`Kapital Bank` gücləndirilmiş iş rejiminə keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin satınalması üzrə may ayında tender elan edilib. Tenderdə "Kapital Bank" qalib seçilib və bu ilin iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılıb.
 
Bankdan verilən xəbərə görə, bununla əlaqədar olaraq, müvafiq ƏSMM-lər "Kapital Bank"ın şəhər və rayon filiallarına vətəndaşlar üçün plastik kartların hazırlanması və təqdim olunması ilə bağlı artıq sifarişlərini həyata keçiriblər.
 
"Bank iyul ayının 16-dan etibarən plastik kartların paylanması prosesinə start verib. Hazırda bununla bağlı bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Artıq on minlərlə insan yalnız şəxsiyyət vəsiqəsi ilə bankın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını almış və müvafiq vəsaitləri bankomatlarından nağdlaşdıra bilib. Kartların verilməsini sürətləndirmək məqsədilə Bankın müvafiq filiallarında iş qrafikini dəyişib. Belə ki, filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 - 18:00-dək müştərilər üçün açıq olacaq. Qeyd edək ki, gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq", - deyə bankın məlumatında qeyd edilir.

Google+ WhatsApp ok.ru