`İkinci çörək` istehsalı azalır

`İkinci çörək` istehsalı azalır

-- Azərbaycan «ikinci çörək» adlandırılan kartof istehsalında da geriləyir

Azadliq.info saytında «Kartof istehlakında da sonuncu yerdəyik» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda başlığa çıxarılan mövzu ilə bağlı ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verilib.
 
V.Məhərrəmli deyib ki, hökumət «ikinci çörək» adlandırılan kartof istehsalında da geriləməyə yol verib. Azərbaycan özünün kartofa olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir:
 
«Xatırladım ki, son 5 ildə ölkəyə kartof idxalı fiziki çəkidə 2.7 dəfə, dəyər ifadəsində isə 6.4 dəfə artıb. Belə ki, 2011-ci ildə ölkəyə 5.2 milyon dollar dəyərində 67.4 min ton kartof idxal olunmuşdusa, 2016-cı ildə 33.7 milyon dollar dəyərində 182.9 min ton kartof idxal olunub. Bu müddət ərzində kartof ixracı kəskin şəkildə azalıb».
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən ekspert deyib ki, 2011-ci ildə Azərbaycan 91.7 min ton kartof ixrac edib. 2016-cı ildə bu göstərici 2.7 dəfə azalaraq 38.2 min ton təşkil edib.
 
V.Məhərrəmli vurğulayıb ki, 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib. Onun bildirməsinə görə, 2016-cı ilə nisbətən 2017-ci ildə kartof əkilmiş sahələr 2 min hektar azaldılıb.
 
Ekspert hesab edir ki, artıq ölkənin kartofçuluq sahəsində də idxaldan asılı vəziyyətdə düşdüyünü söyləmək olar:
 
«İstehlakçılara təklif olunan kartof, əsasən, Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən gətirilir. Adambaşına kartof istehlakına görə Azərbaycan hətta MDB ölkələri sırasında axırıncı yeri tutur».
 
V.Məhərrəmli deyib ki, MDB ölkələrinin əksəriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə inkişaf edir.
 
Ekspert vurğulayıb ki, adambaşına kartof istehlak norması 124 kiloqramdır. Azərbaycan əhalisi isə adambaşına ancaq 94 kiloqram kartof istehlak edir.(azadliq)
 

Google+ WhatsApp ok.ru