Jurnalist Əfqan Sadıqlının 1 aylıq həbs edildiyi bildirilir

Jurnalist Əfqan Sadıqlının 1 aylıq həbs edildiyi bildirilir

“Azel.tv saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqova Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 aylıq inzibati həbs cəzası verilib”
 
Maide.Az bildirir ki, bunu AzadlıqRadiosuna onun yaxınları deyib.
 
Onların dediyinə görə, Əfqan Sadıqov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisinin qanuni tələbinə əməl etməmək) ilə təqsirli bilinib.
 
Qərarı Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın çıxartdığı deyilir.
 
Yaxınları qərardan apellyasiya şikayəti veriləcəyini bildiriblər.
 
Əfqan Sadıqov bu gün, noyabrın 27-də günorta saatlarında bir neçə jurnalistin gözü qarşısında saxlanmışdı.
 
Onun həyat yoldaşı Sevinc Sadıqova baş verənlərlə bağlı bunları bildirmişdi:
 
“Mən jurnalist olaraq bu gün (noyabrın 27-də) Prezident Administrasiyası önündə şəhid ailələrinin toplantısını çəkirdim. Əfqan da ora gəldi, amma jurnalist kimi gəlməmişdi, daha sonra gedəcəkdik. Elə iki-üç dəqiqə olardı ki, gəlmişdi, mülki geyimlilər yaxınlaşdı ki, söhbətimiz var, maşına tərəf getdilər…”
 
Əfqan Sadıqovun inzibati həbs alması ilə bağlı deyilənlərə hələlik, hüquq-mühafizə orqanlarından aydınlıq gətirmək mümkün olmayıb.
 
Sadıqov bu il mayın 23-də azadlığa çıxıb. İyulun əvvəlində isə o, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs olunmuşdu.
 

Google+ WhatsApp ok.ru