Hər 3 nəfərdən biri köçmək istəyir

Hər 3 nəfərdən biri köçmək istəyir

Dünyada yetkinlik yaşında olanların 0,4 faizi, yaxud 23 milyon nəfəri köçməyə hazırlaşır. Mühacirət planlaşdıranlar üçün ən populyar sayılan ölkələrsə Birləşmiş Ştatlar, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa, Kanada, Almaniya və Cənubi Afrika Respublikasıdır.
 
YARISI CƏMİ 20 ÖLKƏDƏ YAŞAYIR
İyulun 11-də BMT-nin Miqrasiya Agentliyi (IOM) “Qlobal Miqrasiya Potensialının Ölçülməsi, 2010-2015” adlı hesabat açıqlayıb. Hesabatda dünya əhalisinin 2010-2015-ci illər ərzində miqrasiya niyyətləri təhlil olunub. Məlumatları IOM-un Qlobal Miqrasiya Məlumatları Mərkəzi (GMDAC) toplayıb.
 
Rəyi soruşulan hər 3 nəfərdən biri inkişaf edən ölkəyə köçməyi planlaşdırır.
 
Hesabatda deyilir ki, miqrasiya etməyi planlaşdıranların yarısı 20 ölkədə yaşayır. Onların içində Nigeriya, Hindistan və Konqo Demokratik Respublikası var. Qərbi Afrika, Cənubi Asiya və Şimali Afrika ən böyük miqrasiya potensialı olan regionlardır.
 
Bu tədqiqat Gallup World Poll təşkilatının apardığı beynəlxalq sorğuya əsaslanır.
 
“Bu qlobal sorğu insanların miqrasiya niyyətlərinin çox vacib təhlili, miqrasiya etmək istəyənlərin profilidir”, – IOM-un baş direktoru William Lacy Swing deyib.
 
MİQRASİYANI DAHA ÇOX KİMLƏR PLANLAŞDIRIR?
Qeyd olunur ki, xaricə miqrasiya planlaşdıranların sayı qlobal səviyyədə artıb, ancaq bəzi regionlarda bu artım lap sürətlə gedib. Miqrasiya planlaşdıran, yaxud buna hazırlaşanlar daha çox kişilər, gənclər, subaylar, şəhər yerində yaşayanlar və azı orta təhsil alanlardır.
 
Ancaq hesabatda o da vurğulanır ki, potensial miqrasiyanın ölçülməsi faktiki miqrasiyayla bir deyil. Miqrasiya planı heç vaxt gerçəkləşməyə də bilər, siyasi məhdudiyyətlər, resursun olmaması, yaxud fikrin dəyişilməsi ucbatından.
 
“The Gallup World Poll” 160-dan çox ölkədə sorğular keçirir. Bu sorğular kimin miqrasiya planlaşdırması, hansı ölkədə potensial miqrantların daha çox olması, adamların hansı ölkəyə daha çox köçmək istəməsi kimi məsələləri üzə çıxarır.
 
IOM baş direktoru Swing deyib ki, yeni araşdırma bir müddətdir üzə çıxan bir trendi göstərir, yəni “varlı və yoxsul bir sıra ölkələr miqrantları özünə cəlb etməkdədir”. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru