Jurnalist Akkord şirkətinin mənzilini əsassız olaraq əlindən aldığını iddia edir

Jurnalist Akkord şirkətinin mənzilini əsassız olaraq əlindən aldığını iddia edir

"Kanal 13" internet resursunun redaktoru Əziz Orucov Akkord şirkətini ailəsinin "Abşeron Gənclər Şəhərciyi"ndəki mənzilini ələ keçirməkdə ittiham edib.
 
Mənzil 2007-ci ildə kreditlə onun qardaşının adına alınıb. Jurnalist öz hesabına təmirsiz vəziyyətdə qiyməti 27 min manat təşkil edən mənzili təmir edib və oraya yerləşib.
 
Orucovlar 21 manat 650 manatlıq krediti ödəyiblər, tam dəyərin ödənilməsinə 5 min 350 manat qalmışdı. Əziz Orucov qalan pulun ödənişini gecikdirdiyini etiraf edir.
 
"Amma biz Akkord-la ödənişin təxirə salınması haqqında razılığa gəlmişdik. Bununla belə, 2017-ci ildə Akkord müqaviləni ləğv etmək tələbi ilə məhkəməyə müraciət edib, məhkəmə isə şirkətin xeyrinə qərar çıxarıb".
 
Orucovun sözlərinə görə, məhkəmə kredit üzrə ödənilmiş 21 min 650 manatın və təmir xərclərinin qaytarılması məsələsini açıq saxlayıb.
 
Məhkəmə qərarı çıxarıldıqdan sonra belə Orucov Akkord-la borcun ödənilməsi haqqında danışıqlar aparırdı və şirkət rəhbərliyinin razılığı ilə ailə mənzildə yaşamağa davam edirdi. Amma bir neçə gün əvvəl şirkət nümayəndələri Orucovlar ailəsi evdə olmadığı zaman qapını açıb və qıfılı dəyişdirib. "Əşyalarımız mənzildə qaldı", deyə Orucov bildirib.
 
O, həmçinin iddia edir ki, Akkord təmir üçün xərclənmiş vəsait bir kənara, kredit üzrə ödənilmiş pulu qaytarmaqdan imtina edir.
 
Jurnalistin vəkili Bəhruz Bayramov şirkətin hərəkətlərinin qanunsuz olduğunu qeyd edib. Şirkət əməkdaşlarının qapını açmaq hüququ yox idi, bu, məhkəmə icraçılarının müstəsna hüququdur. Həm də ev sahiblərinə xəbərdarlıq edilməli və əşyalarını çıxarmaq imkanı verilməli idi. Əmlak siyahısı da tərtib edilməyib.
 
Akkord şirkətində jurnalistin iradlarını əsassız hesab edirlər.
 
Əziz Orucov şirkəti məhkəməyə vermək niyyətindədir. /contact.az /

Google+ WhatsApp ok.ru