Jurnalistlərdən yəhudi əsilli deputata cavab

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov son günlər Qəzzada yaşananlara münasibət bildirib.

O, deyib ki, “Qəzzada uşaqların, dinc insanların ölümü İsraildən asılı olan məsələ deyil. İsrail bizim dostumuz, qardaş dövlətimizdir. İsraili uşaq öldürən kimi təqdim etmək nəyə lazım?”

İslamazeri.az İnternet Qəzeti yəhudi əsilli deputatın fikirlərinə jurnalistlərdən münasibət öyrənib:

“Aznews.az” saytının redaktoru Ramil Məmmədli: “Jurnalistin tərəf olması qəbulolunmazdır. Lakin bu hadisədə görünən odur ki, əməliyyatlarda uşaqlar öldürülür. O ki, qaldı Azərbaycan mediasının birtərəfli - İsrail əleyhinə yazılar yaymasına, bu ittihamı qəbul etmirəm. Çünki xəbərlərin böyük hissəsi xarici mediaya istinadən verilir.”

"İslamazeri.az" İnternet Qəzetinin baş redaktoru Ramin Bayramov: “Yevda Abramovun bu tələbi absurddur. Bunu mətbuata təzyiq kimi də qiymətləndirmək də olar. Ölkəmizdə bu mövzulara senzura qoymaq olmaz. Çünki əgər Fələstin İsrail tərəfindən işğal edilibsə, Qarabağ da Ermənistan tərəfindən işğal edilib. Əgər İsrail terroru nəticəsində fələstinli uşaqlar şəhid olurlarsa, erməni vandalları və terrorçuları da azərbaycanlı uşaqların qətliamına imza atıblar. Yəni biz fələstinlilərin dərdini anlayırıq və ən azı o baxımdan da Fələstin xalqını dəstəkləməliyik. İsrail cinayətlərini “görməməzlik” İslam dünyasına biganəlik və müsəlmanların yanında durmamaq deməkdir. Uşaq qətllərinə etiraz etməmək insanlığın ziddinə atılmış bir addımdır. Son olaraq bildirim ki, mən şəxsən mətbuatımızın işğalçı İsrailin müsəlman uşaqları qətlə yetirməsinə “uşaq qatili” qiymətini verməsini dəstəkləyir və alqışlayıram.”

“İnterfax Azərbaycan” informasiya agentliyinin əməkdaşı Fərdin İsazadə: “Hər kəs özünü ifadə etmək hüququna malikdirsə, onda Yevda Abramovun açıqlaması heç kəsə təəccüblü gəlməməlidir. Biz açıq cəmiyyətdə yaşayırıq, onda bu cür münasibətləri adi qəbul etməliyik. Məsələnin digər tərəfi ondan ibarətdir ki, əgər biz hər hansı münasibətlə razı deyiliksə, onda həmin adamın dediklərinə əks arqument gətirməliyik. Dolayısı ilə, çalışmalıyıq ki, mədəni tərzdə həmin insanın səhv etdiyini ona başa salaq.”

Jurnalist Əbülfəz Bünyadov: “Əvvəlcə onu qeyd edim ki, hal hazırda yəhudilərin yaşadığı ərazi fələstinlilərə məxsusdur. Dünya ölkələri hamısı çox gözəl bilir ki, 1949-cu ildə qəbul olunan qərarla o ərazilər fələstinlilərə aid edilib. Orada baş verənlər hamıya məlumdur ki, bir oyundur. Bu oyunun arxasında da ABŞ dayanıb. İnsanları kütləvi şəkildə öldürmək nə vaxtdan özünü müdafiə sayılıb. Qaldı ki, Həmasın bu məsələdəki mövqeyinə, təbii ki, onlar öz torpaqlarını qoruyurlar. Bu hadisələrin başlanğıcında hər kəs bildirdi ki, 3 İsrail əsgərinin öldürülməsi müharibə üçün bəhanə idi. İsrail bu yolla o torpaqlarda öz mövqeyini gücləndirmək istəyir. Kütləvi insan ölümlərinə heç vaxt haqq qazandırmaq olmaz. İsrailin uşaqları, körpələri öldürməsi heç kimə sirr deyil. Faktlar göz qabağındadır. Niyə İsrail üçün narahat olan ölkələr İraqda və Suriyada baş verənlər üçün narahat deyillər? Aydındır ki, buradakı maraq İsrailin dövlət təhlükəsizliyini qorumaq üçündür. Bu isə təqdir olunan hal deyil.”

"Azadlıq" qəzetinin əməkdaşı Natiq Ədilov: “Yevda Abramovun ümumiyyətlə yəhudi xalqı adından danışmağı yersizdir. Onun bircə təyinatı var, o da budur ki, Əliyevlərə özünü yaxşı göstərib biznes qursun. O, tipik YAP-çıdır. Hətta Siyavuşdan da betərdir. Ona görə də bu adama baş qoşmayaq.”

"Xebername.org" saytının baş redaktoru Seymur İsmayıl: “Əvvala Yevda Abramovdan başqa cür açıqlama heç kim gözləmirdi. O, yenə həmişəki kimi öz ampluasındadır. İkinci məsələ İsrailin son zamanlarda 500-dən çox fələstinlinin həbsi, qanunsuz olaraq fələstinlilərin torpaqlarında yəhudi yaşayış məntəqələrin inşası necə gün kimi mediaya aydındırsa, öldürdüyü 55-dən çox uşaqlar, 26-dan çox qadın və yaşlılar daxil olmaqla, 260-dan çox dinc əhalini öldürməsi də foto və videolarla mediaya aydındır. Dünya mediasının əksəriyyətinin İsrailin qanunsuzluqları barədə xəbərlər dərc etməsi müsbət haldır. Artıq İsrail istəsə də, öz əməllərini ört-basdır edə bilmir və başqa don geyindirə bilmir. Üçüncüsü, onu da qeyd edim ki, dünyanın hər yerində, Avropasında, Amerikasında İsrailə etirazlar edilir. Hələ üstə gəl yəhudilərin özlərinin İsraildə və xarici ölkələrdə olan etirazları da həqiqətləri gözlər önünə sərir. Yevda Abramov bunları görmür mü? Beynəlxalq təşkilatların etirazlarını da görmür mü? Mediadan xəcalət çəkmək lazım deyil. Media öz fədakarlığını ortaya qoyub həqiqətləri ictimaiyyətə çatdirır. Hətta İsrail millət vəkili Ayələt Şakedin “Hər bir fələstinli bizim düşmənimizdir və onların qanı əlimizdə olmalıdır! Bu, öldürülən “terrorçular”ın analarına da aiddir.” xəcalətli açıqlamasını da verərək həqiqətləri aşkara çıxarır.”

"Azadxeber.net" saytının əməkdaşı Rövşən Məmmədli: “Yevda Abramov açıqlamasında bildirib ki, hadisələri Yaxın Şərqdə barışıq, sülh, atəşkəs yaradılması fonunda qarışıqlığa səbəb olmayacaq şəkildə işıqlandırmaq lazımdır. Medianın vəzifəsi hadisələri olduğu kimi insanlara çatdırmaqdır, təhrif edərək yox. Əgər İsrail Qəzzada qadağan edilmiş silahlardan istifadə edir, günahsız uşaqları qətlə yetirirsə qərəzsiz, vicdanlı mətbuat İsraili heç cür sülh, barış istəyən dövlət kimi təqdim edə bilməz.
Digər yandan İsrailə qarşı bu münasibət tək Azərbaycan ictimaiyyətində deyil. Demək olar bütün müsəlman ölkələrində eləcə də Avropa və ABŞ-da İsrail əleyhinə nümayişlər keçirilir, tədbirlər təşkil edilir. Hətta ABŞ-dakı yəhudilər belə İsrailin işğalçı siyasətinə qarşı hər il BMT qarşısında aksiyalar keçirir. Bu o deməkdir ki, mətbuatın İsrailə qarşı heç bir qərəzindən, məlumatları təhrif etməsindən söhbət gedə bilməz. Mətbuatda gedən məlumatlar İsrailin yaratmağa çalışdığı imicinə xələl gətirsə də, faktdır və bunu danmaq olmaz. Bu tipli məlumatların Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməsi isə millət vəkilinin sözlərinə əsas vermir. Çünki Azərbaycan özü erməni təcavüzündən 20 ildən artıqdır ki, əziyyət çəkir. Ona görə mətbuatımızda bu məsələlər düzgün, obyektiv işıqlandırmalıdır. Həmçinin Qəzza kimi aktual və vacib bir məsələyə obyektiv yanaşmaq hər bir jurnalistin həm jurnalistika, həm də insani vəzifəsidir. “

Google+ WhatsApp ok.ru