`Kaspersky` İnterpolla əməkdaşlığı gücləndirir

`Kaspersky` İnterpolla əməkdaşlığı gücləndirir

Rusiyanın kibertəhlükəsizlik firması olan «Kaspersky Lab» oktyabrın 12-də bildirib ki, qlobal hüquq-mühafizə agentliyi olan İnterpolla əməkdaşlığı genişləndirir, kibercinayətkarlıqla qlobal mübarizəyə yardım məqsədiylə məlumatları paylaşacaq.
 
Bu yaxınlarda media yazıb ki, İsrailin kəşfiyyat rəsmiləri Rusiyanın hökumət hakerlərinin casusluq fəaliyyətində «Kaspersky» proqramından istifadə etdiyini aşkarlayıblar. Kreml bu məlumatları «absurd» adlandırıb.
 
«The New York Times» isə oktyabrın 10-da yazıb ki, İsrailin kəşfiyyat agentləri rusiyalı hakerlərin müdaxiləsini aşkarlayaraq, «Kaspersky» şəbəkəsinə haker hücumu ediblər. Qəzetin yazdığına görə, İsrailin bu xəbərdarlığından sonra ABŞ hökuməti «Kaspersky» proqramını bütün hökumət kompüterlərindən çıxarmağa qərar verib. Səbəb kimi «Kaspersky»nin bəzi rəsmiləri ilə Rusiya kəşfiyyatı və digər hökumət agentlikləri arasında əlaqə göstərilib.
 
«The Wall Street Journal» isə ötən həftə yazıb ki, Rusiya hökuməti «Kaspersky» proqramını kəşfiyyat alətinə çevirməkdən ötrü modifikasiya edə bilib.
 
«Kaspersky» və şirkətin təsisçisi Eugene Kaspersky dəfələrlə Rusiya hökumətiylə hər hansı bağlılığını, yaxud casusluq fəaliyyəti ilə məşğul olmalarını təkzib edib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru