Kəndliyə havayı pullar

Azərbaycan kəndlisinin heç bir bank qapısı döymədən, elə kəndinin içində cari ehtiyacı üçün aşağı faizli kredit almaq imkanı olacaq. Mərkəzdən uzaq hər hansı bir kənddən olan sadə bir azərbaycanlı heç bir qapı döymədən öz kəndindəki poçt bölməsinə üz tutacaq, orada çoxdan tanıdığı poçt məmuru ilə məsləhətləşərək ödəyə biləcəyi məbləğdə kredit götürəcək. Götürdüyü kredit üzrə ödənişləri də elə öz kəndində verəcək. Yəni daha hansısa iri şəhərlərə üz tutaraq ilk dəfə gördüyü bank işçilərinə müraciət etməyə, min çətinliklə aldığı kreditə görə aylıq ödəniş üçün hər dəfə şəhərə getməyə ehtiyac qalmayacaq. 
 
ANS PRESS-in araşdırmasına görə, bunun gerçəkləşdirilməsinə elə də bir uzun müddət qalmayıb. Sadəcə, Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC bununla bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) mikrokreditlər üzrə lisenziya verilməsi üçün müraciət etməlidir. Düzdür, “Azərpoçt” MMC-yə müəyyən bank funksiyaları hələ 2010-cu ilin aprel aylarından verilib. Yəni artıq istənilən Azərbaycan vətəndaşı “Azərpoçt”un filial və şöbələrində özünə bank hesabı açaraq onu idarə edə bilir - hesabdan hesab pül köçürmələri edir, vergi ödənişlərini həyata keçirir, nağdlaşdırma aparır və s. Vətəndaşın pulunun həmin hesabda saxlamasının müddətinə də heç bir məhdudiyyət qoyulmayıb. 
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) poçt sektorunun müdiri Novruz Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, “Azərpoçt”un tam keyfiyyətli bank kimi fəaliyyət göstərməsi üçün yalnız kredit və əmanət funksiyaları çatışmır və AMB-nin lisenziyasından sonra bu da mümkün olacaq. Onun fikrincə, “Azərpoçt”un kreditləri daha ucuz başa gələcək, yəni faizlər aşağı olacaq: “Ən birincisi ona görə ki, bu fəaliyyət üçün yeni işçi götürməyə ehtiyac yoxdur, şöbələrdəki işçilər bu işlə də məşğul olacaq. Həmçinin bütun poçt şöbələri “Azərpoçt”un öz binalarıdır. Yəni banklar kimi filial yerləşdirmək üçün binanı icarəyə götürməyə ehtiyac qalmayacaq. Şöbələrmizin hamısında lazımi avadanlıqlar var və artıq 1000-dən çox poçt şöbəsi kredit fəaliyyətinə hazırdır”,- deyə Novruz Məmmədov ANS PRESS-ə bildirib.
 
Sektor müdirinin sözlərinə görə, poçt şöbələrindən kredit almaq banklara nisbətən daha az vaxt aparacaq və daha asan olacaq: “Poçt müdiri də, kredit götürən də eyni kəndin adamlarıdır və bir-birlərini yaxşı tanıyırlar. Ona görə də sənədləşmə uzun vaxt aparmayacaq”.
 
Bu fikirlər iqtisadçı ekspert Samir Əliyev tərəfindən də dəstəklənir. ANS PRESS-in əməkdaşı ilə söhbəti zamanı iqtisadçı ekspert mikrokreditləşdirmə sahəsində “Azərpoçt”un banklara müqayisədə bir çox üstünlüklərə malik olduğunu bildirib: “Azərbaycan banklarının əsas problemi şəbəkələşmədir. Yalnız bir neçə bankın geniş şəbəkələşməsi var, qalan banklar isə bundan məhrumdur. “Azərpoçt”da isə vəziyyət fərqlidir. Bu gün hər 5 yaşayış məntəqəsinin ən azı 2-də poçt şöbəsi var. Bundan istifadə etmək fikri çox təqdirəlayiqdir. Düşünürəm ki, Mərkəzi Bank “Azərpoçt”un lisenziya ilə bağlı müraciətinə müsbət cavab verəcək”.
 
İqtisadçı ekspertin dediklərini rəqəmlər də təsdiq edir. Azərbaycanda fəaliyyət göstərən 43 bankın ölkə üzrə cəmi 700 filialı olduğu halda, “Azərpoçt”un filial sayı 1600-ü keçir. 
 
Samir Əliyevin fikrincə, qarşıdan gələn müddət ərzində “Azərpoçt”un şöbələrinin bank fəaliyyəti daha da intensivləşəcək: “Bu yaxınlarda bələdiyyə vergilərinin nağd şəkildə ödənilməsi qanunla qadağan edildi. Bu, “Azərpoçt”un göstərdiyi bank xidmətlərini xeyli genişləndirəcək”. 
 
Lakin iqtisadçı ekspert bu məsələnin təşkilati baxımdan çox çətin olduğunu vurğulayır. Onun fikrincə, poçt işçilərini bank operatoru kimi yetişdirmək çox çətindir və “Azərpoçt” məhz bu miəsələnin qayğısına qalmalıdır. 
 
Bu sahədə doğrudan da görülməli çox işlər olduğunu etiraf edən Novruz Məmmədov bununla yanaşı çətinliklərin həll edilən olduğunu vurğulayır: “Əlbəttə, bu məsələ elə asan deyil. Rusiya kimi böyük ölkə poçt sistemində bank xidmətlərini həyata keçirmək istəyir, amma buna maddi imkanı çatmır. Çünki buna ən azı 16 milyard dollar vəsait lazımdır. MDB məkanında yalnız Qazaxıstan və Azərbaycanın poçt sistemində bank xidmətləri göstərilir. Bunun üçün böyük işlər görmüşük, 2000-ə yaxın işçi treninqdən keçib. Yeni bir treninq də planlaşdırırıq. Düşünürəm ki, artıq bütün fiilallarımız hər cür bank fəaliyyəti üçün hazırdır, qarşıdan gələn illərdə şöbələrimiz də buna tam hazır olacaq”,- deyə Novruz Məmmədov ANS PRESS-ə bildirib. 

Google+ WhatsApp ok.ru