Həzrət Məsumənin (ə.s) təvəllüdü günü

Bu gün - 28 avqust - 1 zilqədə Həzrət Məsumənin (s.ə) təvəllüdü günüdür

Həzrət Məsumə (s.ə)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası yeddinci imam, İmam Musa ibn Cəfər (ə) anası isə Nəcmə xatun olmuşdur. Xanımın (s.ə) qardaşı,  Məşhəd şəhərində dəfn olunmuş səkkizinci imam Əli ibn Musər-Rzadır (ə). Həzrət Məsumə (s.ə) İmam Rzanın (ə) , Həzrət Həkimənin (s.ə) ( Bibi Heybət ləqəbi ilə məşhurdur. Qəbri Bakı şəhərinin girəcəyində yerləşir), Həzrət Rəhimənin (s.ə) (qəbri Bakının Nardaran qəsəbəsində yerləşir) bacısıdır.
Məsumə xanımın təvəllüdü, İmam Rza (ə) və Peyğəmbər (s) ailəsinə sevinc bəxş etdi və uzun bir intizarın sonu oldu. Çünki  Nəcmə xatunun, İmam Rzadan (ə) başqa övladı yox idi. O, İmam Rzadan (ə) sonra uzun illər övlad sahibi olmurdu. (Çünki İmam Rza (ə) hicrətin 148-ci ilində dünyaya gəlmişdi. Amma Məsumə xanım (s) 173-cü ildə dünyaya gəlmişdir. Onların arasında 25-il fasilə olmuşdur.)
Altıncı imam, Həzrət Sadiqin (ə) Məsumə xanımın dünayaya gəlişini müjdə verdi-yinə görə  xanımın təvəllüdü Nəcmə xatun (s.ə)  və İmam Rza (ə) üçün  çox böyük və mühüm bir gün idi. Çünki bu qız qəlbləri cəlalıyan, gözləri işıqlandıran və Əhli-beyt (ə) ailəsinə xüsusi bir məhəbbət bəxş edən bir insan idi.

Həzrət Məsumənin (s.ə) fəzilətləri
 
Həzrəti Məsumənin (s.ə) fəzilətləri çoxdur. Lakin biz onların bəzisinə işarə edirik. Biz xanımın Quma gəlmə tarixini oxuyanda görürük ki, on yeddi günlük qaldığı yerdə dərhal özü üçün bir ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır. Bu xanımın ibadətə nə qədər aşiq olduğunu və Allah-Təala ilə söhbətə və rabitəyə nə qədər əhəmiyyət verdiyini göstərir. Bundan əlavə xanım ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər o həzrətin vasitəsi ilə gəlib çatmışdır.
 
Qazi Nurullah Şüştəri yazır: "İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir. Əmir əl-mömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır." Sonra imam buyurdu:
تقبض فيها امرأة من ولدي و اسمها فاطمة بنت موسي تدخل بشفاعتها شيعتي الجنة باجمعهم
 
"Qumda mənim övladlarımdan Fatimə Musa (s.ə) qızı adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar." (Məcalisül-möminin, c.1, səh.83,)
Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, İmam Riza (ə) xanımı "Məsumə" adlandırmışdır:
من زار المعصومه بقم كمن زارني
 
