KAMİL İNSANIN ŞƏRAFƏT VƏ KƏRAMƏTİ

KAMİL İNSANIN ŞƏRAFƏT VƏ KƏRAMƏTİ

-- Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları...

Allah-Taala Qurani-Kərimin “İsra” surəsinin 70-ci ayəsində buyurur:

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي‌الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلى كَثِير مِمَّنْ خَلَقْنَا تَفْضِيلا

“Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.”

Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “Bu ayənin bəyan tərzi minnət qoymaq şəklindədir; əlbəttə, məlamətlə, danlaqla qarışıq minnət. Sanki Allah-Taala insana verdiyi saysız-hesabsız nemətlərini, ona qıldığı davamlı fəzlini və kərəmini yad edəndən sonra insana bu nöqtəni xatırlatmaq istəyir ki, insanın bu nemətlərə sahib olması, onu asanlıqla ələ gətirə bilməsi və həyatının daha yaxşı idarə olunması üçün, onu dəryada və səhrada miniklərə sahib edəndən sonra insan öz Pərvərdigarını unudub Ondan üz döndərdi və Allahdan bir şey istəmədi. Dəryanın təhlükəsindən qurtulandan sonra yenə də əvvəlki yolunu tutub getdi; baxmayaraq ki, Allahın nemətləri içərisində üzürdü. Allah-Taala bu ayədə öz kəramət və fəzlinin kiçik bir xülasəsini sayır, yetər ki, insan Rəbbinin ona daha çox inayətdə bulunduğunu anlasın. Təəssüflər olsun ki, insan ilahinin digər nemətləri kimi, bu inayətin də qədrini bilmir. (“Əl-mizan”, c.13, səh.165.)

Dünya özünün bütün genişliyi və əzəməti ilə insanın kamala çatması üçün yaradılmışdır. Həqiqətdə, dünyanın yaradılmasında əsas məqsəd insandır. Digər mövcudat tüfeyli olub (başqasının sayəsində yaşayan, digərinin hesabına ömür sürən, varlığında başqasına borclu olan) insanın sayəsində varlıq tapmışlar. Allah-Taala buyurur:

وَهُوَ الَّذِي خَلَقَ السَّمَواتِ وَالاَْرْضَ فِي سِتَّةِ أَيَّام وَكَانَ عَرْشُهُ عَلَى الْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلا

“Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur...” (“Hud” surəsi, ayə 7.)

Mübarək ayənin məzmunu budur ki, Allah-Taala göyləri və yeri, dünya həyatını ona görə yaratdı ki, insanın yaranışına şərait hazırlansın və insanı da imtahan etsin deyə yaratdı. Ayənin məzmunu heyrətdoğrucudur və onun dərki bizim rəftar və təfəkkürümüzə çox təsir qoyur. Allah-Taalanın bu əzəmətdə varlıq dünyasını insanın yaranışı üçün müqəddimə və onun imkanlarından istifadə edib kamala çatması üçün xəlq etməsi bir həqiqətdir ki, insanın daşıdığı məsuliyyətin dərinliyindən və dəyərindən xəbər verir.

Elə isə insan digər mövcudatlar arasında öz varlığının dəyərini dərk etməli və bilməlidir ki, milçək, qurbağa və bu qəbildən olan sadə mövcudatlar kimi deyil. İnsan əzəmətli və dəyərli bir varlıqdır. Onun həyat şəraitinin düzənlənməsi və asanlaşdırılması üçün varlıq qədər əzəmətli bir sərmayə icad edilmişdir. Kainat bu əzəmətlə yaradıldı ki, şüura, iradəyə və seçimə sahib bir mövcudun yaradılış zəmini hazırlanmış olsun. Deməli, mütəfəkkir və aqil bir mövcud olaraq insanın ilk mərhələdə vəzifəsi öz varlıq dəyərini dərk etməsidir, amma bu nöqtənin bütün əhəmiyyəti ilə dərki təklikdə kafi deyil. Bununla yanaşı, insan yaradılış aləmində öz əzəmətli məsuliyyətini də dərk etməli və bilməlidir ki, əbəs yerə, hədəfsiz yaradılmamışdır. Bu dünyanın varlıqları arasında insan digər varlıqlarda olmayan bir xüsusiyyətə malikdir və həmin xüsusiyyət insanın əql nemətinə sahib olmasıdır. İnsanın digər varlıqlara nisbətdə üstünlüyünün və ali varlıq olmasının mənası budur ki, əqldən başqa digər xüsusiyyətlər və sifətlərdə də insan sair varlıqlardan üstündür və digər varlıqlarda olan hər bir kamalın ali həddini insanda görmək olar. Bu məna insanın öz yeməyi, geyimi, yaşayışı və ailə qurmasında əldə etdiyi yeniliklərin sair varlıqlarla müqayisəsində kamil surətdə aydın olur.

