Keçən il sahibkarlardan 907 milyonluq qanunsuz vergi alınıb

Müzəffər Baxışov: `Normal məhkəmə sistemi olsa, Vergilər Nazirliyinin sahibkarlardan aldığı artıq vergiləri ləğv etmək mümkündür`

Vergilər naziri Fazil Məmmədov 2015-ci ildə sahibkarlardan qanunsuz alınan vergilər barədə danışıb. Nazir vergi sahəsində qanunsuzluqlarla üzləşən sahibkarlara Baş Prokurorluğa və məhkəmələrə müraciət etməyi məsləhət görüb.
 
Fazil Məmmədovun açıqlamasından aydın olub ki, keçən il  sahibkarlar 907 milyon manatlıq verginin qanunsuz alınması iddiasıyla məhkəmələrə müraciət edib.
 
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov "Azadlıq"a deyib ki, hüquqi və fiziki şəxslərin vergi ödəmə fəaliyyətini yoxlaması və nəticələrlə bağlı vergi müfəttişlərinin tərtib etdikləri aktların bir çoxu əsassız və qanunsuz olub. Hüquqşünasın sözlərinə görə, yoxlamalar zamanı bir qayda olaraq, sahibkarın fəaliyyətində vergidən yayınma faktı aşkar edilmədən onlara əsassız vergilər hesablanıb: “Çoxlu sayda hazırladığım belə iddia ərizələri saylı Bakı Iqtisadi Inzibati Məhkəməsinə təqdim olunub. Məsələn, 2015-ci ildə bir hüquqi şəxs Rusiyadan Azərbaycana tikinti materialı gətirmişdi. Idxalda da monopoliya olduğundan, rəsmiləşdirmə broker şirkətləri vasitəsilə həyata keçirilmişdi. Vergilər Nazirliyilə həmin broker şirkəti arasında bir münaqişə yarandı, çünki həmin şirkət vergiləri ödəməkdən yayınırdı. Vergilər Nazirliyinin əməkdaşları dəmiryolu stansiyasına gedərək, hüquqi şəxslər tərəfindən idxal rəsmiləşdirməsi aparılmadığı halda, onlara idxal vergisi hesablamışdı. Biz məhkəməyə iddia ərizəsi verəndə Vergilər Nazirliyi qanunsuzluğu etiraf etdi və ona görə də ərizəyə xitam verildi”.
 
Müzəffər Baxışov daha bir fakt kimi, “Qanun” jurnalında əsassız vergi yoxlamalarını yada salaraq, onun siyasi sifariş olduğunu deyir. Bu mübahisələrin bəziləri məhkəmə müstəvisində davam edir. Bir sıra işlərdə hüquqi və fiziki şəxslərə münasibətdə əsassız yoxlamaların aparıldığı, artıq vergilər hesablandığı təsdiqlənib: “Ölkədə normal məhkəmə sistemi olsa, Vergilər Nazirliyinin sahibkarlara hesabladığı artıq vergiləri ləğv etmək mümkündür. Çünki vergi əməkdaşları sahibkarlıq subyektlərində yoxlamalar apararkən vergiləri Vergilər Məcəlləsinin tələblərinə əsasən hesablamırlar. Vergi Məcəlləsinin tələblərinə görə, vergi əməkdaşları verginin sahibkarlar tərəfindən ödənilməli olduğunu sübut etməlidilər. Lakin vergi əməkdaşları heç bir sübuta əsaslanmadan, heç bir sənədə istinad etmədən özlərindən vergi hesablayırlar. Bir daha qeyd edirəm, normal məhkəmə hakimiyyəti və müstəqil hakimlər olsaydı, vəziyyət başqa olardı. Çünki bir çox hallarda bu cür yoxlamalar adi kağız parçasından başqa bir şey olmur. Yoxlama aktlarında vergilərin hesablanmasıyla bağlı heç bir əsaslandırma  yoxdur. Sadəcə, istədikləri rəqəmi akta yazır və sonra da sahibkarlardan vergilərin ödənməsini tələb edirlər. Aşağı instansiya məhkəmələrində bu cür pozuntularla bağlı iddiaları təmin etmək mümkün olsa da, nədənsə, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyası bir çox hallarda Vergilər Nazirliyinin xeyrinə qərar çıxarır”.

Google+ WhatsApp ok.ru