Keçmiş prezidentə 11 il həbs kəsildi

Keçmiş prezidentə 11 il həbs kəsildi

Qırğızıstan məhkəməsi keçmiş prezident Almazbek Atambaev-ə 11 il həbs cəzası kəsib. O, 2013-cü ildə tanınmış kriminal avtoritet Aziz Batukaev-in həbsdən qanunsuz buraxılmasında təqsirli bilinib.
 
Dövlət ittihamçıları keçmiş prezidentə 15 illik həbs cəzası istəmişdilər.
 
63 yaşlı Atambaev günahsız olduğunu deyir. O, ötən il avqustun əvvəlində, tərəfdarlarının təhlükəsizlik əməkdaşları ilə iki günlük qanlı toqquşmasından sonra həbs olunub.
 
2013-cü ildə qəfildən həbsdən buraxılan Batukaev dərhal Rusiyaya gedib. O, bir deputatın, Daxili İşlər Nazirliyinin bir rəsmisinin qətlində və bir sıra digər cinayətlərdə təqsirli bilinib.
 
 Atambaev ötən il avqustun 8-də, tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ikigünlük zorakı qarşıdurmadan sonra polisə təslim olub. O, 3 dəfə rəsmi çağırışa cavab verməmiş, dindirilməyə getməmişdi. Onun saxlanması ilə nəticələnən qarşıdurmada bir yüksək vəzifəli təhlükəsizlik əməkdaşı öldürülüb, 170-dən çox adam yaralanıb.
 
Bu qarşıdurma Atambaev-lə xələfi Sooronbai Jeenbekov arasında hakimiyyət çəkişməsinin pik həddi idi. Prezident seçkisində Jeenbekov-u dəstəkləyən Atambaev-lə onun arasında sonradan ziddiyyətlər ortaya çıxdı, qarşılıqlı ittihamlar səsləndirdilıər.
 
Keçmiş prezident ümumilikdə 13 cinayətdə şübhəli bilinir. Buraya qətlin təşkili, kütləvi iğtişaşların təşkili, evində toqquşmalar zamanı polis əməkdaşlarının girov götürülməsi daxildir.
 
Atambaev-in bir sıra müttəfiqləri korrupsiya ittihamları ilə həbs olunub. /azadliq.org 
 

Google+ WhatsApp ok.ru