I ixtisas qrupu üzrə əvvəlki illərin məzunlarının böyük əksəriyyəti 0-200 bal arası nəticə göstərib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinə dair statistik məlumatları açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Maide.az-a verilən xəbərə görə, mayın 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV ixtisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. Bu imtahanlarda ümumilikdə 29004 abituriyent iştirak edib.
 
İmtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində istifadə olunan tədris proqramlarına və dərsliklərə tamamilə uyğun olub. İmtahandan əvvəl qapalı rejimdə, imtahan başa çatdıqdan sonra isə müstəqil ekspertiza bunu bir daha təsdiq etmiş, suallarda hər hansı elmi, texniki xəta olmayıb. Mayın 17-də keçirilən imtahanın nəticələri mayın 19-da, mayın 24-də keçirilən imtahanın nəticələri mayın 26-da TQDK-nın internet saytı, telefon xidmətləri vasitəsi ilə elan olunub.
Qeyd edək ki, ilkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar.
 
I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak edib, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.
 
II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb, 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.
 
III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
 
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak edib, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Google+ WhatsApp ok.ru