Kərə yağına qatılan süd piyinin insana ziyanı öyrənilir

Ölkəyə idxal olunan ərzaq məhsullarının keyfiyyətiylə bağlı gündəmə hər dəfə yeni faktlar daxil olur. Bu dəfə isə vətəndaşların narahatlığına səbəb olan məsələ idxal yağlarının keyfiyyət məsələsidir.  Yada salaq ki, Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir müddət əvvəl səfərdə olduğu Yeni Zelandiyada “Westland Milk Products” süd emalı zavodunda və fermer təsərrüfatlarında Azərbaycana idxal edilən yağların hazırlanması və etiketləşdirilməsi prosesiylə tanış olub.
 
Qurum sədri kərə yağı istehsalı ilə məşğul olan zavodların bir faktı təsdiqlədiyini söyləyib. O, kərə yağı hazırlanmasında süddən əldə olunan AMF-dən (süd piyi) istifadə olunduğunu deyib. E.Hüseynov qeyd edib ki, bu maddə birbaşa süddən əldə olunan kərə yağından xeyli fərqlənir və həmin  məhsuldan Azərbaycana da gətirilir.
 
AIB sədri Azərbaycanda saxta Yeni Zelandiya yağlarının olması barədə istehlakçılardan şikayətlər gəldiyini və bu məsələni artıq araşdırdıqlarını deyir:
 
“Yeni Zelandiyaya səfər edərkən kərə yağının hazırlanmasında bu maddənin nə qədər rolu olduğunu təəssüf ki öyrənə bilmədim. Mütəxəssislər də onların işinə daxil olmadığı üçün bunu izah edə bilmədilər. Yəni onlar süd piyni yenidən kərə yağına çevirməyin gərəksiz bir şey olduğunu dedilər. Hazırda bu iş üzərində özümüz araşdırma aparırıq. Süd piyinin orqanizmə ziyanı olub-olmaması, kərə yağından nə qədər fərqləndiyi, tərkibinə nə qatıldığı, onu kərə yağına neçə çevirdiklərini öyrənirik”. /
 

Google+ WhatsApp ok.ru