KƏRBƏLA ŞƏHİDİ: ƏBU SƏMAMƏ SAİDİ (VƏ YA SEYDAVİ)

KƏRBƏLA ŞƏHİDİ: ƏBU SƏMAMƏ SAİDİ (VƏ YA SEYDAVİ)

Həmdan qəbiləsindən olan Əbu Səmamə Saidi Kufədə yaşayırdı. Şiə aləminin tanınmış şəxsiyyyətlərindən və imam Əlinin (ə) səhabələrindən idi. O, imam Əli (ə) şəhadətə yetdikdən sonra imam Həsənin (ə) sadiq səhabələrindən olmuş, Müaviyənin ölümündən sonra isə, imam Hüseynə (ə) məktub yazaraq Kufəyə dəvət etmişdir.

İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqil Kufəyə daxil olduqda, Təmim və Həmdan qəbilələrinin başçısı olaraq Əbu Səmamə Saidi ona yardım göstərmiş və onun xidmətində dayanmışdır. Müslim, şiələrdən yardım toplamağı və silah-sursat almağı ona həvalə etmişdir. Onun başçılığı ilə Kufə şiələri Übeydullah ibn Ziyadın əleyhinə yürüş edib, Kufə “darul-imarə”sini mühasirəyə almışdılar. Lakin kufəlilər Müslimə xəyanət edib, onu yalqız qoyduqda, Əbu Səmamə də məxfi olur. İbn Ziyadın məmurları ona axtarsalar da, ələ keçirə bilmirlər.

Nəhayət, Əbu Səmamə, Nafe ibn Hilal ilə birlikdə Kərbəla yolunda imam Hüseyn (ə) qoşulur. Nəql olunur ki, O, Aşura günü günorta vaxtı, döyüş əsnasında imam Hüseynin (ə) hüzuruna gəlib deyir: “Ey Əba-Əbdillah! Canım sənə fəda olsun! Görürəm ki, düşmən sənə yaxınlaşır. Allaha and olsun, onlar məni öldürməyincə, sənə zərər yetirə bilməzlər. Amma Allaha and olsun, istərdim ki, vaxtı yaxınlaşmış namazı səninlə qıldıqdan sonra Allahın görüşünə gedim.”

İmam Hüseyn (ə) başını qaldırıb buyurdu:

ذَکَّرْتَ الصَّلاهَ، جَعَلَکَ اللّهُ مِنَ الْمُصَلِّینَ الذّاکِرینَ! نَعَمْ، هذا اَوَّلُ وَقْتِها

“Namazı yada saldın, Allah səni namaz qılanlar və zikr edənlər sırasında qərar versin. Bəli, namazın əvvəl (fəzilətli) vaxtıdır.”

Əbu Səmamə Saidi son namazını şəhidlər sərvərinə iqtida etdi. Namazdan sonra İmama (ə) ərz etdi: “Ey Əba-Əbdillah! Şəhid dostlarıma qovuşmaq istəyirəm, sağ qalıb sizi tək-tənha və öldürülmüş halda görmək mənə ağrıdır.”

İmam (ə) döyüşə getmək üçün ona icazə verdi və buyurdu: “Biz də tezliklə sənə qovuşacağıq.”

O, İmamla (ə) vidalaşıb, döyüş meydanına qədəm qoydu və o zaman bu rəzəci oxuyurdu:

عَزاءً لِآلِ الْمُصْطَفى وَبناتِهِ                      على حَبْسِ خَيْرِ الناسِ سِبْطِ محمّدٍ

عَزاءً لِزَهراءِ النَّبِىّ وَزُوْجِها                       خَزانَةِ عِلْمِ اللَّهِ مِنْ بَعْدِ أحمدِ

عَزاءً لِاهْلِ الشَّرْقِ وَالْغَرْبِ كُلّهِم                        وحُزْناً على حَبْسِ الحسين المسدَّدِ

مَنْ مُبْلِغٌ عَنّى النّبى وَبِنْتَه                     بأنَّ ابْنَكُمْ فى مَجْهَدٍ أَىِّ مَجْهَدٍ

“İnsanların ən yaxşısı olan Peyğəmbər (s) nəvəsinin başına gələnlərə görə Peyğəmbərin Əhli-beytinə və qızına başsağlığı verirəm; həzrət Zəhraya (s.ə.) və onun Peyğəmbərdən (s) sonra ilahi elmin xəzinədarı olan həyat yoldaşına – imam Əliyə (ə)! Bütün şərq və qərb əhlinə başsağlığı verirəm. Düzdanışan Hüseyn çətinlikdə olduğu üçün qəmliyəm. Elə isə, kim mənim peyğamımı Peyğəmbərə və onun qızına çatdıra bilər ki, oğlunuz çətinlikdədir, necə də böyük çətinlikdə?!”

Əbu Səmamə bu döyüşdə Ömər Sədin qoşununda olan əmisi oğlu Qeys ibn Abdullah Saidini öldürdükdən sonra, özü də şəhadətə yetdi. Onun da adı “Nahiyeyi-müqəddəsə” ziyarətində qeyd olunmuşdur:

السلام علی ابی ثمامه عمربن عبدالله الصائدی

“Salam olsun Əbu Səmamə Əmr ibn Abdullah Saidiyə!” (“Əbsarul-eyn”, səh.69-70; “Müntəhəl-amal”, 1-ci cild, səh.669.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru