Kölgə iqtisadiyyatı

Kölgə iqtisadiyyatı

"Exo" qəzetində "Nağdsız hesablaşma Azərbaycanda kölgə iqtisadiyyatına qarşı" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda ölkədə kölgə iqtisadiyyatının həcmi ekspertlərlə müzakirə edilir.
 
Ekspertlər qeyd ediblər ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 30 faizə qədəri kölgə iqtisadiyyatının payına düşür.
 
İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, kölgə iqtisadiyyatı ilə səmərəli mübarizə üsullarından biri nağdsız hesablaşmalara keçməkdir: "Bu sahədə müəyyən irəliləyiş var, amma xüsusi uğurlardan danışmaq çox tezdir. Bu sahəyə keçid yeni başlayıb".
 
Bank eksperti Əkrəm Həsənov isə deyib ki, nağdsız hesablaşmaya keçmək kölgə iqtisadiyyatının həcmini azaltmağa gətirib çıxarar. Amma burada daim təhlükələr var: "Belə ki, kölgə iqtisadiyyatı dövlətin ona yaratdığı çətinliklərdən çıxış yolu tapa biləcək. İş adamları firmalarını daha kiçik firmalara bölməklə bundan qaçmaq istəyəcəklər".
 
Ə.Həsənov deyib ki, bu ilin əvvəlindən qeydə alınan hüquqi şəxslərin sayı kəskin artıb. Bu da, onun deməsinə görə, iş adamlarının şirkətlərini daha kiçik firmalara bölərək, nağdsız hesablaşmalardan qaçdığı anlamına gəlir.
 
Ekspertə görə, nağdsız hesablaşmaya uğurlu keçiddən ötrü hüquqi və fiziki şəxslərin maliyyə institutlarına etimadını bərpa etmək lazımdır. Digər tərəfdən bu hesablaşmaya stimul verməlidir: "Bu stimullardan biri ƏDV-nin 18 faizdən 10 faizə endirilməsi ola bilər. Amma büdcə daxilolmalarının böyük bir hissəsini ƏDV ödəmələri təşkil etdiyindən, bunun ediləcəyi inandırıcı görünmür". /

Google+ WhatsApp ok.ru