Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları bir daha Rusiya prezidentinə müraciət ediblər

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının prezidenti Vladimir Putinə  bir daha müraciət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, ailələr prezidentlərin Soçi görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması və Həsən Həsənovun meyitinin qaytarılması məsələsinin həll olunmasını xahiş ediblər.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranla görüşüb. Görüşdə Ə. Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə tövsiyə edib ki, meyitin və girovların qaytarılması məsələsini Xankəndi ofisi ilə birlikdə daimi nəzarətdə saxlasınlar və bu sahədə öz fəaliyyətlərini gücləndirsinlər. Görüşdən sonra Ə. Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.

Google+ WhatsApp ok.ru