Kasıb olduğunuzu sübut edin...

Kasıb olduğunuzu sübut edin...

-- ünvanlı sosial yardımın (ÜSY) alınması üçün yeni standartlar tətbiq edilib...

Deyəsən, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda yoxsulluğa qarşı mübarizənin orijinal üsulunu tapıb. Allah qorusun, söhbət aztəminatlı ailələrin fiziki məhvindən, mütləq uduşlu lotereya biletlərinin paylanmasından və ya bütün maddi, mənzil və digər problemlərin birdəfəlik həlli üçün külli miqdarda pul ödənilməsindən getmir.
 
2016-cı ildən ölkədə ünvanlı sosial yardımın (ÜSY) alınması üçün yeni standartlar tətbiq edilib. Əgər əvvəllər aztəminatlı ailələr yerli sosial müdafiə mərkəzlərinə şəxsən müraciət etməli olurdusa, ailə tərkibi, ehtiyac meyarının həcmindən aşağı gəlir (hər il bu göstərici dəyişir), bank kreditləri haqda çoxlu sənəd təqdim etməli olurdusa, hazırda bu prosedur kompüterləşdirilib. Elektron sistem bu prosesin korrupsiyalaşmış hissəsini ləğv edib, məsələnin həllini qısaldıb və sadələşdirib. 20-dən çox nazirlik, komitə və digər strukturun məlumat bazasına inteqrasiya edilən e-sistem qısa müddətdə vətəndaşın maddi durumunu aşkara çıxarır və müvafiq qərar verir.
 
Vətəndaşın torpaq sahəsinin, kredit borcunun, hətta köhnə avtomobilinin olması bəzən imtinaya səbəb olur. Ancaq görünür, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün yetərli olmayıb, madam ki, sorğu kitabçasında iddiaçı üçün kommunal xidmətlərə dair əlavə bəndlər də var, niyə bundan istifadə edilməsin. Araşdırma zamanı məlum olub ki, kommunal xidmətlərə görə orta ödəniş məbləği ailənin hər üzvü üçün müəyyən edilmiş yaşayış minimumunun (bu il 173 manat təşkil edir) 10%-dən çoxdursa, ÜSY-dən imtina üçün bəhanəyə çevrilir. Bundan əlavə, mobil operatorların məlumat bazası vasitəsilə ötən ildə vətəndaşın mobil telefon yükünün hansı həcmdə olması yoxlanılır. Əgər məlumat düz deyilsə (kimsə xatırlayırmı ötən il mobil telefonuna nə qədər məbləğ yükləyib?) və bu limit ən azı bir neçə manatı ötübsə, sizi imtina gözləyə bilər.
 
Nazir Səlim Müslümov bunu ədalətli hesab edir. Bu yaxınlarda nazir "Xəzər" telekanalına müsahibəsində aşağıdakıları deyib: "Bəzi imkanlı sahibkarlar öz gəlirlərini gizlətmək üçün mənzillərini, maşınlarını və mobil telefonlarını aztəminatlı qohumlarının adına sənədləşdirir. Bu qohum ÜSY almaq üçün müraciət edəndə məlum olur ki, onun adına bahalı daşınmaz əmlak var. Mən dəfələrlə belə faktlarla qarşılaşmışam. Belə olduğu halda, qoy, varlı qohum aztəminatlı qohumuna yardım göstərsin. Ya da ÜSY meyarlarına uyğun olmaq üçün başqasının villasından, xarici maşınından imtina etmək lazımdır".
 
