Kəbənin ətrafındakı böyük tikintilər sərt şəkildə tənqid edildi

`Həcc ibadəti məna və simvollar dünyasıdır. Bu simvolların arxasında olan mənanı itirənlər, həccin məqsədini də itirərlər`

Türkiyənin dini komitəsi “Diyanət”in sədri Mehmet Görmez müqəddəs Kəbədən hündür olan binaları tənqid edib. Sədr ilk dəfə belə göydələndən Kəbəyə baxanda dizlərinin əsdiyini deyib. 
 
“İlk dəfə sabiq “Diyanət” sədri Əli Bardakoğlu ilə gedəndə bizə 20-ci mərtəbədə otaq ayırdılar. Pəncərəni açdım, dizlərim əsməyə başladı. Aşağıya enərək ilk mərtəbələrdən yer axtardım. Həcc nazirinə dedim ki, bizim mədəniyyətimizdə Kəbəyə yuxarıdan baxmaq yoxdur. O isə mənə, bəs təyyarə ilə necə keçirsiniz? – deyə cavab verdi”.
 
Jurnalistlərlə söhbət edən professor Görmez müqəddəs torpaqlarda tarixin yox edilməsi probleminin olduğunu da vurğulayıb. 
 
“Müqəddəs torpaqlarda tarix hər gün yox edilir. Kaş ki, bu yerlərdə tarixsizləşdirmə problemi olmasaydı. Kaş ki, tarix mühafizə olunsaydı. Bu təqdirdə hər şey daha gözəl olardı. Kəbə, Səfa-Mərvə, şeytan daşlamaq və qurban bir simvoldur. Həcc ibadəti məna və simvollar dünyasıdır. Bu simvolların arxasında olan mənanı itirənlər, həccin məqsədini də itirərlər. Kəbə əslində 4 divardan ibarət binadır. Baxmayın üzərinə zərli, qızıllı örtü geydirildiyinə. Amma Həzrəti İbrahim onu sadə daşdan, 4 divar olaraq tikib. Bəzəkli örtülər sonradan geydirilib. Kəbə Həzrəti İbrahimin tikdiyi bir binadır”.

Google+ WhatsApp ok.ru