Bundan əlavə imam Riza (ə) özü o xanımın ziyarətini Sədə öyrətmiş və ona xanımı ziyarət edərkən "ey Fatimə, Allahın yanında mənə şəfaət elə" - cümləsini deməyi əmr etmişdir. Bu isə xanımın şəfaətçi olduğunu sübut edir. (Biharul-ənvar, c.102, səh.265-266)
Həzrət Məsumə (s.ə) Həzrət Zeynəbə (ə) bir neçə cəhətdən bənzəyir.
1. Hər iki xanım məsum imamın qızıdır. Zeynəb (s.ə) Əmir əl-möminin Əlinin (ə), Məsumə (s.ə) isə Musa ibn Cəfərin (ə) qızıdır.
2. Hər iki xanım məsum imamın bacısıdır. Biri Həsən (ə) və Hüseynin (ə), digəri isə İmam Rizanın (s.ə) bacısıdır.
3. Hər iki xanım məsum imamın bibisidir. Biri İmam Zeyn əl-abidinin (ə), digəri isə İmam Cəvadın (ə) bibisidir.
4. Hər iki xanım Allahın höccəti və məsum imam tərəfindən təsirlənmişdir.
5. Hər iki xanım üç məsum imamın hörmətinə layiq görülmüşdür. Həzrət Zeynəb (ə) atası Həzrət Əli (ə), qardaşı İmam Hüseyn (ə) və qardaşı oğlu İmam Zeyn əl-abidin (ə) tərəfindən, Həzrət Məsumə isə babası İmam Sadiq (ə), qardaşı İmam Riza (ə) və qardaşı oğlu İmam Cəvad (ə) tərəfindən möhtərəm sayılmışdır.
6. Hər iki xanım öz qardaşını çox sevirdi, Həzrət Zeynəb (ə) İmam Hüseyni (ə), Həzrət Məsumə (ə) isə İmam Rizanı (ə).
7. Hər iki xanım qardaşa olan məhəbbətin şiddətindən öz evlərini, yaşayışlarını, vətənlərini tərk edərək səfər əziyyətinə qatlaşdılar. Həzrət Zeynəb (s.ə) Mədinədən İraqa, sonra isə Şama getdi. Həzrət Məsumə (s.ə) isə Mədinədən İrana, axırda isə Quma gedərək orada dəfn olundu.
8. Hər iki xanımın vətəni Mədinə olduğu halda qürbətdə dəfn olunublar. Həzrət Zeynəb (s.ə) Şam və ya Misirdə, Həzrət Məsumə (s.ə) isə İranda.
9. Hər iki xanımın qəbri müsəlmanların ümumi ziyarətgahına çevrilib.
10. Hər iki xanımın iki ziyarət yeri vardır. Həzrət Zeynəbin (s.ə) həm Misirdə, həm də Şamda, Həzrət Məsumənin (s.ə) isə həm Sittiyyə mədrəsəsində, yaşadığı və ibadət etdiyi Beytun-Nurda, həm də hərəmində ziyarət yeri vardır. 
 
Məsumə (s.ə) xanımın İrana səfəri
 
İmam Rzanın (ə) Məmunun təkidi ilə məcburi İrana gəlişindən bir il sonra hicrətin 201-ci ilində (miladın 823-cü ili) Həzrət Məsumə (s.ə) qardaşını görmək üçün bir dəstə möminlər ilə Xorasan vilayətinə yollandı. Hicrətin dördüncü əsrində (miladın 10-cu əsri) yaşamış məşhur tarixçi Həsən ibn Məhəmməd “Tarixe qədime Qom” kitabında Məsumə xanımın Quma gəlişi haqda belə yazır:
“ İmam Rza (ə), hicrətin 200-cü ilində Məmunun dəvəti ilə Mədinədən Xorasana gəldi. Məsumə xanım (s.ə) 201-ci ildə qardaşını görmək üçün (Qardaşları və xidmətçiləri ilə) Mədinədən Xorasana yollandı. O, Savə şəhərinə çatanda xəstələndi. Xanımın Savədə olduğundan xəbər tutan Qum camaatı xanımı qarşılamağa gəldilər ki, onu Quma dəvət etsinlər. Qumlulardan olan Musa ibn Xəzrəc xanımın dəvəsinin yüyənini tutub, Quma  öz evinə gətirdi. Məsumə xanım Qumda 16-17 gün qaldıqdan sonra rəbius-sani ayının 12-ci günü vəfat etdi. 
 
