HƏZRƏT MƏRYƏMİN (S.Ə) DÜNYASINI DƏYİŞDİKDƏN SONRA ARZUSU

HƏZRƏT MƏRYƏMİN (S.Ə) DÜNYASINI DƏYİŞDİKDƏN SONRA ARZUSU

Bəziləri havanın isti keçməsini, başqa sözlə, mübarək Ramazan ayının isti Yay fəslinə təsadüf etdiyini bəhanə edərək oruc tutmaqdan boyun qaçırırlar. Bəzən, təsəvvür olunur ki, belə insanlar üçün dünya istiliyi cəhənnəm istiliyindən şiddətli və dözüləsidir. Yoxsa, yandırıcı cəhənnəm odu haqda azacıq olsa da belə düşünərdilər və ilahi əmrin icrasında süstlük və səhlənkarlıq etməzdilər!

Allah-Taala Qurani-Kərimdə dəfələrlə cəhənnəmin dözülməz hərarəti və odu haqda söz açmış və insanlara xəbərdarlıq etmişdir ki, oturub təfəkkür etsinlər. “Vaqiə” surəsinin 41-45-ci ayələrində buyurmuşdur:

وَ أَصْحابُ الشِّمالِ ما أَصْحابُ الشِّمالِ فی‏ سَمُومٍ وَ حَمیمٍ وَ ظِلٍّ مِنْ یَحْمُومٍ لا بارِدٍ وَ لا كَریمٍ إِنَّهُمْ كانُوا قَبْلَ ذلِكَ مُتْرَفینَ

Sol tərəf sahibləri! (Günahkar olduqları üçün əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində; qapqara duman kölgəsində olacaqlar! (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir…”

Yandırcı və vahiməli cəhənnəm odu insan əqlinin fövqündədir və insan üçün təsəvvür olunası bir məsələ deyil! O qorxulu məkanı təsvir edən rəvayətləri mütaliə etdikdə, insan qəlbinə qorxu və iztirab çökür. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:

أَدنى اَهلِ النّارِ عَذابا یَنتَعِلُ بِنَعلَینِ مِن نارٍ یَغلى دِماغُهُ مِن حَرارَةِ نَعلَیهِ؛

“Cəhənnəm əhlinin ən kiçik əzabı ayağına geyindiyi odla dolu iki ayaqqabıdır ki, onların hərarətindən beyinləri qaynayacaq.” (“Kənzül-ümmal”, 14-cü cild, Səh.527, hədis 39507.)

Ağıllı insan bu sayaq ayə və rəvayətləri oxuduqda, çarə yolu haqda düşünməyə başlayır, süstlük və tənbəlliyə son deyir, dünyanın dəyərsiz və ötəri məstliyinə uymur, ən çətin şəraitdə belə ilahi əmrlərdən boyun qaçırmır! İslami rəvayətlərə əsasən, oruc yandırıcı cəhənnəm odunun qalxanıdır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

الصَّوْمُ جُنَّةٌ مِنَ النَّار؛

“Oruc cəhənnəm odunun qalxanıdır.” (“Əl-məhasin”, 1-ci cild, Səh.222.)

İmam Sadiqdən (ə) isti günlərdə tutulan orucun savab və fəziləti ilə bağlı nəql olunan bir rəvayətdə belə buyurulur:

مَنْ صَامَ یَوْماً فِی الْحَرِّ فَأَصَابَهُ ظَمَأٌ وَكَّلَ اللَّهُ عَزَّ وَ جَلَّ بِهِ أَلْفَ مَلَكٍ یَمْسَحُونَ وَجْهَهُ وَ یُبَشِّرُونَهُ حَتَّى إِذَا أَفْطَرَ قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ مَا أَطْیَبَ رِیحَكَ وَ رَوْحَكَ مَلَائِكَتِی اشْهَدُوا أَنِّی قَدْ غَفَرْتُ لَه‏؛

“Allah-Taala isti havada bir gün oruc tutaraq susayan şəxsin hüzuruna min mələk göndərər və onu müjdələyər. O, iftar etdikdə Allah-Taala buyurar: “Sənin qoxun necə də gözəldir?! Ey mələklərim, sizi şahid tuturam ki, həqiqətən, Mən onu bağışladım!” (“Səvabul-əmal və iqabul-əmal”, səh.52.)

O həzrət başqa bir hədisdə buyurur:

أَفْضَلُ الْجِهَادِ الصَّوْمُ فِی الْحَرِّ؛

“İsti havada oruc tutmaq ən fəzilətli cihaddır.” (“Biharul-ənvar”, 93-cü cild, Səh.256, hədis 38.)

Nəql olunur ki, həzrət Məryəm (ə.s) dünyasını dəyişdikdən sonra dünyaya qayıdıb qızmar isti havada bir gün belə oruc tutmasını arzulmaşdır. Hədis belədir:

أَنَّ عِیسَى علیه السلام نَادَى أُمَّهُ مَرْیَمَ بَعْدَ وَفَاتِهَا فَقَالَ یَا أُمَّاهُ كَلِّمِینِی هَلْ تُرِیدِینَ أَنْ تَرْجِعِی إِلَى الدُّنْیَا قَالَتْ نَعَمْ لِأُصَلِّیَ لِلَّهِ فِی لَیْلَةٍ شَدِیدَةِ الْبَرْدِ وَ أَصُومَ یَوْماً شَدِیدَ الْحَرِّ...‏؛

“Həzrət İsa-Məsih (ə) anası həzrət Məryəm (s.ə) vəfat etdikdən sonra, onu çağıraraq: “Ana can, mənimlə söhbət et! Dünyaya qayıtmaq istəyirsənmi?” – deyə soruşduqda, belə cavab verdi: “Bəli! Kaş ki, dünyaya qayıdıb şaxtalı gecədə Allahın dərgahında namaz qılardım və şiddətli isti havada bir gün oruc tutardım...” (“Biharul-ənvar”, 93-cü cild, Səh.257, hədis 14.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru