«Kərbəlada gözəllik və əzəmət» mövzusunda konfrans keçirilib

Maide.az-ın məlumatına görə, «Nərgiz» Qadınlar Cəmiyyətinin təşəbbüsü ilə noyabrın 15-də «Kərbəlada  gözəllik və əzəmət» mövzusunda konfrans keçirilib. Tədbirə qonşu Türkiyə və İradan da qonaqlar dəvət olunub. Konfransdan hazırlanmış geniş reportajı təqdim edirik.
 
Tədbiri giriş sözü ilə «Nərgiz» Qadınlar Cəmiyyətinin sədri Səidə Səmədova açdı. O, qonaqları salamladıqdan sonra Kərbəla faciəsi və Həzrət Zeynəbin (s.ə) şücaətindən danışdı. Sonra sözü türkiyəli araşdırmaçı yazar, Əhli-beyt şairəsi Fatimə Gökə verdi.
 
Fatimə xanım Azərbaycana ilk gəlişi olmasına rəğmən özünü qərib hiss etmədiyini bildirdi. Sonra o, Həzrət Zeynəb və Fatimeyi Zəhranın (s.ə) oxşarlığından danışdı: «Onların hər ikisi Peyğəmbərin gözünün nuru olmalarına baxmayaraq, insanlar onların qiymətini bilmədi, ikisi də hər şeylərini zamanlarının İmamları yolunda fəda etdilər, hər ikisi zamanlarının imamlarına qarşı haqsızlıq edildikdə, igidcəsinə haqq nidaları ilə zalımların sarayını titrətdilər».
 
Sonra çıxışına belə davam etdi: «Görəsən Həzrət Zeynəb (s.ə) İmam Hüseyn (ə) qardaşı olduğu üçünmü hər şeyini fəda etmişdi. Əlbəttə, onlar bacı-qardaş idilər. Ancaq İmam Hüseyn (ə) Həzrət Zeynəbin (s.ə) qardaşı olmaqdan əlavə,  zamanının imamı olduğu üçün hər şeyini fəda etmişdi. O, bu hərəkəti ilə İmama olan bağlılığını göstərib. O, elə bir bacı idi ki, imam yolunda fəda olmaları üçün uşaqlarına özü qılınc vurmağı öyrədib və bu yolun gözəlliklərini onlara başa salıb.»
 
Fatimə xanım Həzrət Zeynəbin (s.ə) səbrindən də söz açdı. Onun sözlərinə görə, bir gün İmam Hüseyn (ə) bacısına buyurub: «Səbr atam Əlidən (ə) mənə, məndən də sənə hasil olub. Sən elə bir ürəyə sahibsən ki, səbir sənin əlində aciz qalacaq, Kərbəlada sənin səbrinin yanında utanacaq».
 
Əhli-Beyt şairəsinin  sözlərinə görə, Kərbəla günü Zeynəb xanım gördüyü bütün zülmlərə, çəkdiyi bütün iztirablara rəğmən, «Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim» deyib: «Əhli beytin razılığı Allahın, Allahın razılığı isə Əhli-beytin razılığıdır.Həzrət Zeynəb Kərbəlaya Allahın rızası gözü ilə baxdığı üçün baş verənlərə gözəllik kimi qiymətləndirib… Tasua günü İmam Hüseyn yanında qalan 72 nəfərə dedi ki, gəlin iki barmağımın arasında şəhadətdən sonra cənnətdə tutacağınız məqama baxın. Hamısı bir-bir gəlib baxdı. Yalnız bir nəfər – Həzrət Əbülfəzl Abbas (ə) gəlmədi. İmam Hüseyn (ə) bunun səbəbini soruşduqda isə o, buyurdu: «Ey Hüseyn, mənim cənnətim, sənin üzünə baxmaqdır, mənim cənnətim sənsən». Həzrət Zeynəbin Kərbəlada gördüyü eşq, əzəmət və gözəllik bu idi. Çünki Zeynəb Kərbəlada səbri, vəfanı, fədakarlığı görmüşdü».
 
Araşdırmaçı yazar həmçinin Kərbəlanı universitet adlandırdı: «Dünyanın heç bir ali məktəbi bu qədər müvəffəqiyyətli tələbələr məzun etməyib və  bu qədər dərs verməyib. Kərbəla insanlara səbr, iradə, əxlaq, izzət və insanlıq dərsi verib».
 
Bundan sonra söz Beytüz-Zəhra Qadın Dərnəyinin üzvü Zəhra Aksuya verildi. Türkiyəli xanım kofnransda əsasən İmam Hüseynin kiçik oğlu 6 aylıq Əliəsgərin ölümündən və onun timsalında bu gün bütün dünyada baş verən uşaq qətillərindən danışdı: «İmam Hüseyn susuzluqdan yanan körpəsini əlinin üzərinə qaldıraraq dedi: «Aranızda müsəlman olan yoxdurmu?» Halbuki, Yezidin qoşunun – küfr ordusunun hamısı müsəlman idi, hamısı namaz əhli, bir çoxu gecə ibadətini edirdi. Eynilə dövrümüzdəki kimi… Allahın adı ilə, din adına dinsizliklə nə qədər əliəsgərlərimiz öldürülür, atalarının bağırlarından, hamilə qadınların qarınlarından körpələri çıxarılaraq gözləri önündə vəhşicəsinə qətlə yetirilir. Necə ki, o zaman Allahın adı ilə Onun Hüccətinin balalarını öldürdülər, bu zamanda da müsəlman olduqlarını iddia edən, namaz əhli sayılan vəhabilər eyni zehniyyətlə bənzər addımlar atırlar».
 
Zəhra xanım daha sonra İmam Hüseynin (ə) ən son əsgəri olan körpə Əliəsgər üçün su istəməyindən danışdı: «Bu, əslində körpəsinin sirab olmasını istəmək deyildi. Əli əsgər Yezidin qoşunu üçün son hidayət qapısı idi. Onu da 3 başlı oxla öz üzlərinə bağladılar. Bu günkü islam adı ilə terror törədənlər o zaman Yezidin qoşununda hidayət qapısı üzlərinə bağlanan kəslərin toxumudur, onların genlərini daşıyır. «Hər gün Aşura, hər yer Kərbəla». Bu adi bir kəlmə deyil. Bu gün Fələstin, Bəhreynə, İraq, Qarabağ, Suriya, Pakistana, Əfqanıstana, Ərəbistana nəzər salaq. 1400 il öncə Əliəsgərin sinəsinə oxun sancılmasının tək səbəbi var idi: Adı Əli idi. Bu günə nəzər salaq. Adını sadaladığımız yerlərdə sadəcə adı Əli olduğu üçün öldürülən nə qədər insanlar var?  Doğurdan da hər yer Kərbəla deyilmi, hər gün Aşura baş vermirmi?».
Türkiyəli qonaq bununla belə haqqın hər zaman qalib gələcəyini bildirdi: «Gəlin Yezidin və Kərbəla şəhidlərinin tarixdəki yerlərinə nəzər salaq. Yezidin sarayı indi xarabalığa çevrilib, onunla üzbəüz Rüqəyya xanımın ziyarətgahını hər gün yüz minlərlə ziyarətçi gəlir, ondan hacət istəyir. Əliəsgərin qapısına ixlasla gedib əliboş geri dönən olmayıb».
 
Bundan sonra söz Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, «Əsgər Analarına Dəstək» İB rəhbəri Növrəstə İbrahimovaya verildi. O, ilk öncə gələn qonaqları salamladı, Hüseyn məclisini keçirənlərə təşəkkürünü bildirdi: «Bu məclis qəm-qüssə ilə bərabər, həm də mübarək bir məclisdir. Qonaqlarımız gözəl kəlamlar danışdılar. İnsan təbiətən danışan varlıq olsa da, mənəvi qulaqları bəzən dinləmək istəyir. Heç vaxt qurumayan bulaq kimi, belə məclislərin də söhbəti qurtarmaz».
 
Növrəstə xanım İmam Hüseyn (ə) məhəbbətinin dilinidən, dinindən, irqindən asılı olmayaraq onu tanıyan hər kəsin qəlbində olduğunu bildirdi: «Hüseynin nicat gəmisi tufanda Şeyx Nuhun gəmisinə bənzəyir. Bütpərəstlik ölkəsində böyüyüb qidalanan Hindistanın məşhur inqilabçısı və filosofu Mahatma Qandi bu sözü dəfələrlə etiraf elədi. Bir dəfə təyyarəsi İraq ölkəsinin üstündən keçərkən kəmərini açaraq ayağa qalxdı və dedi: «Hamınız ayağa qalxın, ey bəşəriyyət. Biz bir mücahimdin qəbrinin üzərindən uçub keçirik. Heç rəvadırmı ki, burada oturan halda olaq?»
 
Növrəstə xanım İmam Hüseynin (ə) «İnsanlar dünyanın qullarıdır» kəlamına da diqqət çəkdi: «Bəli, təəssüf ki, hamısı olmasa da, camaatın əksəriyyəti bu cürdür. Müslüm axırıncı dəfə arxaya boylananda onu Kufəyə dəvət edənlərin heç birinin qalmadığını görür. Kufənin 4 min nəfər kişisinin gecə Müslimi evinə sığındıran Tavan xanım qədər qeyrətləri olmadı... Tasua gününü xatırlayaq. İmam ətrafındakılara müraciət edərək dedi: «Çırağı söndürürəm, kim getmək istəyirsə getsin. Bilin ki, sizin getməyiniz mənim üçün acınacaqlı olmayacaq. Mən Allahla vəd eləmişəm. Sizi azad buraxıram».Çırağı yandıranda gördü ki, 72 sərdarı qalıb..."
 
Qadınlar Şurasının sədri burada bir nüansa toxunmağın vacibliyindən danışdı: «Yeri gəlmişkən deyim ki, bir çoxları İmam Hüseynə beyət edən 40 mindən cəmi 72 nəfərin qalmasına istehza edir. Amma unudurlar ki, bağçalarda da çox qanqal tikanı olar. Amma bircə dənə qızıl gülün ətri bütün məğrib və məşriqə kifayət edər».
 
AİP Qadınlar Şurasının sədri daha sonra sözünə davam edərək, dinin sözlə yox, əməllə izhar olunmasının vacibliyindən danışdı: «Hüseynimin axırıncı kəlamı belədir: «Bəzi insanlar dünya işləri qaydasında olanda dini dillərində əzbər edirlər. Amma sınaq meydanı yarananda meydan boşalır. Əgər belə olmasaydı, sonda mənim yanımda cəmi 72 nəfər qalmazdı».
 
Növrəstə xanım onu da dedi ki, dünya sona çatana qədər yezidlər də, hüseynlər də olacaq: «Bu zəmanənin də Hüseyni var, ey Azərbaycan xalqı. Hüseynlər geriyə boylandıqca meydanı boşalmış görürlər».
 
N.İbrahimova çıxışını belə bitirdi: «Qarabağı geri qaytarmaq, Fələstini yarım əsrdən də çox əsir qaldığı sionist, qaniçənlərdən xilas olması üçün Hüseyn (ə) Kərbəlanın susuz səhrasında bir məktəb açıb. Elə bir meydan ki, əbədiyyətə qədər o məktəbin külfəsini heç kim bağlaya bilməyəcək. Çünki o külfəni açan Allahdır. Allahın qüdrətinə isə heç  bir qüdrət yetməz. Hər kəs Vətənini işğaldan azad etmək istəyir gəlsin Kərbəlaya. Hər kəs  zəmanəsinin Yusiflərini, Hüseynlərini, Museyi–Kazımlarını və sair məsum-məsumlələrini qaranlıqdan, zülmətdən azad etmək istəyir, gəlsin Kərbəlaya. Hər kəs haqq şüarını hayqırmaq istəyir gəlsin Kərbəlaya. Bu məktəbdə elə bir dərd yoxdur ki, ona dərman olmasın».
 
Daha sonra söz çıxış üçün İstanbulun proqram yapımcısı Nebahat Gökə verildi. Nebahat xanım Azərbaycanla Türkiyənin iki dövlət bir millət olduğunu söylədi. Vaxtın darlığını nəzərə alaraq, çox söz danışmaq istəmədiyini dedi: «Mən çox söz danışmayacam. Sadəcə onu bildirim ki, hədislərə görə, Yer üzündə harada nə qədər əzadarlıq məclisləri olsa, İmam Hüseyn göy üzündən o məclislərə nəzər edər. Həmin məclislərdə mərsiyə deyilərkən Yer üzünə mələklər enər və onlar geri qayıtdıqda o biri mələklər soruşarlar: «Hardan gəlirsiz, sizdən çox gözəl ətir gəlir. Onlar da deyərlər ki, İmam Hüseyn məclisindən gəlirik».
 
Nebahat Gök belə bir məclisdə toplaşdığımız üçün çox xoşbəxt olduğunu dilə gətirərək, İmam Hüseynə yazdığı bir şeirini ərməğan elədi.
 
İranın Qum şəhərinin Camətuz Zəhra Universitetitinin tələbəsi  Aminə Hüseyni də məclisdəkiləri  salamladı. Dünyanın bu qarışıq vaxtında, belə vəhdət yarandığına görə Yaradan şükr etdiyini digə gətirdi:  «Bayaq xanım da qeyd elədi, əgər möminlər bir yerə cəm olaraq Allahı zikr etsələr, peyğəmbərdən, imamlardan danışsalar, ora  peyğəmbərin gedib gəldiyi yer olar».
 
O, ilk dəfədir ki, Aşura günündə Azərbaycanda olduğunu dedi: «Burada gördüklərimi heç vaxt unutmaram. Hicablı, ya hicabsız, fərqi yoxdur, hər kəs soyuqların iliyə işlədiyi bir vaxtda, göydən yağış tökdüyü halda İmam Hüseynin eşqinə ayaqüstə sinə vurur, mərsiyə deyirdilər. İmamın adı gələn kimi hər kəsin gözləri yaşla dolur».
Aminə xanım  sonra qadınlara tövsiyəsini də verdi: «Vəzifəmiz analıqdırsa Zəhra olaq, bacıyıqsa, Zeynəb olaq. Elm dalınca gedək. Hətta iki-üç nəfər də olsaq, vəhdəti tərk etməməliyik. Əsl bərəkət çoxluq demək deyil, Allahın nəzərinin o işdə olmasıdır. Onu da deyim ki, İmam Hüseynin eşqi hər kəsdə deyil, ancaq layiq olanlarda olar. Bu nemətin qədrini bilək».
 
Aminə xanım İmam Zamanın zühurunun tezləşməsi üçün də dualar etməyə çağırdı: «Hər kəs deyir, İmam Hüseyn məzlumdur. Mənim fikrimcə isə İmam Mehdi məzlumdur. Çünki İmam Hüseynin onun yolunda fəda olacaq Abbası, Rübabı, Zeynəbi, Əliəkbəri, Əliəsgəri var idi. İmam Zamanın yolunda qurban gedəcək kimi var?»
 
Məclisdə 13 yaşlı Rəsul da öz sözünü dedi. O Zeynəbin Kərbəlada «Gözəllikdən başqa bir şey görmədim» kəlamının aşiqin məntiqi kimi qiymətləndirdi.
 
Tədbir mərsiyə ilə sona çatdı.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru