər Ruhul-qüds həvarilərə nazil olmuşdursa, həvarilər nəyi inkar edib günaha batdılar? Amma nəzərdə tutsaq ki, göndərilən Həzrət Muhəmməd (s) Peyğəmbərdir, onda deyilənlər yerini tapar. Yəni Həzrət Muhəmməd Peyğəmbər gəldi, haqqı bəyan etdi və bəziləri bu haqqı qəbul etməyib günaha düşdülər.

q) İsa buyurur: “Farqlit mənim haqqımda şəhadət verəcək.” (15/26) “Sizə gələcəkdən xəbər verəcək və mənə ehtiram göstərəcək.” (16/13)

Həzrət İsa-Məsihə şəhadət verilməsi bir daha göstərir ki, vəd olunan şəxs Ruhul-qüds deyil. Çünki həvarilər belə bir şəhadətə ehtiyac duymurdular. Həzrət İsa-Məsihə ehtiramla yanaşılması, onun tərif edilməsi isə sırf Muhəmməd Peyğəmbərin buyruqlarına uyğun gələn həqiqətdir.

Yuxarıdakı dəlillərə diqqətlə yanaşsaq, İslam alimlərinin qeyd etdiyi həqiqətləri dərk edə bilərik. Əlbəttə ki, yuxarıda sadalanan dəlillərdən əlavə də dəlillər vardır.

Sonda Fransa böyük ensiklopediyasından (23-cü cild, səh.4147) mövzumuzla əlaqəli bir hissəni oxucuların nəzərinə çatdırırıq: “Muhəmməd (s) İslam dininin təsisçisi, Allahın peyğəmbəri və peyğəmbərlərin sonuncusudur; Muəhəmməd (s) sözü “çox həmd olunmuş” deməkdir. Bu sözün kökü “həmd” məsdəridir. “Həmd” isə tərif etmək deməkdir. Maraqlıdır ki, eyni kökdən düzəlmiş başqa bir söz Əhməddir. Böyük ehtimala görə, Әrəbistan xristianları “Farqlit” sözünü Əhməd kimi tələffüz edirdilər. Əhməd də çox bəyənilmiş, tərifə layiq deməkdir... Beləcə, müsəlman yazıçıları təkrar-təkrar xatırladırdılar ki, “Farqlit” sözü Muhəmməd Peyğəmbərin (s) zühuruna işarədir. Quranın “Səff” surəsində də bu məsələyə aşkar şəkildə toxunulmuşdur. (“Muhəmməd – xatəmi-peyambəran”, 1-ci cild, səh.504; Bu mövzunun tənzimində Fəxrul-İslamın tərtib etdiyi “Ənisul-Əlam” adlı dəyərli kitabından istifadə olunmuşdur. “Pasox be poseşhaye məzhəbi – Dini suallara cavablar”, müəlliflər: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.161-167.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru