İki min işçinin 4 aylıq maaşı verilməyəcək?

Bu il fevralın 5-də Prezidentin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmuş, hazırda da fəaliyyət göstərən  4 təşkilatın əməkdaşları iki aydır əmək haqqı ala bilmir. 
 
Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Bakı Kartoqrafiya Fabrikinin işçiləri yaranmış durumdan şikayətçidirlər. Onlar Ləğvetmə Komissiyasının tabeliyində bu günədək işləyirlər.
 
Əmək haqqının verilməməsinin səbəbi ilə maraqlananda onlara bildirilib ki, Maliyyə Nazirliyi bu təşkilatın işçiləri üçün dövlət büdcəsindən ayrılmış vəsaiti hesaba köçürmür. Həmin 4 struktur vahidində ümumilikdə 2000 nəfərə yaxın işçi çalışır. 
 
"Bu işçilərin ailəsini nəzərə alsaq, bu rəqəm ən az iki dəfə artacaq. Qida almaq və  kommunal xidmətləri ödəmək üçün pul lazımdır. Hələ xeyir-şər işlərini demirəm. Bazarda qiymətlər qalxıb. Banklara külli miqdarda borcumuz var. Qohum-əqrabadan, dost-tanışdan borc alıb, banklardan götürdüyümüz krediti veririk. Amma biz nə vaxta qədər borc alıb kredit verə bilərik? 
Bu ilin fevral və mart aylarından əmək haqqımızı ala bilmirik.  Düşünürdük ki, banklardan kreditlər götürüb sosial vəziyyətimizi yaxşılaşdıraq, bir sıra problemlərimizi həll edək. Amma vəziyyət daha da ağırlaşdı",-deyə Monitorinqi Elm-İstehsalat Mərkəzinin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi.
 
Şikayətçinin sözlərinə görə, aprel ayının 5-nə qədər həmin 4 struktur Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Sərhəd Xidməti arasında bölüşdürülməklə onların nəzdinə verilməsi nəzərdə tutulub. Bu bölgü üçün Ləğvetmə Komissiyasına iki ay müddət qoyulsa da, qurum strukturların bölüşdürülməsini hələ də həyata keçirməyib.
Məsələ ilə bağlı olaraq ötən həftə Maliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərilib. Sorğuya cavab olaraq bildirilib ki, dövlət büdcəsindən maliyyələşmə əməliyyatları büdcə təşkilatlarının (vəsait sərəncamçılarının) verdiyi sifarişlər əsasında həyata keçirilir: "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar yaradılmış Ləğvetmə Komissiyasının sifarişi əsasında, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində, Dövlət Aerogeodeziya Müəssisəsində və Bakı Kartoqrafiya Fabrikində çalışan işçilərin fevral və mart aylarında əmək haqlarının maliyyələşdirilməsi təmin edilib.
 
Qeyd olunan müəssisələrdə çalışan işçilərin cari ilin aprel və may ayları üzrə əmək haqlarının, sosial ödənişlərinin və digər xərclərinin maliyyələşdirilməsi ilə əlaqədar sifarişlər müvafiq vəsait sərəncamçısı tərəfindən Maliyyə Nazirliyinin Xəzinədarlıq orqanlarına təqdim olunmadığına görə maliyyələşmə əməliyyatları aparılmır".(Bizim Yol)

Google+ WhatsApp ok.ru