Keyfiyyətsiz dərmanlara açılan yol

Keyfiyyətsiz dərmanlara açılan yol

"Exo" qəzetində "Bakıda və ölkənin regionlarında fərqli dərman qiymətləri" sərlövhəli məqalə oxumaq olar. Yazıda ekspertlərin düşüncələrinə yer verilir.
 
Ekspertlərdən Nəriman Ağayev deyib ki, ölkədə dərmanların qiyməti ilə bağlı ictimai monitorinqlər keçirirlər: "Əsasən qiymətlər eyni olur. Bəzən isə sahibkarlar qiymətləri qaldırır, amma bu, kütləvi deyil".
 
N.Ağayev regionlarda fərqli duruma da toxunub. O vurğulayıb ki, nəqliyyat xərclərinə görə regionlarda qiymətlər bir qədər bahadır. Üstəlik, əyalətlərdə bəzi dərmanlar tapılmır.
 
Yazıda qeyd edilir ki, bəzi dərmanların baha olmasına görə sahibkarlar onları ölkəyə idxal etmək istəmir. Amma əhalinin buna ehtiyacı var: "Qiymət məsələsi həm də manatın məzənnəsinə bağlıdır. Manat bahalaşanda, dərmanın qiyməti düşür, manat ucuzlaşanda, qiymət bahalaşır", - deyə ekspert qeyd edib.
 
Başqa ekspertlər isə qəzetə deyib ki, dərman ticarəti azad bazar tələblərinə cavab vermir. Üstəlik, bəzi dərmanların baha olması üzündən saxta dərman idxalına yol açılır.
 
Müəllif yazır ki, mövcud qiymət artımları dərman bazarının keyfiyyətsiz mallarla doldurulmasını sürətləndirə bilər. /

Google+ WhatsApp ok.ru