KEÇMİŞDƏKİLƏR İBRƏTDİR!

KEÇMİŞDƏKİLƏR İBRƏTDİR!

-- Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün....

İmam Əli (ə) oğlu imam Həsənə (ə) keçmiş ümmətlərdən, onların başına gəlmiş hadisələrdən, haradan qalxıb haraya düşdüklərindən ibrət götürməyi tövsiyə edərək buyurur:

وَأَعْرِضْ عَلَيْهِ أَخْبارَ الْماضِينَ وَ ذَكِّرْهُ بِما أَصابَ مَنْ كانَ قَبْلَكَ مِنَ الاَْوَّليِنَ، وَسِرْ فِى دِيارِهِمْ، وَاعْتَبِرْ آثارَهُمْ، وَانْظُرْ ما فَعَلوُا وَأَيْنَ حَلُّوا وَنَزَلوُا، وَعَمَّنِ انْتَقَلُوا، فَاِنَّكَ تَجِدُهُمْ قَدْ انْتَقَلوُا عَنِ الأَْحِبَّةِ، وَحَلُّوا دارَ الغُرْبَةِ وَكَأَنَّكَ عَنْ قَلِيل قَدْ صِرْتَ كَأَحَدِهِمْ، فَأَصْلِحْ مَثْواكَ، وَلا تَبِعٌ اَخِرَتَكَ بِدُنْياكَ

“Qədimdəkilərin xəbərlərini qəlbinə ərz et, onlardan qabaqkıların başına gələnləri ona xatırlat, diyarlarını seyr et, nişanələrindən ibrət götür, gör nə ediblər, haradan qalxıb, haraya düşüblər, nədən ayrılıb, nədən qəlb döndəriblər?! Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər. Sanki sən də tezliklə onlardan olacaqsan. Elə isə, yerini islah və abad et, axirətini dünyana satma!” (“Nəhcül-bəlağə”, məktub 31.)

Sözsüz ki, keçmişdəkilərin başına gələnlər gələcəkdəkilər üçün bir işıqdır. Yalnız tarixi bilməklə və tarixdən ibrət götürməklə bu işıqdan faydalanmaq olar. İmam Əli (ə) oğlu imam Həsənə (ə) keçmişdə baş verənləri düşünməyi tövsiyə edir. Bir çox şərafətli insanlar nəhayətdə süquta uğramış, pisliyə düçar olmuşlar. Eyni zamanda ilahi hədləri gözləyib, yüksək kamal mərtəbəsinə çatanlar da, Allah dərgahına üz tutub Ona yaxın məqamda yerləşənlər də vardır. İnsan keçmişdəkilərin həyatına nəzər salmaqla müvəffəqiyyətin sirrini aşkarlamalı, xar olma səbəblərini kəşf etməlidir. Hansı işlər səadətə, hansı işlər bədbəxtliyə aparır? Bir sözlə, keçmişdən ibrət götürmək lazımdır. Qurani-Kərim təkrar-təkrar tapşırır:

قُلْ سِيروُا فِى‌الاَْرْضِ فَانْظُروُا كَيْفَ كَانَ عاقِبَةُ الذَّينَ مِنْ قَبْل

“Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün.” (“Rum” surəsi, ayə 42.)

Keçmişdə baş verənləri mütaliə etmək ibrət üçün ən yaxşı yoldur. İncə tarixi faktlar insan ruhuna böyük təsir göstərir. İnsan bu tanışlıq nəticəsində hər şeydən əvvəl dünyanın müvəqqətiliyini anlayır. Qədim soltanlıqlar, saraylar, hökumətlər, şəxsiyyətlər fəna olduğu kimi, biz də fəna olasıyıq. Dünya dayanacaq yeri yox, keçid yeridir. Necə tikilib başa gəldiyi hələ də məlum olmayan Misir ehramlarını (piramidalarını) yada salın. Bu ehramlarda yatan fironlar bir zaman hökm sahibi idilər. Hanı o qüdrətli insanlar? Onlar da başqa ölülər tək səsini çıxarmır. Bütün bu deyilənlər bizim də başımıza gələsidir. Dünyanın sonu ölümdür. Dünya həyatı əbədi, sonsuz deyil. Amma ölümdən sonrakı həyat əbədidir. Həmin həyatda heç nəyə ölüm yoxdur. Məsələn, bu dünyada sadə bir yanıq insanın ölümünə səbəb olur. Amma dünya odundan min dəfələrlə güclü cəhənnəm odu günahkara əzab versə də, heç vaxt onu yox etmir. Allah-Taala buyurur:

كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْناهُم جُلُوداً غَيْرَها لِيَذُوقُوا الْعَذاب

“...Dəriləri yanıb bişdikcə onları yenisi ilə əvəz edəcəyik ki, əzabı həmişə dadsınlar.” (“Nisa” surəsi, ayə 56.)

Bilirik ki, axirət aləmi əbədidir və hər birimiz ona qovuşacağıq. Amma bəzən insan ona səthi yanaşır, dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər haqqında dərindən düşünmür. Sözsüz ki, bu sayaq müşahidə heç vəchlə qəlbə sirayət etmir. İnsan elə baxmalı, elə dinləməlidir ki, bu gedişdə qəlb iştirak etsin. İnsan gördükləri və eşitdikləri barədə düşünməli, həqiqəti dərk etməlidir. Ona görə də, keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyə olunur. İmam Əli (ə) buyurur: “Qədimdəkilərin xəbərlərini qəlbinə ərz et. Diyarlarını seyr et, nişanələrindən ibrət götür. Gör nə ediblər, haradan qalxıb haraya düşüblər...”

Keçmişdən danışan şəhərləri gəzmək, keçmişin qalıqlarından ibrət götürmək tapşırılır. Onların haraya getdiklərini, harada məskən saldıqlarını öyrənmək tövsiyə olunur. Qədim insanların hansı işlər gördüyünü, hansı nəticələr əldə etdiyini, bir ömür zəhmətdən sonra haraya getdiyini, kimlərdən ayrıldığını bilmək lazımdır. Onlar bir an ayrıla bilmədikləri əzizlərindən çox-çox uzaq düşdülər. Həzrət (ə) buyurur: “...Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər.”

Keçmişin nişanələrini gördükdən sonra anlayırsan ki, onlar ən əziz adamlarından ayrılmış, qərib olmuşlar. Axı onlar əvvəllər yalnız dünya əhli ilə ünsiyyətdə olmuş, axirət əhlini tanımamışdılar. Yalnız dünya ilə əlaqədə olduqlarından indi tənhadırlar. Onlar qərib müsafir tək, düşdükləri yerdə heç kimi tanımırlar. Bütün bu səhnələri görüb, dərk etdikdən sonra sual yaranır ki, indi nə etməliyik? Onların aqibətinə düçar olmalı, yoxsa çıxış yolu axtarmalıyıq? Həzrət (ə) qaçılmaz aqibət barədə xəbərdarlıq edir: “Sanki sən də tezliklə onlardan olacaqsan. Elə isə, yerini islah və abad et, axirətini dünyaya satma.”

İmam Əli (ə) keçmişdəkilərin aqibətini öyrənməyimizi tapşırır. Olsun ki, bu tövsiyənin nəticəsində dünyanın ötəriliyini, ölümün labüdlüyünü dərk etməliyik. Beləcə, insan bütün diqqətini yola yox, məqsədə yönəltməlidir. Ona görə də keçid yerini yox, mənzili abad etmək tapşırılır. İnsan bu dünyada müsafir kimidir. Dünya keçid, axirət isə mənzildir. “Axirətini dünyaya satma.” Qəlbin abadlaşdırılması göstərişini alan adama sanki yol göstərilir ki, bu iş göz və qulaq vasitəsilə yerinə yetirilməlidir. Çünki qəlbə təsir göstərən gözün gördüyü və qulağın eşitdiyidir. Göz faydalı səhnələr görsə, qulaq faydalı sözlər eşitsə, qəlb də abad olar. İbrətamiz səhnələrin müşahidəsi, ibrətamiz sözlər dinləmək qəlbi islah edir. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.81-90.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru