Keçmiş icra başçısının ittiham olunan qardaşı danışdı

Bakı şəhərində Saleh Əliyev adlı məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan Hümbət Səfərov danışıb.
 
H.Səfərov açıqlamasında deyilənlərin böhtan olduğunu vurğulayıb:
 
“Bunların hamısı şərdir, böhtandır. Heç bir sənəddə Saleh Əliyevin adı, soyadı, heç izi də yoxdur. O adam yalnız onun-bunun üzünə durmaqla iş aparır”.
 
H.Səfərov şadlıq evinin alqı-satqısı məsələsinin həqiqətən baş verdiyini bildirib:
 
“Bəli, şadlıq evi alqı-satqısı olub, amma başqa bir adamla, Famil adlı şəxslə. Şadlıq evi Familin adına keçirilib. Saleh orada sadəcə işçi olub, onun heç bir səlahiyyəti yoxdur. İndi durub nələrəsə iddia irəli sürür.
 
Hazırda tərəfimizdən sənədlər hazırlanır. Onu məhkəməyə verəcəyəm. Etdiyi əməllərə görə məhkəmədə cavab verəcək”.
 
H.Səfərov “bəs həmin şəxs də sizi məhkəməyə verib və sizə qarşı dələduzluq maddəsilə cinayət işi açılıb” sözlərinə “kim nə eşidir yazır. Bu o demək deyil ki, hamısı həqiqətdir. Çox şey deyilir. Ölkəmizdə saytlar da çoxdur, kiminsə ağzını yummaq olmur. Hər halda həqiqət öz yerini tutacaq. Mənə qarşı heç bir cinayət işi açılmayıb”,-deyə bildirib.
 
O, həmçinin Cəbrayılın sabiq başçısı Mahmud Quliyevlə doğma qardaş olduqlarını təsdiq edib:
 
“Qardaşımı danmaq fikrim yoxdur. O vaxtı soyad itməsin deyə, mənim soyadım Səfərov olub. Qeyd edim ki, bu məsələlərdə qardaşımın heç bir aidiyyatı yoxdur. Biz heç danışmırıq”.
 
Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyevin hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci ilin mart ayında həmyerlisi Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyi barədə məlumat yayılıb. (modern.az)
 
***
 
Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşıdır. Bu barədə M.Quliyevin yaxınlarından biri məlumat verib.
 
Məlumata görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.
 
Məlumata görə, Mahmud Quliyevlə Hümbət Səfərov doğma qardaş olsalar da, soyadları fərqlidir.
 
M.Quliyev açıqlamasında qardaşı ilə bağlı şikayətdən xəbərsiz olduğunu deyib: “Hazırda xarici ölkələrdən birində istirahətdəyəm”.
 
S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.
 
Müraciət əsasında Xətai rayon Prokurorluğunda cinayət işi açılıb və işin istintaqı Xətai rayon Polis İdarəsinə tapşırılıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyev martın 3-də imzaladığı sərəncamla Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Akif İsmayıl Səlimov isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. (Report)

Google+ WhatsApp ok.ru