Cənab Müslümov müəyyən qədər haqlıdır. Əlbəttə, Xəzər sahilində və Qəbələdə mülklər, 100 min avroluq Lamborghini imtina üçün əsas ola bilər. Ancaq elektrik enerjisinə və ya mobil telefona görə ödəniş limitini keçmək vətəndaşın maliyyə durumunun yaxşı olmasına sübut ola bilərmi? Əmək və Əhalinin Müdafiəsi Nazirliyində belə hesab edirlər və ölkədə aztəminatlı ailələrin sayının formal azaldılması üçün orijinal üsul fikirləşib tapıblar. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, son iki ildə Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı iki dəfə azalaraq 80,2 min ailə təşkil edib. Bundan öncə güc-bəla ilə dolanan digər 80 min ailə, görəsən, hansı möcüzəli yolla varlanıb? Niyə qeyri-məhsuldar, əkilib-becərilməsi üçün vəsait (texnika və gübrə) olmayan torpaq sahəsi yaxşı maddi durumun əlaməti sayılır? Həqiqətənmi ÜSY üzrə e-sistem sosial yardım almaq üçün iddiaçı seçimini obyektiv aparır?
 
Faktlara müraciət edək. Bu ilin yanvarında Binəqədi rayon sakini, iki əlil övladı olan Firdovsi Osmanov ÜSY-dən məhrum edilib.
 
2015-ci ildən ailə hər ay 470 manat məbləğində yardım alıb. Ancaq 2017-ci ilin dekabrında ona müavinət verilməsindən imtina olunub, halbuki, onun maddi durumu dəyişməyib, əvvəlkitək səhhətilə əlaqədar işləmir, uşaqlar sağalmayıblar.
 
F.Osmanov bunun səbəblərini öyrənmək üçün rayon sosial müdafiə mərkəzinə müraciət edib. Sənədlərini yoxladıqdan sonra bildiriblər ki, ona yardım düşür. Lakin e-sistem imtina göstərib. Ailənin kommunal xidmətlərə görə borcu isə artıq 1000 manata çatıb.
 
Ağsu rayonunun İlxıçı kənd sakini, 36 yaşlı Səbirə Kərimova ədalət ardınca Bakıya gəlməyib. Yoxsulluq və səfalətdən qurtulmaq üçün intihara əl atıb. Bundan öncə anası ilə telefon söhbətində deyib ki, belə həyatdan yorulub. Məlum olub ki, elektrik enerjisinə olan 280 manat borca görə işığı kəsiblər. Uşaqlar qaranlıqda oturur. Üstəlik, ümid etdiyi ünvanlı yardımdan da imtina ediblər. Həyat yoldaşı kənddə çobandır, çox az pul alır. Kəndlilər deyirlər ki, ailə çox yoxsuldur, niyə müavinətdən məhrum olunduqları məlum deyil.
 
Müstəqil iqtisadçı Natiq Cəfərli Turan-ın müxbiri ilə söhbətində deyib ki, yoxsulluğa qarşı mübarizə, sosial gərginliyin profilaktikası sahəsində bəzi problemlər var.
 
"Ünvanlı sosial yardım almaq imkanları optimallaşdırılmalıdır. Aztəminatlı ailələrin real sayı müəyyən edilməlidir, onların tələbatı öyrənilməlidir, sonra yardımın həqiqətən də ünvanlı olması üçün bu məqsədə yönəldilən büdcə vəsaitlərinin məbləğinə yenidən baxmaq lazımdır. Bundan əlavə, hər ailəyə fərdi yanaşmaq lazımdır, çünki onların vəziyyəti fərqlidir. Qərbdə analoji, ancaq daha effektiv və proqressiv sistem fəaliyyət göstərir. Orada yoxsulluğun səviyyəsi və əhalinin gəlirləri üzrə hesablama aparılır, minimal ərzaq zənbili, yaşayış minimumu, təhsil xidmətləri, kommunal xərclər və s. kimi meyarlardan istifadə olunur. Araşdırmaların əsasında sosial yardımın optimal həcmi müəyyən edilir. Bundan əlavə, ticarət şəbəkələri də bu kateqoriyadan olan əhali üçün endirim kampaniyası həyata keçirirlər. Azərbaycanda belə araşdırma işi aparılmır, inflyasiya və digər amillər nəzərə alınmır. Ona görə də yoxsulluğun səviyyəsi kağız üzərində azalır, reallıqda yox", - N.Cəfərli vurğulayıb.(contact.az)
 

Google+ WhatsApp ok.ru