Həbsdən yeni çıxmış sayt rəhbərindən xəbər yoxdur

Həbsdən yeni çıxmış sayt rəhbərindən xəbər yoxdur

“Azel.tv” saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqovun dünən, iyulun 6-da yaşadığı Cəlilbad rayonunda saxlandığı bildirilir.
 
Bu barədə məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova da təsdiqləyib.
 
S.Sadıqovanın sözlərinə görə, polis əməkdşaları onu Bakıya aparıblar.
 
Ailə hesab edir ki. Ə.Sadıqov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib.
 
Amma bu dəyilənlərə, hələlik, nə Daxili İşlər Nazirliyindən, nə də sözü gedən idarədən münasibət almaq mümkün olub.
 
S.Sadıqova isə deyib ki, həyat yoldaşının saxlanmasına səbəb onun sosial şəbəkələrdəki fəaliyyətidir.
 
Əfqan Sadıqov bu il mayın 23-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdı.
 
Xatırlatma
 
Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayırdı.
 
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.
 
2017-ci ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Ə.Əzizovun qaldırdığı bildirilirdi. O, rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilirdi. Redaktor bu ittihamı da qəbul etmirdi. Ancaq sonradan bu iddianın geri çəkildiyi açıqlandı.
 
Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alırdı.
 
Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru