İki mömini barışdıran yalanın əhəmiyyəti

İki mömini barışdıran yalanın əhəmiyyəti

Möminlər arasında rabitələrin islahı İslamın ən vacib göstərişlərindəndir və hətta iki möminin rabitəni kəsib bir-birindən küsməsi üç gündən artıq davam edə bilməz. Əgər dördüncü gün möminlər barışmasa, onların namazları (mənən) qəbul deyil. Barışmaq üçün ilkin addım atan mömin çox böyük savab qazanır. Həmin üç gün ərzində bu iki mömini barışdırmaq başqalarına vacibdir. Küsülülük müddəti artdıqca, başqa möminlərin də vəzifəsi ağırlaşır. Onlar, hətta yalan vasitəsi ilə möminləri barışdıra bilərlər. Hansı ki, yalan İslamda böyük günahlardan sayılır və rəvayətlərə əsasən, bir çox başqa günahların açarıdır. Rəvayətdə bildirilir:

جُعِلَتِ الخَبائِثُ فِي بَيْت وَجُعِلَ مِفْتَاحُهُ الْكِذْبَ

“Pisliklər bir evdə qərar verilmişsə, onun açarı yalandır.”[1]

Amma iki mömin arasındakı kin-küdurəti aradan qaldırmaq o qədər əhəmiyyətlidir ki, onları barışdırmaq üçün yalan danışmaq hətta müstəhəb sayılır.

Əgər görsək ki, bir şəxs öz iman qardaşından onun arxasınca danışdığı üçün gileylənir, yalandan istifadə edə bilərik. Deyərik ki, həmin şəxs sənin haqqında çox xoş sözlər deyir. Qarşı tərəf  təəccüblənsə də, biz dediklərimizi təsdiqləyib, onun yanıldığını bildirməliyik.

Belə bir yalanın savabı istənilən bir doğru sözdən çoxdur. Çünki bu yalan iki mömini barışdırır, onlar arasındakı kin-küdurəti aradan qaldırır. Bəli, məhz bu məqamda yalan vasitəsi ilə iki mömini barışdırmaq tövsiyə olunur.

Bəs nə üçün başqa məqamlarda şiddətlə məzəmmət olunan yalana bu məqamda yol açılır? Çünki ictimai rabitələr qırılsa, insanların nə maddi, nə də mənəvi ehtiyacları ödənər!

Soruşula bilər ki, iki şəxs bir-birindən küssə, dünya dağılmaz ki? Biz onlara xatir nə üçün ən böyük günaha əl atmalıyıq? Cavab budur ki, əgər möminlər arasında küsülülük davam etsə, günbəgün öz çərçivəsini genişləndirər, nəhayətdə ictimai rabitələr sarsılar. Bu səbəbdən də küsülülüyün qarşısı ilk addımda alınmalıdır. Rabitələrin möhkəmləndirilməsi üçün təsirli tədbirlərdən biri budur ki, insan özü ətrafdakılara bədgümanlıqdan çəkinsin. Rəvayətlərdə oxuyuruq:

ضَعْ اَمْرَ اَخيكَ عَلى اَحْسَنِهِ

“Qardaşının işini ən yaxşı şəkildə yoz.”[2]

Əgər mömin qardaşının hansısa işi sənə xəta kimi görünürsə, səbir et, bunu yaxşılığa yoz. Düşün ki, onun məqsədi başqa olub. Mümkündür ki, sizin nəzərinizə xəta kimi görünən işi həmin şəxs xeyir məqsədlə yerinə yetirmişdir. Hər halda, mömin qardaşının ittihamına çalışma. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.147-149.)

Maide.az

 



[1] "Biharul-ənvar", c.72, s.263, rəvayət 46, bab 114.

[2] "Biharul-ənvar", c.74, s.186, rəvayət 7, bab 12.

 

Google+ WhatsApp ok.ru