Keçən il havanın çirkliliyi yarım milyon körpənin ölümünə səbəb olub

Keçən il havanın çirkliliyi yarım milyon körpənin ölümünə səbəb olub

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən maliyyələşdirilən müstəqil, qeyri-kommersiya təşkilatı olan “Sağlamlıq Təsirləri İnstitutunun Qlobal Hava 2020” hesabatına görə, keçən il havanın çirklənməsi yarım milyona yaxın körpənin vaxtından əvvəl ölümünə səbəb olub.

 
Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, sözügedən ölüm hadisələrinin çoxu inkişaf etməkdə olan ölkələrdə baş verib.  
 
Sənədləşdirilmiş körpə ölümlərinin təxminən üçdə ikisi, xüsusən, yemək bişirmək üçün kömür, odun və peyin yandırılması nəticəsində daxili havanın çirklənməsi ilə əlaqədardır.
 
"Bu mərhələdə mexanizmin necə işlədiyini tam olaraq bilmirik, ancaq körpələrin böyüməsini və doğuş ağırlığını azaldan bir şey var. Bir çox ölkədə aparılan araşdırmaların arasında epidemioloji bir əlaqə də mövcuddur" – bu fikri hesabatı dərc edən Sağlamlıq Təsirləri İnstitutundan Katherine Valker deyib.  
 
Havadakı zərərli maddələrə məruz qalmaq doğulmamış körpələr üçün də zərərlidir.  
 
Bu, erkən və ya zəif doğuşa səbəb ola bilər. Hər ikisi də yüksək uşaq ölümü nisbətləri ilə əlaqələndirilir. Tibb mütəxəssisləri çirkli havanın yaşlılara və sağlamlıq problemi olanlara illərdir təsirlərini öyrənirlər. Ancaq indi bunun bətindəki körpələrə də təsirini dərk etməyə başlayırlar. Aşağı çəkidə doğulan uşaqlar yoluxma və sətəlcəm xəstəliyinə daha çox meylidirlər. Erkən doğulmuş körpələrin ciyərləri də tam inkişaf etməmiş ola bilər.  
 
Kaliforniya Universiteti epidemiologiya mütəxəssisi Prof. Beate Ritz, Hindistan, Cənub-Şərqi Asiya və Afrikadakı daxili hava çirkliliyinin 19-cu əsrin Londonu kimi olduğunu söyləyib: “Bu, müasir şəhərlərdə gördüyümüz hava çirkliliyi deyil. Bu, Londonda 150 il əvvəl qapalı məkanlarda kömür yanğınları baş verən zaman görülən çirklənmədir. Bağlı hava çirkliliyi qərar qəbul edənlərin gündəmindəki əsas mövzulardan biri deyildi, amma olmalıdır".  
 
Hava çirkliliyinin uşaq ölümlərində daha böyük ziyanlara səbəb olduğunu deyən Ritz, çirklənmənin azaldılmasının sağ qalanlar üçün də əhəmiyyətli olduğunu bildirib: "Bu çirklənmə beyinə və digər orqanlara da zərər verir. Bu, onların həyatda qalmaları üçün kifayət deyil, bütün bu orqanlara təsirinə görə hava çirklənməsini azaltmalıyıq. Evdəki çirklənmənin təsirləri həmişə mövcud olub və insanlar bağlı otaqlarda yemək bişirərkən əsrlər boyu buna fikir verməyiblər. Xüsusilə də qeyd etdiklərimiz evdə daha çox vaxt keçirən qadın və uşaqlar mənfi təsir göstərib.  
 
Ancaq problem indi əhali sıxlığı, nəqliyyat vasitələri və sənayenin yaratdığı açıq hava çirkliliyi ilə daha da artıb. Bu amillər fonunda yüz milyonlarla insanın çirkli havanın olduğu yerdə yaşamaq məcburiyyətində qalır.  
 
Keçən il dünya miqyasında 6.7 milyon ölümün uzun müddət hava çirkliliyinə məruz qalmasından qaynaqlandığı qeyd edilir. Çirkli hava insult, infarkt, diabet, ağciyər xərçəngi və digər xroniki ağciyər xəstəliklərindən ölüm riskini artıran bir amildir.
 

Google+ WhatsApp ok.ru