Kəskin bahalığa səbəb ola biləcək addım

Kəskin bahalığa səbəb ola biləcək addım

-- Azərbaycan ölkəyə idxalı məhdudlaşdıra bilər?

"Exo" qəzetində isə "Azərbaycan ölkəyə idxalı məhdudlaşdıra bilər?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkəyə idxal məhsullarının azaldılması gözləntilərini və bunun nəticələrini iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edir.
 
Müəllif deyir ki, iqtisadiyyatdakı qeyri-sabitlik, habelə dollara nisbətdə manatın ucuzlaşması əhalinin alıcılıq qabiliyyətinin azalmasına, bu isə öz növbəsində Azərbaycana idxal edilən məhsulların kəmiyyətinin enməsinə səbəb olub.
 
Yazı müəllifi deyir ki, son aylarda müşahidə olunan manatın sabitliyi idxalı "reanimasiya" edib və idxal artım nümayiş etdirir: "Bəzi iqtisadçılar bunda yaxşı cəhət görmürlər, belə ki, piştaxtalardakı əmtəə müxtəlifliyi müsbət sayılsa da, bahalıq məhsullara əlçatanlıq yaratmır. İdxal məhsullarının artımı zəruri olan məhsulların bahalaşması, yerli istehsalın inkişafını əngəlləmək təhlükəsi yaradır".
 
Ekspert N.Cəfərli də manatın sabitliyinin müəyyən mənada ölkəyə idaxal məhsullarının artmasına səbəb olduğunu təsdiq edir: "Kimsə deyirsə ki, bu, yerli iqtisadiyyata olduqca mənfi təsir edə bilər və sadəcə sərhədləri bağlamaq lazımdır, bundan sonra yerli istehsal canlanacaq, qətiyyən belə deyil. Əgər idxal mallarına sərhədləri bağlasaq, bu, ölkədə total qıtlığa, kəskin qiymət artımına səbəb olacaq. Bu isə yerli bazarda onsuz da zəif olan rəqabətin ölümü deməkdir".
 
Ekspert hesab edir ki, bu yol ilə qətiyyən getmək olmaz, çünki, istehlakçı üçün ilk yerdə duran əmtəə müxtəlifliyi, onun keyfiyyəti və qiymətidir.
 
N.Cəfərli deyir ki, bazarda nə qədər çox məhsul olsa, o qədər yaxşıdır, bu müstəvidə "vətənpərvərlik" yerimir, yerli istehsalı stimullaşdırmaq naminə buraya inzibati müdaxilə də müsbət heç nə vəd etmir.
 
Ekspertə görə, yerli istehsalı stimullaşdırmaq üçün sərhədi idxala bağlamaq yox, yerli sahibkarlara kredit əlçatanlığı yaratmaq lazımdır, çünki hazırda kreditlər iş adamlarına yüksək faizlə və qısa müddətə verilir: "Təsəvvür edin, iş adamı çayçılıqla məşğul olmaq istəyir, kredit götürüb, çay kolları basdırıb, məhsul 5-6 ildən sonra olacaq, bu müddətdə isə kredit faziləri 3 dəfə artacaq. Belə halda iş adamı 15-20 il kredit ödəməlidir. Belə kredit verilməsi şəraitində kənd təsərrüfatı ilə kim məşğul olacaq? Yerli istehsal bazarında əsas problem onun inkişafı üçün əlverişli şəraitin olmamasıdır".
 
N.Cəfərli deyir ki, əgər dövlət gəlir vergisini, gömrük rüsumlarını azaltsa, kreditləşdirmə imkanlarını genişləndirsə, yerli istehsal inkişaf edə biləcək.
 
Ekspert rəsmi Bakının ölkə əhalisini yerli məhsullarla 70% təmin etməsi barədə bəyanatlarını da əsassız sayr və bunun ən yaxşı halda 50% və ya ondan da aşağı olduğunu vurğulayır.
 
Onun sözlərinə görə, bir çox məhsullar ölkədə sadəcə qablaşdırılır, üzərinə Azərbaycan etiketi vurulur, amma özü idxal məhsuludur və yerli istehsalın nəticəsi deyil.(contact.az)
 

Google+ WhatsApp ok.ru