Çirkli havadan hər il 8,8 milyon nəfər ölür

Çirkli havadan hər il 8,8 milyon nəfər ölür

Hər il Avropada hava çirklənməsindən 790 min nəfər, dünyada isə 8,8 milyon nəfər ömrünü tez başa vurmalı olur. Bu həftə açıqlanmış bu göstərici öncəki dəyərləndirmələrdən iki dəfə çoxdur.
 
Bu ölümlərin 40-80 faizinə ürək tutmaları, iflic, digər ürək-damar xəstəlikləri səbəb olur. Tədqiqatçılar indiyədək çirkli havadan dolayı ölüm statistikasında bu amilin yetərincə dəyərləndirilmədiyini deyirlər.
 
Ümumilikdə isə maşınların, sənaye və kənd təsərrüfatı nəticəsində çirklənmənin vaxtından qabaq ölümləri 2,2 il sürətləndirdiyi bildirilir.
 
“Bu o deməkdir ki, hava çirklənməsi hər il siqaretdən daha çox ölüm törədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-ci ildə siqaretdən 7,2 milyon nəfərin dünyasını dəyişdiyini hesablayıb”, – Almaniyadakı Mainz Tibbi Mərkəz Universitetinin professoru Thomas Munzel deyib. O, son tədqiqatın əsas müəllifidir.
 
“European Hear Journal” dərgisində çıxmış yeni araşdırma Avropaya fokuslansa da, yenilənmiş statistik metodlar bütün dünyaya aiddir. Məsələn, Çində hər il çirkli havadan 2,8 milyon nəfər dünyasını dəyişir və bu, mövcud hesablamadan iki dəfə yarımdan çox artıqdır.
 
ÜST-nin tövsiyəsinə görə, havada təhlükəli mikroskopik hissəciklərin sıxlığı ortalama hər kubmetrə 10 mikroqramı aşmamalıdır. Avropa Birliyinin standartları daha zəifdir: 25 mcg/m3 Amma Avropanın bəzi ölkələri hətta bu göstəricini belə aşırlar.
 
Tədqiqat üzə çıxarıb ki, hər il dünyada çirkli hava hər 100 min nəfər içində əlavə 120 ölümə səbəb olur. Avropada bu göstərici hər 100 min nəfərə 133 ölümdür. /azadliq.org /
 
 

Google+ WhatsApp ok.ru