Kiçik göllər ətrafında böyük çəkişmə...

Kiçik göllər ətrafında böyük çəkişmə...

-- Şikayətçilər polis, prokurorluq, məhkəmə orqanlarında da ifadə veriblər

İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakini illərdir kiçik göllərə görə şikayətçidir. Üzləşdikləri problemlə bağlı dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına yazılı müraciət ediblər.
 
Şikayətçilər polis, prokurorluq, məhkəmə orqanlarında da ifadə veriblər. Nazirlər, komitə rəhbərləri, başqa vəzifəli şəxslər də onları qəbul edərək dinləyib. İki il əvvəl mübahisə məhkəmə müstəvisinə çıxıb. Amma əhalinin ümumi istifadəsində olan ərazidə yaradılmış balıq gölləri ilə bağlı çəkişmə hələ də davam edir.
 
Bu barədə AzadlıqRadiosuna yerli sakinlər özləri məlumat verib. Onların deməsinə görə, kənd camaatının mal-qara otardığı örüş sahəsində 2005-ci ildən başlayaraq süni göllər yaradılıb.
 
«Göllər kəndi batıracaq»
Xoşçobanlı kəndinin sakini Vüqar Bağırov deyir: «Balıq yetişdirilən göllər ümumilikdə 40 hektar sahəni əhatə edir. İşbazlar kənarlarına möhkəm bənd vurmaqla orada suyun səviyyəsini yer səthindən 1 metrdən çox yüksəyə qaldırıblar. Nəticədə ətraf ərazilər də daim zinə sularının zərərli təsirinə məruz qalır. Nə əkdiyimizdən yaxşı məhsul götürə bilirik, nə də mal-qaramızı otarmağa yer tapırıq. Torpaqlarımızda şoranlaşma gedir. Bu göllər kəndi batıracaq».
 
V.Bağırov onu da əlavə edir ki, göl yaradılan torpaq sahəsini yerli bələdiyyə icarə müqaviləsi ilə verib: «Bələdiyyə yalnız torpağı icarəyə verə bilərdi. Amma həmin torpağın təyinatının dəyişdirilməsi, burada balıqçılıq təsərrüfatının yaradılması müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalı və Dövlət Ekspertiza İdarəsindən müsbət rəy alınmalı idi. Bunların heç biri edilməyib».
 
Kənd sakini Elmik Alışov: «Göllər ətrafında «Xəki qəbiristanlığı» yerləşir. Dörd kəndə baxır. Elə bu göl sahiblərinin vəfat etmiş yaxınları da həmin qəbiristanlıqda dəfn edilib. Dəfələrlə qəbir qazılanda su çıxıb. Deyirik, heç olmasa, bunu nəzərə alaraq göllərinizi ləğv edin».
 
Təhqiqat və araşdırmalar
Şikayətçilərin bildirməsinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi örüş sahəsində göl yaradılmasını qanunazidd hesab edib. Onların deməsinə görə, Agentliyin direktoru Mohuma Heraçiyev bildirib ki, göl sahibləri barəsində inzibati tənbeh tədbiri görülüb.
 
Eyni vaxtda, Baş Prokurorluğun göstərişi əsasında İmişli Rayon Prokurorluğunun da «özbaşına» göl yaradılması məsələsini araşdırdığı bildirilir.
 
Sakin Əmralı Əmirov bu araşdırmaların fayda vermədiyini söyləyir: «Ümumiyyətlə, heç bir dövlət orqanının bu göllərlə bağlı başlatdığı araşdırma bir yerə çıxmayıb. Kim bu gölə yaxın gedirsə, sanki balıqla əllərini, ağızlarını bağlayırlar».
 
Göllərlə bağlı bir neçə məhkəmə qurulub
Yerli sakinlərin həmçinin deməsinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi idarəsi göl sahiblərinə icrası məcburi olan göstərişlər verib. Hətta, tələb təmin edilmədiyindən məhkəmədə iddia qaldırıldığı açıqlanıb. Şikayətçilərin deməsinə görə, bu barədə nazirliyin Ətraf Mühitin Mühafizə Departamentindən məlumat verilib.
 
Sakinlər bildirir ki, İmişli Rayon Məhkəməsində (hakim Akşin Əfəndiyev) də istəkləri gerçəkləşməyib. Onların vurğulamasına görə, məhkəmə hesab edib ki, dövlət orqanının cavabdehlərə qarşı qanunsuz olaraq yaradılmış süni göllərin doldurularaq torpağın əvvəlki vəziyyətə gətirilməsinə dair iddiası əsassızdır.
 
Şikayətçilərin bildirməsinə görə, qətnamədə qeyd olunub ki, bələdiyyə ilə icarədarlar arasında bağlanılmış icarə müqaviləsi ləğv edilmədən bu tələb irəli sürülə bilməz.
 
«İstifadə etdiyimiz yer əvvəldən təbii göl olub»
Xoşçobanlı bələdiyyəsinin üzvü Rasim Nağıyev isə iddia və şikayətləri əsassız hesab edir: «Ərazi lap elə əvvəldən təbii göl olub. Balıqçılıq məqsədilə sonradan istifadə edilib. İstifadəçilər elə kəndin adamıdır, başqa yerdən gəlməyiblər. Orada mənim qardaşımın və oğlumun da gölü var. Şikayətçilərə yaxın olan adamların da gölü var, hazırda istifadə olunmur. Balıq saxlamağı bacarmadıqlarından bizə paxıllıq edir, böhtan atırlar. Qəbiristanlığa yaxın olan ərazidə üç göl ləğv edilib, ora heç bir təsir yoxdur. Kəndin torpaqayırma xəritəsi olmadığından biz bu fəaliyyət üçün lazımi sənədləri əldə edə bilmirik. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu işi yaxın zamanda həll edəcək. Amma həm icarə, həm də sudan istifadə haqqı vaxtında ödənir».
 
«Məhkəmə balığa bizdən artıq dəyər verib»
Sakinlərin deməsinə görə, illər öncə icra orqanları göllərin ləğvindən ötrü onlara su verilməsinin dayandırıb. Amma icarədarlar məhkəmədə yerli Suvarma Sistemləri İdarəsini balıqçılıq təsərrüfatlarını suvarma suyu ilə təchiz etməyə məcbur edən qərar çıxarılmasına nail olublar. Məhkəmə hesab edib ki, heç bir halda canlıların məhvinə yol verilə bilməz.
 
Xoşçobanlı kəndinin sakini Ə.Əmirovu da yandıran budur: «Deyəsən, məhkəmə balığı canlı hesab edir, bizi, mal-qaramızı yox. Ya da müqayisədə balığı insandan və digər canlılardan qiymətli bilir...».(azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru