Şirvanda partlayış: ölənlər var – (Yenilənib) Fotolar

16.30 - Şirvanda zavodda baş verən qəzanın ilkin səbəbi məlum olub.
 
Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.
 
S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.
 
MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.
 
Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.
 
***
 
Maude.az "Yeni Müsavat"a istinadən verdiyi xəbərə görə, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub. Ölən və yaralananlar var. Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. Ölənin qadın olduğu bildirilir.
 
Məlum olduğu kimi, MSN-in zavodları hərbi təyinatlıdır. 
 
Baş vermiş hadisə ilə bağlı müraciət etdiyimiz Şirvan şəhər Polis İdarəsinin rəisi Şahin Mirzyev bildirib ki, olayla bağlı məlumat almaq üçün FHN-ə müraciət etmək lazımdır.
 
Qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir. 
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
 
İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
 
Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.
 
Yerli qaynaqlar isə musavat.com-a bildirir ki, yaralananların sayı 19 nəfərdir. Onların da əksəriyyəti qadınlardır.
 
 



Google+ WhatsApp ok.ru