Keçmiş siyasi məhbuslar real islahatlara başlanmasına çağırırlar

 Hüquq müdafiəçiləri və keçmiş siyasi məhbuslar – İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli birgə bəyanatda insan hüquqları və demokratiya sahəsində dərin böhrandan  narahatlıq keçirərək  hakimiyyəti tezliklə siyasi tədbirlərin həyata keçirilməsinə çağırıblar.  Bəyanatda deyilir:
 
“Biz sonuncu əfv sərəncamını və məhkəmə qərarları ilə 17 siyasi məhbusun azadlığa buraxılmasını müsbət addım saymaqla yanaşı narahatlıqla vurğulayırıq ki, hazırda ölkədə siyasi baxışlarına və tənqidçi mövqeyinə görə onlarla jurnalist, bloqer, siyasi fəal və dini icmaların təmsilçiləri qanunsuz və sifarişli ittihamlar və məhkəmə qərarları ilə həbsdədirlər. Ölkədəki bütün siyasi məhbusların azadlığa buraxılması barədə yerli və beynəlxalq təşkilatların çağırışlarına həssas yanaşmağın, o cümlədən Avropa Şurası, Avropa İttifaqı və digər qurumların bu mövzu ilə bağlı qətnamələrinin icrasının, təxirə salınmadan siyasi məhbus problemini doğuran səbəblərin aradan qaldırılmasına yönələn sistem islahatlarına başlanmasının vacibliyini hökumətin diqqətinə çatdırırıq.
 
Biz ifadə azadlığı, sərbəst toplaşma və birləşmə hüququ ilə bağlı mövcud durumu ölkəmizin milli maraqları, siyasi perspektivi və demokratik tərəqqisi yönündə ciddi təhlükə hesab edərək  kütləvi informasiya vasitələrinin və jurnalistlərin təqib olunmasını,  vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunların qəbulunu və siyasi partiyalara fəaliyyət imkanlarının təmin olunmamasını ölkə qanunvericiliyinin və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin ciddi pozuntusu kimi qiymətləndiririk və bunu Avropa Şurası, BMT, ATƏT və digər beynəlxalq təşkilatların üzvü olan ölkə üçün qəbulolunmaz hesab edirik.
 
Biz təəssüflə qeyd edirik ki, son bir neçə ildə Azərbaycanın Avropa İttifaqına inteqrasiyası yönündə səylər zəifləyib, ölkənin “Şərq Tərəfdaşlığı” proqramında assosiativ iştirakından imtina edilib və Avropa İttifaqı ilə imzalanması elan olunan strateji tərəfdaşlıq sazişi barədə məlumatlar ictimaiyyətdən gizlədilib. Eyni zamanda  hakimiyyətin təzyiqləri nəticəsində vətəndaş cəmiyyətinin Avropa İttifaqına inteqrasiyası yönündə tərəfsiz bir qurum olan “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunda təmsilçiliyində müstəqil  qrupların və QHT-lərin iştirakı sıxışdırılıb.
 
Biz məhkəmələrin müstəqilliyi sahəsində ciddi problemlərin mövcudluğunu önə çəkərək Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutan vətəndaşlar barəsində bu məhkəmənin qəbul etdiyi qərarlara hörmət bəsləməyə və onların icrası ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq.
 
Biz məhkəmələrin müstəqilliyi sahəsində ciddi problemlərin olması, vəkillik institutunun zəiflədilməsi,  cəzaların əhəmiyyətli şəkildə sərtləşdirilməsi fonunda getdikcə daha çox insanların cəza sisteminin qurbanlarına çevrilməsindən narahatlığımızı bildirərək  geniş amnistiya aktının qəbulu barədə ölkə ictimaiyyətinin, yerli və beynəlxalq təşkilatların çağırışlarına qatılırıq.
 
Biz yuxarıda adıçəkilən istqiqamətlərdə problemlərin həllini vacib sayaraq bu yöndə bütün maraqlı tərəflərlə əməkdaşlığa hazır olduğumuzu və öz keçmiş təcrübəmizə söykənərək siyasi hüquq və azadlıqların, o cümlədən ifadə azadlığı, sərbəst toplaşma və birləşmə, ədalətli mühakimə hüququnun qorunması və təbliğində iştirak edəcəyimizi bəyan edirik.
 
Hesab edirik ki, Azərbaycan xalqının maddi rifahı və tərəqqisi naminə ölkədə etimad yaradan addımlar atılmalı və vətəndaş-dövlət münasibətlərində gərginlik aradan qaldırılmalıdır. Bunun üçün ilk növbədə həbsdə olan bütün siyasi məhbuslar azad edilməli, sərbəst toplaşma, ifadə və birləşmə azadlıqlarını məhdudlaşdıran hüquqi normativ aktlar təkmilləşdirilməli, məhkəmələrin müstəqilliyinin təmin olunmasına yönələn islahatlara başlanmalı və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası prosesindən imtina edilməməli, əksinə, bu, sürətləndirilməlidir. (contact)

Google+ WhatsApp ok.ru