İnsan öz məqsədinə nail olmaq üçün digər varlıqları özünə tabe edib xidmətə qoşur. Amma insandan qeyri digər canlılar belə deyildir. Digər varlıqların özlərinə məxsus sadə və bəsit bacarıq və təsir qüvvələri vardır; yarandıqları gündən indiyə qədər öz hüdudlarından bir addım belə irəli atmamış və hiss ediləcək bir dəyişikliyi özlərində büruz verməmişlər. Halbuki insan öz həyatının bütün sahələrində kamala doğru böyük addımlar atmış və bu cür də irəliləməkdədir.

Xülasə, Bəni-Adəm aləmin sair varlıqları arasında xüsusi imtiyazlara malik olmuşdur və əql kimi dəyərli bir neməti özündə daşıdığına görə də, dünyanın digər varlıqlarından şərəfli hesab edilmişdir və onun vasitəsilə haqqı batildən, xeyri şərdən, mənfəəti zərərdən ayıra bilmək qabiliyyətinə malikdir.

Bir sözlə, dünya öz əzəməti ilə insanın yaranışının və onun kama çatmasının müqəddiməsidir. İnsanın ələ gətirməli olacağı kamalın dəyərinin həddini göstərmək üçün bu kifayətdir ki, dünya özünün bu əzəməti və genişliyi ilə var olmasında onun vücuduna borcludur. Baxmayaraq ki, bütün insanlar arasında çox az bir qismi son kamal həddinə çatırlar. Digər insanlar onların vücudlarının sayəsində bir sıra bəhrələrə sahib olurlar. Onların vücudlarının önəmliyi seçilmiş və xas bəndələrin vücudlarına tabedir. Misal olaraq deyək ki, sahəsi 50 kv. metr, olduqca dərin bir mədəndə bir neçə brilyantın tapılması üçün işə başlayırlar. Deməli, əsas hədəf bir neçə brilyantın ələ gətirilməsidir; hərçənd həmin işlə yanaşı mədəndən qazıntı zamanı daş-kömür də çıxarılır, amma bunun o qədər də dəyəri yoxdur. Deməli, əsas hədəf olan brilyantın çıxarılması ilə yanaşı, əhəmiyyəti ikincidərəcəli olan daşlar da çıxarılır və həmçinin yerin süxurları arasında lazımsız çöküntü və tullantılar da var ki, onlar qırağa atılırlar.

Bu dünyanın yaradılmasında pak nurlar olmuşdur. O nurların ən parlağı və əsası on dörd məsumun (ə) nurlarıdır. On dörd məsumdan sonra digər peyğəmbərlərin və kamal dərəcələrinə görə tərtiblə sair şəxslərin nurları onlara qoşulur.

Belə məlum olur ki, ən üstün insani kamal Peyğəmbərdə (s) və Əhli-beytdə (ə) cəm olmuşdur. İnsani kamalın ən aşağı dərəcəsi o kəslərə nail olur ki, başqalarından sonra behiştə daxil olacaqlar. Bu dəstədən başqa, ürəklərində iman nuru olmayan kimsələr tullantıdırlar ki, Allahın qəzəb atəşində yandırılacaqlar:

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيراً مِنَ الْجِنِّ وَالاِْنْسِ لَهُمْ قُلُوبٌ لاَيَفْقَهُونَ بِهَا وَ لَهُمْ أَعْيُنٌ لاَ يُبْصِرُونَ بِهَا وَ لَهُمْ اذَانٌ لاَيَسْمَعُونَ بِهَا ...

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar, onların gözləri vardır, lakin onunla görməzlər, onların qulaqları vardır, lakin onunla eşitməzlər..” (“Əraf” surəsi, ayə 179.)

Cəhənnəmdəkilər bu dünyanın artıq zir-zibilləridirlər. Dünyanın yaradılışının əsas hədəfi Peyğəmbər (s), Fatimeyi-Zəhra (s) və məsum imamlardır. Bu aləm özünün bütün genişliyi və əzəməti ilə fəzilət və kamal baxımından onlardan hər birinin vücudu ilə müqayisə ediləcək dərəcədə deyil. Bəlkə də, onların bir günü bütün bu cahana dəyər. Bu aləmin əsl sahibləri Allah-Taala yanında səadətə qovuşmuş və mənzil tutmuş insanlardır:

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّات وَنَهَر. فِي مَقْعَدِ صِدْق عِنْدَ مَلِيك مُقْتَدِر

“Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, haqq məclisində, qadir hökmdar Allah hüzurunda olacaqlar!(“Qəmər” surəsi, ayə 54-55.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru