Köçkünlər yenə ‘Qaçqınkom’un qarşısına toplaşıb

Köçkünlər yenə ‘Qaçqınkom’un qarşısına toplaşıb

-- narazı məcburi köçkünlər əsasən, iki problemi...

Bakıda məskunlaşan məcburi köçkünlərdən 50 nəfərə yaxın şəxs iyulun 3-də Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin binası qarşısında toplaşıb.
 
Maide.Az "azadlıq.org"a istinadən xəbər veri rki, narazı məcburi köçkünlər əsasən, iki problemi dilə gətiriblər.
 
“Bir tərəfdən müavinətlərimiz verilmir, digər tərəfdən bəzi məcburi köçkün və qaçqınlara ev verilsə də bizlərə ev verilmir. Hər iki məsələ ilə bağlı problemin həllini tapmamasının səbəbləri bizə aydın deyil”, komitə önünə toplaşan şəxslər belə deyiblər.
 
Məcburi köçkünlər komitə rəhbərliyi ilə görüşmək istəsələr də hələlik, buna nail ola bilməyiblər.
 
“Gah deyirlər ki, üçüncü gün gəlin, gah deyirlər ki, başqa vaxt gəlin. İndi də bir neçə saatdır buradayıq, hələ ki, qəbul edən yoxdur”, məcburi köçkünlər deyiblər.
 
Onlar güman edir ki, bir-iki nəfəri qəbul edərək, qalanlarına “qəbul vaxtı qurtardı” deyəcəklər və problemləri yenə də həllini tapmayacaq.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərin narazılığı ilə bağlı danışmaq mümkün olmayıb.
 
Ancaq komitənin saytı xəbər verir ki, məcburi köçkünlərin durumu qurumun diqqətindədir. Bu məqsədlə iyunun 27-də qurumun sədri Rövşən Rzayev bir qrup məcburi köçkünü qəbul edib.
 
Həmin görüşdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status, məskunlaşma, kommunal xidmətlər, məşğulluq və sairə məsələlər müzakirə edilib.
 
Qeyd edək ki, bir qrup məcburi köçkün mayın 15-də də Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşmışdı. Müxtəlif bölgələrdən olan bu insanların bəziləri evsizlikdən, bəziləri «çörəkpulu»nun kəsilməsinə, bəziləri isə müavinətlərin dondurulması məsələlərindən şikayətlənirdilər.
 

Google+ WhatsApp ok.ru