KƏRBƏLA HƏRƏKATI – ŞƏRƏF VƏ LƏYAQƏT ANLAYIŞININ DİRÇƏLİŞİ-2

KƏRBƏLA HƏRƏKATI – ŞƏRƏF VƏ LƏYAQƏT ANLAYIŞININ DİRÇƏLİŞİ-2

İmam Hüseynin (ə) yaşadığı dövrdə əxlaqi dəyərlər Əməvi sülaləsinin girovuna keçmişdi. Onlar şəhvətpərəstlik və nəfsə qulluğu müsəlman cəmiyyətində yayaraq ilahi mərifət və fəzilətləri yaddaşlardan silməyə çalışırdılar. Lakin imam Hüseyn (ə) öz hərəkatı ilə dinin əl-qoluna vurulan bu əsarət zəncirlərini qırmağa müvəffəq oldu.

Zillət və rəzalətdən uzaq olmaq o həzrətin dəyərli kəlamları və çıxışlarında sıx-sıx rast gəlinən bir məqamdır. İmam Hüseyn (ə) at üstündə qılınc çalarkən də, qətlgahda ox və nizə yağışına məruz qalarkən də, düşmən qarşısında əyilməyən başı kəsilərək nizəyə keçirilərkən də şüarından vaz keçmədi. Gəlin, həmin şüarlar və bəyanatlardan bəziləri ilə tanış olaq:

1. İzzətli ölüm zillət içində yaşamaqdan daha yaxşıdır. (“Biharul-ənvar”, c.44, səh.192.)

2. Bu haramzadə oğlu haramzadə (Yezid) məni qılıncla zillət arasında seçim qarşısında qoymuşdur. Əsla! Zillət bizdən uzaqdır! Bunu bizə Allah, Onun Peyğəmbəri (s), möminlər, qucağında böyüdüyümüz ismətli analar və izzət sahibləri sələflərimiz yasaq etmişdir. (“Əl-ehticac”, c.2, səh.99.)

3. And olsun Allaha! Nə zəlilcəsinə onlara beyət əlini sıxacaq, nə də kölələr tək (döyüş meydanından) qaçacağam! ...Ey Allah bəndələri! Mən haqq-hesab gününə inanmyan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram.(“Biharul-ənvar”, c.45, səh.6.)

Son cümlə həzrət Musanın (ə) Firon qarşısında söylədiyi sözlərdir. (“Qafir”/27.) İslam Peyğəmbəri (s) isə bununla bağlı belə buyurmuşdu: Kim könüllü surətdə doyunduruq altında yaşamağı qəbul edərsə, bizdən – Əhli-beytdən deyildir!” (“Biharul-ənvar”, c.77, səh.162.)

Şəhidlər sərvəri imam Hüseyn (ə) bəşəriyyət üçün ilahi mərifət və əxlaqi dəyərlər zəminində yeni bir səhifə açmış, insana şərəf və ləyaqət kimi mənəvi dəyərləri xatırlatmışdı. Ona təkəbbürlü olduğunu söyləyənlərə öyünməyə yalnız uca Allahın haqq olduğunu bildirərək, ...Şərəf-şan (izzət) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur... (“Munafiqun”/8) – ayəsini xatırladır və özünün də uca Yaradanın izzətinin bir məzhəri olduğunu vurğulayırdı.

Allah-Taala “Hücurat” surəsinin 13-cü ayəsində bütün insanların bir ata-anadan yaradıldığını xatırladaraq bəndələrinə bəyan edir ki, sizin aranızda heç bir fərq yoxdur və içinizdən ən şərafətliləriniz daha artıq təqvalı olanlarınızdır: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq... Allah yanında ən hörmətli olanınız ən çox təqvalı olanınızdır (Allahdan ən çox qorxanınızdır).

Bu üstünlük və məziyyət mənəviyyat zəminindədir və dünya həyatı ilə deyil, axirətlə bağlıdır. Bu ayəyə əsasən, bütün bəşər fərdləri, hətta bir soyun və ailənin mənsubları belə bərabər hüquqa malikdirlər.

Əziz Peyğəmbərimiz (s) Məkkənin fəthindən sonra xalqın hüzurunda irqçilik və nəsəbpərəstliyin qadağan edilməsinə dair bəyənatla çıxış edərək buyurmuşdu ki, bütün insanlar Allahın yaratdığı bəndələri və Adəmin törəmələridir, Adəm isə torpaqdan yaradılmışdır: Nə ərəbin əcəmdən bir üstünlüyü var, nə də ağdərililərin qaradərililərdən!(“Biharul-ənvar”, c.22, səh.348.)

Şəhidlər sərvəri imam Hüseyn (ə) də öz növbəsində çıxışlarında, məktublarında, davranışlarında, bir sözlə, həm söz, həm də əməldə bütün bəşər fərdlərinin bərabər hüquqa malik olmasını, bütün irq və xalqların bərabərliyini açıqlayır, həm zülmün, həm də zülmə boyun əyməyin qəbuledilməz və istənilən növ boyunduruğu qəbul etməyin İslam dəyərlərinə zidd olduğunu bəyan edirdi. (“İmam Hüseyn (ə) və əqlin inkişafı“, səh.205-207.)

Maide.Az

İlk yazını BURADAN oxuya bilərsiz.

 

Google+ WhatsApp ok.ru