Kənd məktəblərinin görünməyən tərəfləri

Kənd məktəblərinin görünməyən tərəfləri

Məktəblər həyatımızda xüsusi və vacib rol oynayır. Məktəbdə aldığımız təlim, təhsil və tərbiyə bütün həyatımızın ilk təməl daşı, bünövrəsidir. Bəs, kənd məktəblərində yüzlərlə şagirdin qoyulmuş və ya qoyulacaq olan bünövrəsi nə qədər möhkəmdir?
 
Dəfələrlə bir çox kəndlərdə təhsil ocaqlarının istifadəyə yararsız halda olduğunun şahidi olmuşuq. Amma bu, necə deyərlər, aysberqin yalnız görünən tərəfədir. Əsas və illərdir həll olunmayan məsələlər isə suyun altında gizlənir. Bəs nədir bu görünməyən tərəflər? Gündəlik pulu. Bu gün fərqli məktəblərdə təhsil alan bir neçə şagirdlə apardığım söhbət nəticəsində öyrəndim ki, tədris ilinin əvvəlində gündəlik üçün hər şagirddən ən az 1 AZN yığılır, amma gündəlik verilmir. 
 
Sual yaranır: Bəs bu pul hara, kimim cibinə gedir? Nə işə yarayır? 
 
İstilik. Əksər kənd məktəblərində istilik sistemi odun sobasından ibarətdir. Odun isə məktəb tərəfindən alınmır. Hər sinifdən müəyyən məbləğdə pul yığılır və odun alınır. Şagirdlər deyirlər ki, sobaya sadəcə bir dərs müddətinə yetəcək qədər (45 dəqiqə) odun atılır, növbəti dərs saatlarında isə nə odun üzü görən olur, nə istilik hiss edən. 
 
İstedada və istedadlılara verilən qiymət. Kənd məktəblərinin bir çoxunda istedad "Həsən ağanın qohumu" olmaqla ölçülür. Şagirdlərdən hansısa rəsm çəkməyi, şeirlər yazmağı bacarırsa, adamı valeh edən səsi varsa, ancaq "Həsən ağanın qohumu" deyilsə, demək heçbir istedadı da yoxdur və məhz bu "Həsən ağalar" və onların "qohumları"na görə onlarla bacarıqlı uşaq və gənc qol-budaq atmamış əzilirlər, məhv olurlar. 
 
Kənd məktəblərinin birində könüllü olan Beynəlxalq Sülh Korpusu işçisi Andreu Kristian Repp bu "aysberqin görünməyən tərəflərini" görərək demişdi: "Kənd məktəblərində elə şagirdlər var ki, mən onlara görə hönkür-hönkür ağlamaq istəyirəm. Çünki onlar istedadlarını üzə çıxarılmalı olduğu halda, ilboyu bitməyən "fond pulu" verməklə, buz kimi siniflərdə donmaqla təhsillərini almış olurlar”. (modern.az) /

Google+ WhatsApp ok.ru