Həbsdə olan generalların əmlakı necə satılacaq?

Həbsdə olan generalların əmlakı necə satılacaq?

Hüquqşünas: “Əmlakları kim alacaqsa, bu gün məhkəmədə baş verən əməllərin arxasında da həmin şəxslər dayanır”
 
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. İş üzrə aparılan ibtidai istintaq, hazırda isə məhkəmə prosesi RYTN-dəki yeyintilər, qanunsuzluqlarla bağlı yaranan suallara cavab vermək əvəzinə yeni suallar doğurub.
 
Bundan başqa iş üzrə dövlətə vurulmuş ziyanın ödənilməsinə çalışan təqsirləndirilənlərə də şərait yaradılmır. Məsələn, nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov proses başlayan gündən dövlətə vurulmuş ziyanın ödənilməsi üçün çabalar göstərir. Deyir ki, ona ittiham üzrə dövlətə 7 milyon manat ziyan vurduğu yazılıb. Həmin ziyanın 1 milyon 300 min manatını ibtidai istintaq dövründə ödəyib. Sonradan əmlakları üzərinə həbs qoyulub deyə, dövlətə vurudğu ziyanın yerdə qalan hissəsini ödəyə bilmir. O və vəkilləri məhkəmədən əmlakları üzərinə qoyulan həbsin götürülməsini və əmlakını sataraq dövlətə vurduğu ziyanının ödəməyə hazır olduğunu dəfələrlə deyiblər. Məhkəmə isə bu vəsatəti baxılmamış saxlamaqda davam edib. Maraqldır ki, məhkəmə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun əmlakları üzərinə qoyulan həbs qərarını götürməklə dövlətə vurduğu ziyanı ödəməsinə şərait yaradıb.
 
Buna görə də dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı çıxışından V.Zeynalovun 14 il azadlıqdan məhrum edilməsini, əmlaklarının müsadirə edilməsini, Məhəmməd Məmmədovun isə 4 il şərti cəza ilə azad olunmasını məhkəmədən istəyib. Qeyd edək ki, “MTN işi”üzrə məhkəmədə də generalların satışa çıxarılacaq xeyli əmlakları var.
 
Bəs, qanun nə deyir?
Müstəqil hüquqşünas Rasim Həsənli deyir ki, bir müddət əvvəl ölkə başçısı, Ali Məhkəmə tərəfindən belə işlər üzrə məhkəmə praktikasının təkmilləşdirilməsi çərçivəsində vurulmuş ziyanın ödətdirilməsinin əsas meyar kimi götürülməsi tövsiyə olunub: “Rabitə işi”ndə absurd məqamlar çoxdur. Paket maaş verənləri kənarda saxlayıb, paket maaş alanları həbs ediblər. İttiham da veriblər ki, vəzifə səlahiyyətlərini aşıblar. Paket alan vəzifə səlahiyyətlərini aşıbsa, paket verən bəs nə edib?
 
Qanunları dəstəkləyib?
Ümumilikdə isə ittihamda yazılır ki, 2009-cu ildən başlayaraq bu şəxslər paket maaş alıblar - yəni cinayət yolu ilə qazanc əldə ediblər. Həmin üzərinə həbs qoyulan əmlakları da həmin paket maaş şəkilində aldıqları pullarla alındığı göstərilir. Amma məhkəmə prosesini izləyənlər gördülər ki, tutulanların əksəriyyətinin 2009-cu ildən əvvəl əldə etdikləri əmlaklara da həbs qoyublar.
 
Konkret olaraq Vidadi Zeynalova gəldikdə isə onu qanunsuz olaraq 7 milyon manat əldə etməkdə təqsirli bilirlər. Belədirsə, bəs niyə adamın 10-15 milyon manatlıq əmlakının üzərinə həbs qoyulub?
 
Qanuna və ölkə başçısının son tövsiyələrinə əsasən hər hansı bir iş üzrə dövlətə və ya ayrı-ayrı şəxslərə ziyan vurulubsa, həmin ziyan ödənilirsə, şəxsi şərti cəzaya məhkum edib buraxmalıdırlar. Yəni dövlətin məqsədi vurulmuş ziyanı ödətdirməkdir. Uzağa getməyək. Elə “Rabitə işi”ndə Məhəmməd Məmmədovu qanuna riayət etməklə əmlakı üzərinə qoyulan həbs götürülüb, ona əmlakını satıb dövlətə vurduğu ziyanı ödəmək üçün qanuna uyğun şəkildə şərait yaradılıb. Deməli, məhkəmə hakimlərinin prezidentin tövsiyəsindən, qanunun tələbindən xəbərləri var. “Rabitə işi”ndə biz nə görürük? Təqsirləndirilən şəxs ittiham üzrə dövlətə dəymiş ziyanı ödəmək üçün dəridən qabıqdan çıxır. Amma ona deyirlər ki, biz sənə dövlətin pulunu ödəməyə imkan verməyəcəyik!"
 
Hüquqşünas deyir ki, qanunun bu şəkildə tətbiqi gələcəkdə şəxsi maraqların təmininə yönələn addım kimi qiymətləndirilə bilər: “Təqsirləndirilən şəxsin dövlətə vurulan ziyanının ödəməsinin qarşısını niyə alırlar sualı ortaya çıxır. Məsələ belədir ki, Vidadi Zeynalovun 7 milyonluq ziyanı üstələyən dəyərdə əmlakları var. Onun özünün, bacısının, qardaşının, hətta atasının 1947-ci ildə aldığı əmlakların üzərinə həbs qoyublar. Bir soruşan yoxdur ki, 1947-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vardımı?
 
Yox idisə, Vidadi Zeynalovun atası istintaqa cəlb edilməyibsə, onun əmlakı üzərinə niyə həbs qoyulub? Komik durumdur, amma bu Azərbaycan məhkəməsinin, hüquq-mühafizə sisteminin durumudur.
 
Ona həmin əmlakları satmağa imkan verməməklə faktiki olaraq azad edilməsinin qarşısı alınır. Bundan başqa əmlakları da müsadirə olunur. Hökm qüvvəyə minəndən sonra həmin əmlaklar hərraca çıxarılmalı, satılmalı və satışdan əldə olunan pulla dövlətə vurulan ziyan qarşılanmalıdır. Vidadi Zeynalovun əmlakları hərraca çıxarılanda həmin əmlakları kim alacaqsa, bu gün məhkəmədə baş verən və heç bir qanuna sığmayan əməllərin arxasında da həmin şəxslər dayanır. Ortada dövlət Vidadi Zeynalov adında məhkum qazanacaq, 14 il həmin məhkumun saxlanılmasına, yeyib-içməsinə vəsait ayrılacaq. Qazanan yenə də məmurlar, itirən isə dövlət olacaq".
 
Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub. (musavat) /

Google+ WhatsApp ok.ru