Kərbəla caniləri - Xuli ibn Yezid Əsbəhi

Kərbəla caniləri - Xuli ibn Yezid Əsbəhi

Kərbəla faciəsinin əsas canilərindən biri də Xuli ibn Yezid Əsbəhidir (?-67 h.q.). O da Kərbəla faciəsinin əksər səbəbkarları kimi “Aşura” günündən əvvəl tanınmırdı. Bu səbəbdən də, tarixdə və “rical” mənbələrində onun Kərbəla inqilabından qabaq həyatı, fəaliyyəti və etiqadı barəsində bir məlumat verilməmişdir.

Xuli Kərbəlada böyük cinayətlərə əl atdı ki, onlardan biri İmam Əlinin (ə) oğlu Osmanı şəhadətə yetirməsidir. İmam Əlinin (ə) Ümmül-Bənindən olan oğlu Osmanın 21 yaşı vardı və qardaşı Ömər ibn Əli şəhadətə yetdikdən sonra aşağıdakı beytləri oxuduğu halda mübarizə meydanına üz tutdu:

انى انا عثمان ذوالمفاخر

شيخى على ذوالفعال الظاهر

و اين عم النبي الطاهر

اخى حسين خيرة الاخيار

و سيد الكبار و الاصاغر

بعد الرسول والوصى الناصر

“Mən Osmanam, iftixar sahibiyəm. Atam və hidayətçim Əlidir ki, həyat tərzi aydındır. O, pak Peyğəmbərin (s) əmisi oğludur. Peyğəmbərdən (s), onun canişini və yardımçısından sonra gənclər sərvəri və böyük qardaşım Hüseyndir ki, xeyirxah və yaxşı insanların öndəridir.”

Xuli ibn Yezid Əsbəhi kamanına bir ox qoyub ona tərəf atdı və onu şəhadətə yetirdi. (“Tarixi-Təbəri”, c.3, səh. 243; “Əl-kamil”, c.2, səh.581; “Ənsabul-əşraf”, c.3, səh. 201.)

Osmandan sonra meydana qədəm qoyan Ümmül-Bəninin başqa bir oğlu Cəfər ibn Əlinin şəhadətə yetirilməsi Xulinin Kərbəlada cinayətlərinin digər bir hissəsini təşkil edir. Cəfər qardaşının şəhadətindən sonra mübarizə meydana qədəm qoyaraq son nəfəsinə qədər döyüşür və nəhayət, Xulinin onun alnı və ya gözünə vurduğu zərbə ilə şəhadət məqamına nail olur. (“Tarixi-Təbəri”, c.3, səh. 333.)

Şərhidlər sərvəri İmam Hüseynin (ə) mübarək başının Kufəyə aparılması

İmam Hüseynin (ə) şəhadətindən öncə Həzrətin xeyməsinə hücum edən və Həzrətin nifrətinə səbəb olan şəxslərdən biri də Xuli idi. Məşhur nəzərə görə, Həzrətin mübarək başını Şümr ibn Zilcövşən və ya Sənan kəssə də, bəzi rəvayətlərdə Xuliyə nisbət verilmişdir. (“Kəşful-ğummə”, c.2, səh. 262; “Tarixi-Təbəri”, c.3, səh. 333-335; “Əl-bidayətu vən-nihayə”, c.8, səh. 300; “Əl-kamilu fit-tarix”, c.2, səh.572 və c.3, səh.628.)

O, İmamın (ə) mübarək başını nizəyə keçirərək, “Aşura” günü, günortadan sonra Kufəyə doğru hərəkət etdi ki, onu Übeydullah ibn Ziyada başqalarından tez çatdırıb mükafat alsın. Kufəyə çatdığı zaman, artıq gecikmiş, Kufə sarayının qapısı bağlanmış və idarə vaxtı bitmişdi. Buna görə də, evinə qayıtdı və İmamın (ə) başını evindəki təndirdə gizlətdi. Onun iki zövcəsi var idi: biri “Bəni-Əsəd”, digəri isə “Hizri-Yəmin” tayfasından idi. Xuli həmin gecə “Hizri-Yəmin” tayfasından olan və Malik ibn Əqrəbin qızı Ənludərin otağına getdi. O, Əhli-beyt (ə) şiəsi idi və hadisədən xəbərdar olduqda, ərini danladı. O, bu hadisə haqqında belə nəql edir: “Xuli, İmam Hüseynin (ə) mübarək başını təndirdə gizləmişdi. O, evə gəlib mənimlə yatmaq istədikdə, “Nə olub? Özünlə nə gətiribsən?” – deyə soruşduqda dedi: “Dünya sərvəti ilə birgə sənin yanına gəlmişəm. Özümlə gətirdiyim Hüseynin (ə) başıdır.” Dedim: “Vay olsun sənə! Başqaları qızıl-gümüşlə evinə qayıdır, sən isə Peyğəmbərin (s) övladının başı ilə?! Allaha and olsun, bundan sonra mənim başımı öz başınla bir balışda görməyəcəksən. Bunu deyib yatağımdan qalxdım və evdən çıxdım. O, “Bəni-Əsəd” tayfasından olan zövcəsinin yanına getdi. Mən oturub təndirə baxırdım. Allaha and olsun ki, təndirdən səmaya qalxan nurdan bir sütun müşahidə edirdim. Həmçinin səfir quşlar görürdüm ki, təndirin ətrafına dolanır və təvaf edirdilər. (“Tarixi-Təbəri”, c.5, səh.454-455; “Əl-fütuh”, c.5, səh.136.)

Xuli Məhərrəm ayının 11-ci günü İmamın (ə) mübarək başını Übeydillah ibn Ziyada təhvil verdi. O, 64-cü hicri-qəməri ilində Muxtarın məmurlarının vasitəsilə tutuldu və öz çirkin əməllərinin cəzasına yetişdi. (“İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.177-180.)

Tərcümə edən: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru