Kərbəla inqilabının fəlsəfəsi – Dini-ilahi vəzifəyə əməl-1

Kərbəla inqilabının fəlsəfəsi – Dini-ilahi vəzifəyə əməl-1

İctimai fenomenlər içrə böyük əhəmiyyət kəsb edən, digər ictimai fenomenlərdən hərtərəfli fərqlənən Kərbəla inqilabına birtərəfli və birmənalı yanaşmaq, təbii ki, onun düzgün fəlsəfəsinin dərkində böyük maneədir. Bununla yanaşı, yalnız onun fəlsəfəsini təşkil edən amillərin hərtərəfli mülahizəsi də onunla bağlı bütün həqiqətləri üzə çıxarmır, əksinə burada ən mühüm məsələ qəpik pulun digər üzü kimi hər bir amilin münasib paya malik olmasıdır. Bunları yanaşı qoyduqda, İmam Hüseynin (ə) öz inqilabının fəlsəfəsi ilə bağlı bəyan etdiyi kəlamlarında bütün amillərlə müqayisədə ən önəmli məsələ o Həzrətin öz dini-ilahi vəzifəsinə əməl etməsidir. İmam Hüseyn (ə), Abdullah ibn Cəfərin cavabında dini-ilahi vəzifəsini belə bəyan edir: “Mən bir vəzifəyə əmr olumuşam və ona əsasən əməl edəcəyəm.” (“Tarixi-Təbəri”, c.5, səh.388.)

Məkə-Kufə yolunda Hürr ibn Yezid Riyahinin qoşunu ilə üzləşib, onlar tərəfindən Kufəyə gedib Yezidlə beyət etməyə, ya Kufədə, ya da Kufə ilə Mədinədən başqa bir məntəqədə düşərgə salmağa məcbur olunduqda, öz dostlarına xitabən buyurdu: “Hər kim Allahın haramlarını halal edən, Allahla əhdini pozan, Peyğəmbərin (s) sünnəsi ilə müxalifətçilik edən və Allahın bəndələri arasında günah və haqsızlıqla rəftar edən bir hakimi görüb sözü və rəftarı ilə onunla mübarizə aparmasa, Allah onu (Qiyamət günü) həmin zülmkar hakimlə məhşur edəcəkdir. Agah olun, bu zülmkarlar şeytana itaət etmiş, Allaha itaəti tərk, fitnə-fəsadı aşkar, ilahi qanun və hökmləri tətil etmişlər. Müsəlmanlara çatacaq mal-dövləti onlara xərc etmək əvəzində özlərinə götürür, Allahın haramını halal, halalını isə haram edirlər. Belə bir vəziyyətdə, mən qiyam etməyə daha layiqli şəxsəm. (“Tarixi-Təbəri”, c.5, səh.403.)

İmam Hüseyn (ə) Zi-Husum məntəqəsinə çatdıqda, Allaha həmd-səna etdikdən sonra öz dostları, hətta onları mühasirəyə alan Hürr ibn Yezidin qoşununa xitabən buyurdu: “Siz vəziyyətdən xəbərdarsınız və qarşıya çıxan şəraiti müşahidə edirsiniz. Dünya və zəmanə dəyişilmiş, qaralmış və pisləşmiş, yaxşılıqlar isə arxa çevirmiş və bu vəziyyət öz yerini tutmuşdur... Məgər haqqa əməl olunmadığını və batilin qarşısının alınmadığını görmürsünüz? (Belə bir şəraitdə) mömin, Rəbbi ilə görüşmək (şəhadət) üçün hazır olmalıdır və mən bu yolda ölümü şəhadətdən və zülmkarlarla yaşamağı zəlillikdən başqa bir şey bilmirəm.” (“Tarixi-Təbəri”, c.5, səh.404; “Təzkirətül-xəvass”, səh.240; “Əl-bidayətü vən-nihayə”, c.8, səh.172.)

İmam Hüseyn (ə) bu xütbələrdə öz inqilabında rol oynayan və bütövlükdə Kərbəla inqilabının fəlsəfəsini təşkil edən müxtəlif amillərdən söz açır və Əməvi hakimlərini o dövrün cəmiyyətinin ən mühüm problemi hesab edir. Həqiqətdə, o Həzrət dini-ilahi vəzifəsinə əsasən, aşağıdakı ünsürlərlə mübarizə aparmışdır:

–Zülmkar hakimlər;

–bidət və haramxorluq (Allahın halalını haram saymaq);

–ilahi əhd-peymanın pozulması;

–sünnənin pozulması;

–xalqa zülm və haqsızlıq.

Növbəti xütbəsində isə belə buyurur:

–haqqa əməl olunmur;

–batilin qarşısı alınmır. Hər bir müsəlman və möminin vəzifəsi bunlarla mübarizə aparmaq və şəhadətə hazır olmaqdır.

O həzrət açıq-aşkar buyurur ki, belə bir şəraitdə yaşamaq zillət və bədbəxtlik, azğınlıq və əyriliklərlə mübarizə aparıb bu yolda ölmək isə səadətdir. (“İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.236-239.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru