Kəskin istilərdə tikinti işləri dayanacaqmı?

Kəskin istilərdə tikinti işləri dayanacaqmı?

 
Qanunvericilik işçilərə geniş hüquqlar verir, amma…
Azərbaycanda isti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən mətbuata verilən xəbərə görə, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34-39 dərəcə  isti olacağı gözlənilir.
 
İşlər dayandırılmalı, yoxsa davam etdirilməlidir?
Havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info-ya verilən məlumata görə, işəgötüriənlərə havanın temperaturu +41 dərəcə Ielsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edib.
 
Qanuna əsasən...
İM- hüquq xidmətləri firmasının rəhbəri Yeganə Məmmədova Bizimyol.info-ya bildirib ki, əmək qanunvericiliyinə əsasən soyuq və isti hava şəraitində işçilərə fasilələr verilir. Bu müddəa əmək məcəlləsinin 233-cü maddəsində öz əksini tapıb: “Belə ki, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Hava şəraitlə əlaqədar olaraq verilən fasilə iş saatına daxil edilir, fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
 
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Eyni zamanda, əmək qanunvericiliyi  işəgötürənin üzərinə ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlaması vəzifəsini qoyur”. 
“Əmək Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti müəyyən edilib” - deyə hüquqşunas bildirib. 
 
“İşə götürən termometr götürüb havanın 40 dərəcəni keçməsini gözləməli deyil”
 
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsində ilin soyuq vaxtı, açıq havada və ya isdilməyən, örtülü binalarda və “İsti havalarda işin dayandırılması və işçilərə fasilələrin veriməsi barədə” xüsusi bölmələr var. Bu Məcəllədə hansı havada işləmək olar, hansı havada iş dayandırlmaıdır və s. bu kimi məsələlər yer alıb: “Məsələn, qeyd olunur ki, havanın temperaturu +41 dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır. Bu maddə süni halda soyutma imkanları olan iş yerlərinə aid edilmir. Burada ancaq süni şəraitdə sərinləşdirmə imkanları olmayan iş yerləri nəzərdə tutulur. Belə iş yerlərində bütün növ işlər dayandırılmalıdır”.
 
S. Məmmədov «ekspress»ə bildirib ki, bu qaydalara hansı dərəcədə əməl edilməsi başqa problemdir: “İşə götürən termometr götürüb havanın 40 dərəcəni keçməsini gözləməli deyil. O hiss edirsə ki, işləmək mümkün deyil, işi saxlamalıdır. İşçilər üçün müəyyən tədbirlər görülməlidir. Temperatur +41 dərəcəni keçdikdən sonra isə iş mütləq saxlanılmalıdır”. /

Google+ WhatsApp ok.ru