Hələ də davam edən etimadsızlıq

Hələ də davam edən etimadsızlıq

-- Hazırda əhali bank sektoruna inamını itirmiş durumdadır

"Exo" qəzetində isə "Azərbaycanlıların əmanətlərini banklara necə qaytaraq?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif əhalinin əmanətlərini banklara etibar etməməsini, bunun səbəb və nəticələrini ekspert Natiq Cəfərli ilə müzakirəyə çıxarıb.
 
Müəllif deyir ki, son illər ölkənin bank sistemindəki "təlatüm"lərin nəticəsi olaraq əhali pul vəsaitlərini "balış altında" saxlamağa üstünlük verir və ekspertlər bunun bütünlükdə iqtisadiyyatın, o cümlədən bank sektorunun fəaliyyətinə mənfi təsir etdiyini bildirirlər.
 
Yazı müəllifi deyir ki, bu hal əhalinin hələ də bank sektoruna inamının bərpa edilməməsinin əsas göstəricisidir.
 
"Hazırda əhali bank sektoruna inamını itirmiş durumdadır, vəziyyəti dəyişmək üçün banklar heç olmasa uzun müddətli depozitlərə görə faizləri yüksəltməlidir. Bütün ölkələrdə banklar depozitləri əhali üçün cəlbedici şəklə salırlar. Bu, banklar üçün də, elə əhali üçün də əlverişlidir. Devalvasiyaya qədər Azərbaycanda depozitlər üzrə faizlər dünyada yüksək səviyyələrdən birində idi.
 
Sonra böhran, bankların problemi yarandı və o zaman çoxları, o cümlədən xaricilər də depozitlərini banklardan çəkdilər". Ekspert ölkənin bank sistemində depozitlərlə bağlı mövcud durumu qəzetə belə şərh edir.
 
N.Cəfərli deyir ki, hazırda ölkə banklarında depozitlərə görə aşağı faiz saxlanması risklərdən sığortalanmaq və məzənnənin dəyişə bilməsi ehtimalı ilə bağlıdır: "Banklar necə qazanır? Depozitləri qəbul edir, kreditlər verirlər, son iki ildə isə kreditləşmənin səviyyəsi güclü şəkildə zəifləyib. Beynəlxalq qurumların hesablamalarına görə, hazırda ölkə vətəndaşlarının əlində 6 mliyard dollar pul var ki, banklara qoymaqdan imtina edirlər".
 
Ekspert aşağı faiz üzündən hazırda Azərbaycanda valyuta əmanətlərinin populyar olmadığını, bankların bu əmanətlərə cəmi 3%, bəzi hallarda 2% verməsinin cəlbedicilik yaratmadığını, ən yaxşı halda əhalinin belə əmanətləri banklara bir il müddətinə qoyduqlarını deyir.
 
N.Cəfərli vurulayır ki, depozitlərin çox hissəsi hazırda xarici valyutadadır, amma əhalinin az əmanət qoyması həm də banklara etimadın bərpa olunmaması ilə bağlıdır və bu etimadsızlığa səbəb kimi son 2 ildə ölkədə 12 bankın bağlanmasını, bu zaman əhalinin pullarını geri ala bilmək üçün uzun müddət gözləmələrini göstərir.
 
N.Cəfərli deyir ki, banklar əhalinin etimadını qazanmaq istəyirlərsə, ilk növbədə uzunmüddətli depozitlər üzrə faiz dərəcələrini artırmalıdırlar.
 

Google+ WhatsApp ok.ru