Jurnalist Araz Quliyevin və Masallı dindarlarının kassasiya şikayətinə baxılıb

Bu gün Cenubnews.com-un təsisçisi və baş redaktoru Araz Quliyevin və Masallı dindarlarının kassasiya şikayətinə baxılıb.
 
Məhkəmə prosesi saat 11.10-da Ali Məhkəmədə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilib.
 
İlk öncə hakim İnqilab Nəsirov bildirib ki, kassasiya şikayəti Araz Quliyev və Surac Ağayev tərəfindən verilib.
 
Daha sonra çıxış üçün söz Surac Ağayevin vəkili Nicat İslamova verilib. Vəkil bildirib ki, həm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm, həm də Şirvan Apellyasiya Məhkəməsinin hökmü ləğv edilməli, təqsirləndirilən şəxs Surac Ağayev barəsində bəraət hökmü çıxarılmalıdır.
 
Daha sonra çıxış üçün söz Araz Quliyevin vəkili Fariz Namazlıya verilib. Fariz Namazlı bildirib ki, Araz Quliyev və digərləri dindar olduğu üçün yerli icra hakimiyyətinin və yerli hüquq-mühafizə əməkdaşlarının sifarişi əsasında həbs edilib. Ona verilən ittihamlar tamamən həqiqətə uyğun deyil. Fariz Namazlı bildirib ki, Araz Quliyev rəhbərlik etdiyi Xeber44.com saytında yerli hakimiyyət numayəndələrini tənqid etdiyi üçün dəfələrlə MTN və polis idarəsinə çağrılıb və həbslərlə hədələnib. Lakin hüquq-mühafizə orqanları Araz Quliyevin susmadığını görüb, onu və ona yaxın qohum və dostlarını həbs ediblər. Fariz Namazlı həmçinin qeyd edib ki, Şirvan Apellyasiya Məhkəməsində hal şahidi Nahid Şirəliyevin şizoferina xəstəsi olduğu barədə sənəd təqdim etmiş, həmçinin Nahid Şirəliyev də orada ifadə verərkən bildirimişdir ki, Araz Quliyevin evinə qumbaranı polis işçisi Nazim Əkbərov və Zamir Kazımov qoyub. Vəkil sonra bildirib ki, istər Araz Quliyev ittiham olunduğu 228.1-ci maddə, istərsə də digər maddələr Lənkəran Ağır Cinayətlər Məhkəməsində və Şirvan Apellyasiya Məhkəməsində sübuta yetirilmədi. Bunun üçün də mən Araz Quliyev barədə çıxarılmış hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını tələb edirəm.
 
Daha sonra dövlət ittihamçısı çıxış edərək bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm və Şirvan Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə qalsın.
 
Sonra hakimlər qısa müşavirə edərək Araz Quliyev və digərləri barədə çıxarılmış hökmü qüvvədə saxlayaraq məhkəməni yekunlaşdırıb.
 
Baş redaktor Araz Quliyevin vəkili Fariz Namazlı Cenubnews.com İnternet Qəzetinə bildirib ki, Araz Quliyevin işi ilə bağlı yaxın vaxtlarda Avropa Məhkəməsinə müraciət edəcəyik.

Google+ WhatsApp ok.ru