Kamran Musayev: `Azərbaycanda ürək-damar xəstəliklərinin yaşı cavanlaşır`

“Çox təəssüf olsun ki, dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərinin yaşı cavanlaşır. Bu gün ürək-damar xəstəliklərindən əziyyət çəkən gəncləri əməliyyat edirik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada ürək-damar xəstəlikləri dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birincidir. Azərbaycanda da eyni vəziyyətdir”.
 
Maide.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib.
 
 
K. Musayev bildirib ki, ötən il Mərkəzi Klinik Xəstəxanada 1000-ə yaxın ürək-damar əməliyyatı icra olunub: “Ümumilikdə götürsək, Mərkəzi Klinik Xəstəxanada 14 illik fəaliyyətimiz ərzində 11 mindən çox ürək-damar əməliyyatı həyata keçirmişik. Hazırda Bakıda və digər şəhərlərimizdə artıq ürək-damar xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan çox gözəl mərkəzlərimiz var və bu mərkəzlərdə çalışan azərbaycanlı kadrlarımız var”.
 
K. Musayev ürək-damar xəstəliklərinin qarşısının alına biləcəyini də qeyd edib: “Ürək-damar xəstəliklərinə yol açan səbəbləri ortadan qaldırsaq, xəstəliyi ən azından ciddi dərəcədə gecikdirmiş olarıq. Əsasən siqaret və digər tütün məmulatlarından istifadə, qan təzyiqinin yüksək olması, şəkər xəstəliyi və yemək-içmək vərdişlərimiz ürək-damar xəstəliyinin ən əsas səbəbləri arasındadır”.

Google+ WhatsApp ok.ru