`Şimal-Cənub` beynəlxalq dəmiryolu layihəsi üzrə işçi qrupu yaradılacaq

Avqustun 3-4-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da İran İslam Respublikasında səfərdə olub.
 
QSC-nin Mətbuat katibliyindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani və müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirib.
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və nazir müavini - İİR Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlər keçirib, İran Dəmir Yolunun dispetçer mərkəzində hərəkətin idarə edilməsi ilə tanış olub.
 
Keçirilən görüşlərdə hər iki ölkə üçün bu layihənin əhəmiyyəti vurğulanıb, "Şimal-Cənub" dəmiryolu layihəsi üzrə işçi qrupunun yaradılması qərara alınıb.
 
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində imzalanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş"ə qoşulub.
 
"Şimal-Cənub" dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmiryol daşımalarını, müvafiq olaraq dəmiryolun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Google+ WhatsApp ok.ru