Hər bir Azərbaycan vətəndaşının 725 dollar borcu var

Hər bir Azərbaycan vətəndaşının 725 dollar borcu var

Azərbaycanın cari dövlət borcu ilin əvvəlindən 2,8% artaraq 2017-ci il iyulun 1-nə 7,1 mlrd. ABŞ dolları, adambaşına düşən xarici dövlət borcu da 2,8% artaraq 1 232,1 manat (təxminən 725 dollar) təşkil edib.
 
“Report” bu barədə borclu təşkilatların Hesablama Palatasına təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir.
 
İyulun 1-nə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 mlrd. dollar məbləğində kredit sazişləri imzalanıb ki, bu da ilin əvvli ilə müqayisədə 285,4 mln. dollar və ya 2,6% çoxdur.
 
Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən, həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin ilk 6 ayı ərzində 193,5 mln. dollar və ya 2,8% artaraq 7,1 mlrd. dollara çatıb. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 18,2%-nə bərabər olub.
 
Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibində 7,6% SDR-in (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüququ), 75,4% ABŞ dollarının, 13% avronun, 2,5% Yaponiya yeni, 1,5% isə digər valyutaların payına düşüb.
 
Məlumatda qeyd olunub ki, ölkəyə cəlb edilmiş kreditlərin 32%-ni sabit dərəcə ilə olan kreditlər, 68%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.
 
Xarici dövlət borcunun 57,9%-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 38%-i 10-20 il müddətində, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
 
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manata düşüb. Təqdim olunmuş məlumatlara əsasən, daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınıb. /

Google+ WhatsApp ok.ru