Kərbəla şəhidi – Hürr ibn Yezid Riyahi

Kərbəla şəhidi – Hürr ibn Yezid Riyahi

Hürr ibn Yezid Riyahi Kufənin tanınmış şəxsiyyətlərindən biri və öz qəbiləsinin başçısı idi. İbn Ziyad onu İmam Hüseynə (ə) mane olmaq üçün min nəfərlik qoşuna başçı təyin etdi. Hürr Aşura günü İbn Sədin müharibə qərarının ciddi olduğunu gördükdə qorxdu və yavaş-yavaş Yezidin qoşunundan kənaralaşdı.

Mühacir ibn Ovs, Hürrün iztirab və təşvişini gördükdə dedi: Allaha and olsun, indiyə qədər səni belə halətdə görməmişdim, əgər indiyə qədər məndən “Kufənin ən şücaətli şəxsi kimdir?” – deyə soruşsaydılar, ancaq səni göstərərdim!

Hürr dedi:

 

إنّي وَاللَّهِ أُخَيِّرُ نَفْسي بَيْنَ الْجَنَّةِ وَالنَّارِ وَلا أخْتارُ عَلَى الْجَنَّةِ شَيْئاً

 

“Özümü Cənnətlə Cəhənnəmin arasında görürəm, amma bədənim parça-parça olsa və məni odda yandırsalar da, heç nəyi Cənnətdən üstün tutmaram!”

Nəhayət, Hürr qərara gəldi və İmam Hüseynin (ə) xeyməsinə doğru hərəkət etdi.

İbn Əsir özünün “Tarix” kitabında belə yazır: “Hürr, İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: “Mən inanmazdım ki, bu camaat işi bu yerə çatdırsın, yoxsa, heç vaxt onlarla birgə olmazdım. İndi isə tövbə üçün sizin yanınıza gəlmiş və qərar vermişəm ki, ölənə qədər sizi müdafiə edim və sizin gözünüzün qabağında ölüm. Mənim tövbəm qəbuldurmu?!”

İmam (ə) mehribanlıqla cavab verdi:

 

نَعَمْ، يَتُوبُ اللَّهُ عَلَيْكَ وَيَغْفِرُ لَكَ‌

 

“Bəli, Allah tövbəni qəbul edir və günahlarını bağışlayır.” (“Əl-kamil”, İbn Əsir, c.4. səh.64.)

Tarixin səhifələrində Hürrün İmam Hüseynin (ə) yanına gələndən sonra Allahla belə münacat etdiyini oxuyuruq:

 

أللَّهُمَّ إِلَيْكَ انيبُ فَقَدْ أَرْعَبْتُ قُلوبَ أَوْلِيائِكَ وَأَوْلادِ نَبِيِّكَ‌

 

“İlahi, Sənin dostlarının və Peyğəmbərinin (s) övladlarının qəlblərinə qorxu saldığım üçün Sənə üz tutub tövbə edirəm.” (“Əmali”, Şeyx Səduq, səh.223; “Biharul-ənvar”, c.44, səh.319.)

Xarəzmi öz kitabında yazır: “Hürr tövbə edəndən sonra İmam Hüseynə (ə) dedi: “Ey Allah Rəsulunun (s) övladı! Mən sizin yolunuzu kəsən birinci şəxsəm. İcazə verin, Qiyamət günü əlimi cəddinizin əlinin üstünə qoymaq ümidilə, sizin qarşınızda birinci mən şəhid olum!”

İmam Hüseyn (ə) buyurdu: Sən Allahın tövbələrini qəbul etdiyi kəslərdənsən.” (“Məqtəlul-Huseyn”, Xarəzmi, c.4, səh.10.)

Bəli, o, meydana ilk gedib şəhid olan şəxs idi.

Amma Təbəri və İbn Kəsirin qeydlərinə görə, Hürr Həbibin şəhadətindən sonra və zöhr namazından öncəq Züheyr ibn Qeynlə birlikdə düşmənə hücum etdi, belə ki, hər biri düşmənin mühasirəsinə düşdükdə, o biri digərinin köməyinə gedir və onu düşmənin mühasirəsindən çıxarırdı. Sonda Hürrün atının ayaqlarını kəsdilər, amma o, eləcə vuruşurdu. (“Təbəri tarixi”, c.4, səh.366; “Əyanuş-şiə”, c.4, səh.614.)

Başqa bir rəvayətə əsasən, Hürr şücaətlə vuruşur və bu rəcəzi oxuyurdu:

 

إنّي أَنَا الحُرُّ ومُؤوِى الضَّيْفِ‌

اضْرِبُ في أعْراضِكُم بِالسَّيفِ‌

عَنْ خَيْرِ مَنْ حَلَّ بِلادَ الخيفِ‌

أَضْرِبُكُمْ وَلا أرى‌ مِنْ حَيْفٍ‌

 

Həqiqətən, mən qonaqlarımın ev sahibi olan Hürrəm, qılıncımı üstünüzə çəkirəm, Xeyf şəhərinin (Məkkə məntəqəsi) ən yaxşı insanını müdafiə edir, sizinlə vuruşur və lümdən) qorxmuram.”

Hürr fəryad cəkərək vuruşurdu, nəhayət, İbn Sədin piyada qoşunu ona hücum edib şəhadətə yetirdi.

İmamın (ə) əshabı Hürrü yarıcan halda xeyməyə gətirdi. İmam (ə) onun başı üstündə oturub üzünün qanını sildi və buyurdu:

 

أَنْتَ الْحُرُّ كَما سَمَّتْكَ أُمُّكَ وَ أنْتَ الْحُرُّ فِي الدُّنْيا وَالْآخِرَةِ

 

“Sən hürr və azadsan, necə ki, anan səni belə adlandırb. Sənsən dünya və axirətdə azad insan!” (“Həyatul-imamil-Huseyn”, c.3, səh.321; “Biharul-ənvar”, c.45, səh.14; “Əmali”, Şeyx Səduq, 30-cu məclis; “Məqtəlul-Huseyn”, Xarəzmi, c.2, səh.11.)

Başqa bir rəvayətdə belə nəql olunur: Ömər ibn Sədin qoşununda Hürrün yaxınları var idi, onlar İbn Səddən Hürrün cənazəsini dəfn etmək üçün onlara təhvil verməsini xahiş etdilər. Ömər Səd də qəbul etdi. Hürrün cənazəsi indiki ziyarətgah olan yerdə dəfn olundu və başı da bədənindən ayrılmadı. (“Biharul-ənvar”, c.45, səh.14 və “İbsarul-eyn”, səh.120.)

Bir rəvayətə əsasən, İmam Hüseyn (ə) Hürrün haqqında belə buyurdu:

 

لَنِعْمَ الْحُرُّ حُرُّ بَني رِياحِ‌

وَحُرٌّ عِنْدَ مُخْتَلَفِ الرِّماحِ‌

وَنِعْمَ الْحُرُّ إِذْ نادى‌ حُسَيْناً

فَجادَ بِنَفْسِهِ عِنْدَ الصِّباحِ‌

 

“Riyah oğullarından olan Hürr necə də yaxşı azad idi! O, düşmənin nizələri altında azad və səbirli idi. Necə yaxşı azad idi ki, Hüseynə kömək etmək üçün öz hazırlığını bildirdi və səhər çağı canını Hüseynə fəda etdi.” (“Rovzətul-vaizin”, səh.186; “Biharul-ənvar” c.45. səh.14. Bəziləri demişlər ki, bu şer İmam Hüseynin (ə) səhabələrindən birinindir. Bəziləri də İmam Səccadın (ə) şeri olduğunu söyləmişlər. (“Biharul-ənvar”, c. 45, səh. 14.))

 

Hürr ibn Yezid Riyahi bütün yolunu azmış insanlara misilsiz dərs verdi. O da bundan ibarətdir ki, əgər insanın ciddi iradəsı olarsa, uçurumun kənarına qədər getsə də, möhkəm bir iradə ilə dönüş yaradıb Cənnətin yüksək dərəcələrinə qayıda bilər. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.701-707.)

 

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru