Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas körpülərindən birinin tikintisi yekunlaşır

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas körpülərindən birinin tikintisi yekunlaşır

Körpünün inşası iki həftəyə bitəcək
 
İranın ən iri dəmiryolu körpüsünün tikintisi iki həftəyə yekunlaşacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəzvin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da istismara hazır olacaq.
 
"Report"un "Financial Tribune" saytına istinadən verdiyi xəbərə görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi bildirib.
 
"Bu layihəni yerli mütəxəssislər icra edir. 1,43 km uzunluğunda olan körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud çayının sahillərini birləşdirəcək.
Bu körpü son inşaat mərhələsində olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir", - deyə X.Xadəmi əlavə edib.
 
Onun sözlərinə görə, dəmir yolu daha sonra Qəzvindən Astaraya, gələcəkdə isə Azərbaycan sərhədinə qədər uzadılacaq.
 
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi İranı Rusiyanın Baltik dənizindəki limanları ilə birləşdirəcək, Rusiyaya Fars körfəzi və Hindistana dəmir yolu çıxışla təmin edəcək. Yəni, tranzit yüklər Hindistanın Mumbai şəhərindən İranın Bəndər-Abbas limanı və daha sonra Bakıya göndəriləcək. Bakıdan isə yüklər Həştərxan (Rusiya), Moskva, Sankt-Peterburq marşrutu ilə Şimali Avropa istiqamətində yola salınacaq.
 
Hesablamalara görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istismara veriləndən sonra, Azərbaycan ilə İran arasında mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 mln. tona (ildə 500 mln. dollar) yüksələcək. /

Google+ WhatsApp ok.ru