Məsumə xanımın (s.ə) xəstələnməsinin səbəbi
 
Tarixçilər Xanımın xəstələnməsinin səbəbini belə izah edirlər:
1-Riyazul-ənsab kitabının müəllifi bu haqda yazır: Həmin dövrdə Savə camaatı Əhli-beytlə (ə) düşmən olduğundan xanımın karvanı Savəyə çatanda savəlilər karvana hücüm edib, xanımın qardaşları və qaradşı oğlanlarını (23 nəfər) öldürdülər. Məsumə xanım (s.ə) bu səhnəni gördükdə çox qəmgin oldu və xəstələndi. 
2- Başqa bir nəqlə əsasən Məsumə xanımın qardaşı 23 nəfərlə birlikdə ( Məsumə xanım da onlarla idi)  Savəyə daxil oldu. Əhli-beyt (ə) düşmənləri Harunu (Məsumə xanımın qardaşı), yemək yeyən yerdə qətlə yetirdilər. Onunla birlikdə olanları isə yaraladılar. Məsumə xanımın (s.ə) yeməyinə zəhər atıb onu zəhərlədilər. Xanım zəhərin təsirindən xəstələndi və Qum şəhərində şəhid oldu.
 
Məsumə xanımı (s) kim dəfn etdi?
 
Hal-hazırda Məsumə xanımın dəfn olunduğu ərazi xanımı, evində qonaq edən Musa ibn Xəzrəcə məxsus idi. Xanım vəfat edəndə oranı məqbərə üçün təyin etdi. Qum camaatı orada Xanımı dəfn etmək üçün sərdabə düzəltdilər. Həzrətin pak cənazəsin qüsl və kəfən etdikdən sonra həmin əraziyə gətirdilər. Bu vaxt camaat arasında mübahisə yarandı ki, kim qəbrə daxil olsun və xanımı kim torpağa tapşırsın. Nəhayət belə qərara gəldilər ki, Qadir adlı mömin və seyid bir ağsaqqal kişi qəbrə daxil olub, xanımı dəfn etsin. Camaat həmin şəxs çağırmaq üçün adam göndərəndə birdən səhra tərəfdən iki üzübağlı süvari göründü. Onlar gəlib Xanıma cənazə namazı qılıb cənazəni dəfn edib, getdilər. Heç kim onların kim olduğunu anlamadı. 
Bir müddətdən sonra Xanımın qəbri üzərində doqquzuncu imamın qızı Zeynəb xanım tərəfindən türbə inşa edildi.
 
Məsumə xanımın (s.ə) ziyarətinin savabı
 
Məsumə xanımın (s.ə) ziyarəti haqda İmamlardan (ə) çoxlu hədislər nəql olunmuşdur. Bu hədislərin hər biri Xanımın uca məqamını çatdırır.
İmam Sadiq (ə) bu haqda buyurub: Hər kim onu ziyarət etsə, cənnət ona vacib olar.
İmam Sadiq (ə) buyurub: Onu ziyarət etmək cənnətə bərabərdir.
Səd ibn Səd Əşəri İmam Rzadan (ə) Məsumə xanımın (s) ziyarəti haqda soruşdu. İmam buyurdu: Hər kim onu ziyarət etsə, cənnət savabına nail olar.
İmam Rza (ə) başqa bir hədisdə buyurub: Hər kim onun məqam və mənzilətini tanıyaraq ziyarət etsə, cənnət ona vacibdir.
İmam Rza (ə) bu haqda başqa bir hədisdə buyurur: Məsuməni (s.ə) Qumda ziyarət edən məni ziyarət etmiş kimidir.
 
 
İmam Musa Kazımın (ə) qızı həzrət Fatimə Məsumənin (s) təvəlldü günü münasibəti ilə sizi təbrik edir və sizə Əhli-beyt (ə) məktəbinin əsl davamçılarından olmağı arzu edirik!

Google+ WhatsApp ok.ru